İqtisadiyyat, ZZ-Manşet

2015-ci il üzrə dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılıb

milli-meclis25Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri  2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəyə çıxarıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi Azərbaycanın inkişaf strategiyasına uyğun hazırlanıb.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37  mln. manat və yaxud 5,2% artıqdır.

Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 112 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1 590 mln. manat daxilolma proqnozlaşdırılır.

Layihədə dövlət büdcəsinin kəsiri 1 mlrd. 662 mln. manat nəzərdə tutulur.

2015-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 1 mlrd. 662 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 17,0 mln. manat və ya 1%faiz azdır. Dövlət  büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək. 2015-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,8% təşkil edəcək.

2015-ci il icmal büdcəsinin gəlirləri 20 mlrd. 716,8 mln. manat,  xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Layihədə qeyd olunur ki, 2014-cü illə müqayisədə  icmal büdcənin gəlirləri 1 mlrd. 269,1 mln. manat və ya 5,8% az, xərcləri isə 1 mld. 467,1 mln. manat və ya 6% çox nəzərdə tutulub.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 366,7 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 16,2 mln. manat və ya 4,6%, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 24,0 mln. manat və ya 7% çoxdur. Xərclər isə 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 35,7 mln. manat və ya 10,8% çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 3 mlrd. 56,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə  468 mln. manat və ya 18,1% çoxdur.

ARDNF-in 2015-ci il büdcəsinin xərcləri 12 mlrd. 304,8 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 1 mlrd. 13  mln. manat və ya 9% çoxdur.

2015-ci ilin icmal büdcəsinin kəsiri 5 mlrd. 194,1 mln. manatdır. Kəsirin ÜDM-də xüsusi çəkisi 8,7% təşkil edir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.