Təhsil

Əlövsət Osmanlı: “Dərsliklər niyə düzəlmir?”

Adın çəkilməsindən ehtiyat edən müsahibimiz 6 yaşlı oğlunun bu il 1-ci sinifdə təhsil almağa başladığını deyir. O, bildirir ki, övladı hər gün səhər saat 9-dan 12-yə kimi dərsdə olur. Dərsdən sonra isə oğlu məktəbdə saat 3-ə qədər əlavə müəllim yanında dərs hazırlığına gedir. Müsahibin sözlərinə görə  bu əlavə hazırlıq ona  hər ay 70 manata başa gəlir və o, dərslərin həddən artıq ağır olduğuna görə övladını əlavə müəllimlə hazırlaşdırmağa məcburdur.

–      Kitabın hardasa 10-12 səhifəsi, söhbət riyaziyyatdan iş dəftərindən gedir. Quş şəkilləri veriblər burda neçə quş var? Bu quşları sözlə yox quşun şəkilini çəkmək lazımdır. A hərfini güclə yaza bilən bir uşaq quş şəkili necə çəksin? Yəni bu uşağın intelektual səviyyəsi və yaxud da rəsm çəkmək qabiliyyəti nə səviyyədə olmalıdır ki, o, sağa-sola uçan quşu  çəkə bilsin?

37 yaşlı Lalə Qasımovanın uşaqları isə Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbdə 1-ci və 3-cü siniflərdə təhsil alırlar. Lalə xanım işlədiyi üçün uşaqların dərsləri  ilə maraqlana bilmədiyini, buna görə də onları əlavə hazırlığa qoymağa məcbur olduğunu deyir. Onun isə övladlarının hazırlığına 140 manat xərci çıxır.

Lalə Qasımova:

–      1-ci sinifdə test keçirlər. Bu uşaq hərf keçmiyib heçnə bilmir amma bunlara isim, sifət, say keçirlər. Yəni bunları kubiklərlə başa salmaq lazımdır. Onları əslində 3-cü sinifdə keçməlidirlər amma bunlar indi keçirlər. Birtəhər başa salırıq məcburuq amma hazırlıqsız alınmır heç cür.

2012-ci ildən prezident İlham Əliyevin fərmanına uyğun olaraq 1-ci və 5-ci sinif şagirdlərin dərslikləri dəyişdirilib. Təhsil Nazirinin müavini Qulu Novruzovun ilin əvvəlində mediaya verdiyi açıqlamaya görə, yeni kurrikulum əsasında yenidən çap olunmuş 1-ci sinif dərslikləri məzmun və keyfiyyət  baxımından tamamilə yenilənib. Amma ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı isə bu fikirdə deyil. O deyir ki, 1-ci sinifin riyaziyyat dərsliyində elə materiallar var ki onlar heç kurrikulmda öz əksini tapmayıb, kurrikulmda olan bəzi materiallar isə kitabda yoxdur.

Əlövsət Osmanlı:

–      Siz təsəvvür edin bu materiallar kitablara düzgün daxil olunmayıb. Materialların özləri çox biabırçı formada daxil olunubdur. Niyə valideyn ən azı 70 manat verməlidir 1-ci sinifdən uşağına? 70 manatı o asanlıqla qazanmayıb ki, apara verə müəllimə. Yəni bu dərsliklərdə olan naqisliklərdən irəli gələn problemlərdir.

Ekspert bildirir ki, dərsliklərin yeni kurrikulum əsasında hazırlanmasına baxmayaraq müəllifləri dəyişdirilməyib.

Əlövsət Osmanlı:

–      Əvvəllər deyirdilər ki, bu bizim ilkin təcrübəmizdir. Ona görə də müəyyən nöqsanların olması istisna deyil. İndi isə artıq 5-ci ildir. Bəs indi niyə düzəlmir bu dərsliklər? İndiki 1-ci sinif dərsliyini yazan insanlar 5 il bundan əvvəlki dərslik yazan adamlardır. Cəmi 1 nəfər əlavə olunub. Təhsil proqramı dəyişməyibdir, müəlliflər dəyişməyibdir, amma dərsliklər artıq əvvəlkindən fərqli formadadır.

Prezidenti İlham Əliyevin fərmanına görə 2012-ci ildən dərsliklərin monitorinqi Təhsil Nazirliyindən alınaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə radiomuza müsahibəsində dərsliklərin monitorinq prosesinin yeni başlamasına baxmayaraq şəffaf keçirildiyini və bu barədə  Əsasnamə hazırlandığını qeyd etsə də,  hələlik nəticələr barədə danışmaq üçün tez olduğunu bildirib.

Elnur Nağızadə:

–     Yox, bu hələ ki, indi başlayıbdır ona görə də bu barədə nəsə demək çətindir. Ümumiyətlə mən demək istəyirəm ki, Tələbə Qəbulu üzrə  Dövlət Komisiyası hərhalda qısa müddətdə çalışacaq ki, dərsliklərdə olan yanlışlıqlar aradan qaldırılsın və təkrar nəşrlərdə həmin yanlışlıqların olmaması təmin olunacaq.

Elnur bəyin sözlərinə görə monitorinq nəticəsində aşkarlanan nöqsanlar yaxın vaxtlarda öz həllini tapacaq. Ancaq ekspert Əlövsət Osmanlı deyir ki, monitorinqə kitablar çap olunandan sonra yox, daha əvvəl, yəni hazırlıq prosesində başlamaq lazım idi.

Əlövsət Osmanlı:

–          TQDK bu gün hələ o monitorinq qrupunu təzə formalaşdırır. Artıq bu dərsliklər təzə çap olunubdur. TQDK-nın bundan sonra görəcəyi işlər hesab edin ki, gedən qatarın arxasından qaçmaq kimi bir şeydir. 

Aysel Səlimli

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.