Müsahibə, Z-Manset

“Abxaziyada iqtidar və müxalifət eyni mövqedədir”

Foto: ria.ru
Foto: ria.ru

Abxaziyalı jurnalist: “Son illər çox şey yaxşılığa doğru dəyişib, müxalifəti isə bu qane etmədi”

Beynəlxalq aləmin müstəqil dövlət kimi tanımadığı Abxaziyada siyasi böhran nəticəsində prezident və baş nazir istefa verib. Artıq növbədənkənar seçkilərin tarixi də müəyyənləşib. Abxaziyada yaşayan və fəaliyyət göstərən jurnalistlə burada baş verən proseslər və onun ətrafında cərəyan edən hadisələrlə bağlı müsahibə götürdük. Müsahibimiz ilk olaraq adının yazılmasına və fotosunun təqdim olunmasına etiraz etməsə də, müsahibəni saytda yerləşdirməyə bir qədər qalmış şəxsi təhlükəsizliyinə görə adının gizlin saxlanılmasını istədi. Biz də jurnalistika etikasının tələblərini rəhbər tutaraq onun istəyinə əməl edirik. Hesab edirik ki, bu şəxsin açıqlamaları oxucular üçün maraqlı olacaq.

Aleksandr Ankvabın istefasından sonra Abxaziyada hadisələr necə cərəyan edəcək, hakimiyyətə kim gələcək, şansları necə qiymətləndirirsiniz?

İlk növbədə Abxaziyada avqustun 24-də seçkilər keçiriləcək. Əminəm ki, yay fəsli təkcə sözün əsl mənasında isti olmayacaq. Kimin hakimiyyətə gələcəyi ilə bağlı fikir yürütmək hələ ki, mümkün deyil. Məsələ bundan ibarətdir ki, insanların istəkləri nəzərə alınmalıdır. Adi insanlar stabillik, qanunun aliliyinin təmin olunmasını, hökumət strukturlarında korrupsiya hallarının yığışdırılmasını, bir sözlə, hər kəsin hiss edəcəyi bir dəyişiklik istəyirlər. Elə bunun üçün də mayın 27-də rəsmi məlumatlara görə, 10 min nəfər Prezident Administrasiyasının qarşısına toplaşdı. Mənə belə gəlir ki, cəmiyyətin, artıq seçicilərin, çünki biz indi bu statusa keçirik, elə bir namizədlərə ehtiyacımız var ki, dəqiq proqramlara malik olsunlar. Hazırda hələ ki, kimsə öz namizədliyini irəli sürməyib. İndiki məqamda potensial namizəd kimi müxalifət liderlərindən biri, Parlamentin üzvü Raul Hadjimba göstərilir. O, iki dəfə prezident postuna seçilmək üçün yarışa qatılsa da, məğlub olub. Aleksandr Ankvabın istefasından  sonra o jurnalistlərə müsahibəsində seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib, nə təsdiq etdi, nə də inkar.  O ki, qaldı daha kim bu posta iddialıdır, bunu yalnız təxmin etmək olar.

Abxaz xalqının tələbləri nədir, hökumət hansı vədləri yerinə yetirmədi?

Öncədən onu deyim ki, mən abxaz xalqı adından danışmaq səlahiyyətinə malik deyiləm, o cümlədən, indiki məqamda kimsədə bu səlahiyyət yoxdur.  Suxumdakı meydanda müxalifətin aksiyasını dəstəkləmək üçün xeyli insan toplaşmışdı, doğrudur, buraya çıxan insanların sayı ölkə əhalisinin dörddə biri eləmir. Yeri gəlmişkən, çoxları postfaktum özlərini aldadılmış hesab edirlər və müxalifətin bu davranışını antikonstitusion, dövlət çevrilişinə cəhd hesab edirlər. Doğrudur, qan tökülmədi, insanlar ölmədi, amma yenə də hakimiyyət dəyişikliyi konstitusiya ilə baş vermədi. Buna cavab olaraq müxalifət bəyan edir ki, bu, ümumxalq etirazı idi və onların hərəkəti də qeyri-qanuni deyildi. Kim bu məsələdə doğrudur, onu gələcək göstərər. İndi isə faktlardan danışaq. Müxalifətin etiraz etdiyi əsas məqamlar bunlardan ibarətdir: Qali rayonunun əhalisinin qanunsuz pasportlaşdırılması. Müxalifət hesab edir ki, bu hadisə abxaz dövlətçiliyinin itirilməsinə xidmət edir;

Rusiyanın maliyyə yardımının təyinatı üzrə sərf olunmaması. Müxalifət hesab edir ki, bu maliyyə sosial infrastrukturun (məktəb, uşaq baxçaları, teatr, xəstəxana, yol tikintisi) inkişafına deyil, iqtisadiyyatın real sektoruna, iş yerlərinin yaradılmasına sərf olunmalıdır. Onlar hesab edir ki, bu, abxaz iqtisadiyyatının təşəkkül tapmasına və onun Rusiyadan az asılılığına gətitirb çıxarmasına səbəb ola bilər. Bunlardan əlavə, korrupsiya hallarının geniş yayılması, gərgin kriminogen durum da əsas mövzulardandır.

