Aktual

Əyləncə mərkəzi çayxana olan gənclik

Əli Mirzəliyev tələbədir. 21 yaşı var. O, Sumqayıtda gənclərin dincələ biləcəyi yerlərin olmadığını, bəzi yerlərinsə, yalnız bir qrup gənc üçün uyğun olduğunu düşünür. Əli Sumqayıtda da Bakıda olan istirahət və əyləncə mərkəzləri kimi obyektlərin tikilməsini istəyir.

Mövzu ilə əlaqədar Sumqayıtda yaşayan digər gənclərin də fikirlərini öyrənirik.

Elvin Fərəcov:

– Əyləncə yerlərimiz ancaq tapdığımız çayxanalardır. Bir stəkan çay içirik qayıdırıq. Bu da öz aləmimizdə oldu ki, əylənirik. Çox vaxt Bakıya gedirik.

Bəsti Səfixanlı:

– Əsasən qapalı məkan olmalıdır. Yaş məhdudiyyəti qoyardım. Bundan başqa istərdim orada boulinq olsun, stolüstü tennis olsun, yorulanda oturub dincəlməyə istirahət yeri olsun.

Cavid Həsənov:

– Mən oğlan olduğum üçün mənim üçün Sumqayıtda məhdud yerlərdən istifadə etmək rahatdır. Daha çox dostlarımla Bakıya gəlirəm. Boulinq oynamağa gedirik, kinolara gedirik, mühazirələrə gedirik.

Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin rəhbəri Musa Həsənov da belə bir problemin mövcud olduğunu təsdiqləyir.  Onun sözlərinə görə, dövlət proqramına əsasən, tikiləcək gənclər evində müxtəlif görüşlər üçün geniş zal, istirahət otağı, hətta ailəli gənclərin uşaqlarının oynaya biləcəyi yer də nəzərdə tutulub:

Musa Həsənov:                           

–  Gənclərin asudə vaxtını təşkil etmək üçün gənclər mərkəzi yoxdur. “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramında artıq bu məsələ də öz həllini tapıb. Bölgələrdə gənclər evi tikilir və Sumqayıt gəncləri də buna layiqdir. Hal-hazırda yer axtarılır.  Fikirləşirik ki, orada tam müasir tələblərə cavab verən gənclər evi olsun.

2011-ci ilin sentyabr ayında Sumqayıtda fəal gənc Eyvaz Qocayevin təşəbbüsü ilə gənclər evi açılır.

Eyvaz Qocayev:

– 1 il öncə biz düşündük ki, Sumqayıtda belə bir mərkəz açmağa ehtiyac var Fərdi İnkişaf və Karyera Mərkəzi və sentyabr ayında belə bir mərkəz açdıq. Təəssüflər olsun ki, gənclərin bu istiqamətdə maraqlarını hiss etmədik. Mərkəz üç ay fəaliyyət göstərdi.  Üç ay ərzində müxtəlif tədbirlər, layihələr həyata keçirdik. Bir müddətdən sonra vəsaitlər tələb olunduğuna görə,  fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıq.

Natiqlik bacarıqlarının artırılması üzrə təlimçi Talıb Bayramov hesab edir ki, bu məsələdə gənclər daha fəal olmalıdırlar və onlarda əyləncə mədəniyyəti formalaşmalıdır.

Talıb Bayramov:

– Bizdə əylənmək və istirahət etmək mədəniyyəti hələ formalaşmayıb. İlk növbədə bu mədəniyyəti formalaşdırmaq lazımdır. İkinci məsələ tələbatın olmamasıdır.  İş adamlarının tələbatı görməyib, sərmayə yatırmamasıdır. Gənclər Mərkəzində sadəcə əylənmək yox, həmçinin öyrənmək olmalıdır. Deyək ki,  tennis kortları, boulinq, bilyard zalları ola bilər, amma bu bizim düşüncəmizin standartlarında yox, elə mərkəz olmalıdır ki, orda xanımlar  və oğlanlar istirahət etməyi bacarmalıdırlar.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Orxan Ərəbov isə bu mövzuda istənilən yaradıcı təklifə açıq olduqlarını deyir.

 Orxan Ərəbov:

– Azərbaycan Gənclər Təşkilatları Milli Şurası olaraq, 2012-ci ildə də böyük layihələr həyata keçirməyi nəzərdə tutmuşuq. Dediyiniz gənclər evi də həmin layihələrin tərkib hissəsidir. Artıq bir sıra rayonlarımızda bizim gənclər evlərimiz var. Gənclərin özləri gəlib orada iştirak etmək üçün təşəbbüs göstərməlidirlər. Yerlərdə gənclər özləri təklif etməlidirlər ki, biz istəyirik ki, filan şey olsun. Real, kreativ, innovativ təklifləri varsa, Gənclər Təşkilatları Milli Şurası daim onları dinləməyə hazırdır.

Azərbaycan Respublikasının prezidentinin təsdiq etdiyi “Azərbaycan gəncləri 2011-2015-ci illər” Dövlət Proqramının əsas vəzifələrindən biri gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılmasıdır.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.