Qeyd etmək yerinə düşərdi ki, müxalifətin tələbləri bir çoxlarına ağlabatan görünür. Hətta müxalifətin tərəfinə Ankvab tərəfdarlarından keçənlər də var. Bununla yanaşı, Abxaziya müxalifətinin vaxtilə hakimiyyətdə olmuş şəxsləri də öz sıralarına qatmasından narahatlıq ifadə olunur. Çünki onlar fəaliyyətləri zamanı qeyri-adi heç nə ilə yadda qalmayanlardır. Sual yaranır, bu insanlar hakimiyyətə gəlsələr nə dəyişəcək? Eyni zamanda müxalifətdə yeni, gənc qüvvələr də var ki, hesab edirlər ki, cəmiyyətin inkişafına töhfə verəcəklər.

Abxaziyada baş verən hadisələrə Rusiyanın hansısa formada aidiyyatı varmı?

Bununla bağlı bir neçə versiya səslənir. Hadisələr başlanan kimi Putinin köməkçisi, Abxaziya ilə bağlı kurator  Vladislav Surkov buraya gəldi. O, hakimiyyətlə bərabər, birləşmiş müxalifət liderləri ilə də görüşdü. Bu mərhələdə Rusiya aydın olaraq göstərdi ki, o, ölkənin daxili işlərinə qarışmasa da, buradakı vəziyyətlə əlaqədar narahatlığını ifadə edir. Kremlin məlumatına görə, Moskva Abxaziyanı maddi cəhətdən dəstəkləməyə davam edəcək. Kənardan belə görünə bilər ki, sanki Rusiya bu məsələdə neytraldır, həm iqtidara, həm də müxalifətə öz aralarında münasibətlərini aydınlaşdırmaq imkanı yaradıb, nəticədə də bu baş verdi. Bu hadisədən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd etdi ki, Abxaziyanın siyasi qüvvələri ölkələrinin maraqlarını üstün tutaraq kompromisə gəldilər. Amma Abxaziyada elə insanlar var ki, onlara görə Rusiya faktoru rol oynayıb. Parlamentin sabiq vitse-spikeri İrina Aqrba Rusiyanın “Dojd” telekanalına müsahibəsində deyib ki, daxili siyasi ziddiyyətlər xarici qüvvələr tərəfindən istifadə olunub.

Hakimiyyət və iqtidar bir-birinə qarşıdır, amma hər iki tərəf eyni zamanda Rusiyaya meyllilik göstərir. Rusyönümlü biri getdi, baqşa rusyönümlü gələcək. Nə dəyişəcək?

Burada hər şey çox incədir. Bəli, iqtidar və müxalifət əsas məsələdə eyni mövqedən çıxış edir –  Rusiya bizim strateji partnyorumuzdur, Abxaziya isə müstəqil dövlətdir. Hazırda respublikada elə bir siyasi qüvvə yoxdur ki, onlar açıq şəkildə alternartiv fikir səsləndirsinlər. Biz hazırda Abxaziyada ilk növbədə daxili siyasi vəziyyətdəki dəyişiklikləri müşahidə edirik. Məqsəd iqtisadiyyatı dirçəltmək, hüquqi dövlət qurmaqdır. Bunu da özümüz edə bilərik, hakimiyyətə bu işləri bacaranları gətirməklə. Bu bizim daxili işimizdir, Rusiyaya aidiyyatı yoxdur. Maraqlıdır ki, müxalifət hər dəqiqə konstitusiya islahatlarından danışır- prezidentin səlahiyyətlərini azaltmaq, parlamentin səlahiyyətlərini genişləndirməyi təklif edir. Dəfələrlə bəyan olunub ki, bu islahatlar seçkilərə qədər baş tutmalıdır. Göründüyü kimi, Abxaziyada daxili vəziyyətin stabilləşməsinə cəhdlər var, xarici siyasətlə hər şey çoxdan məlumdur.

2008-ci ildən sonra nə dəyişib? Abxaziya Rusiyadan asılı vəziyyətə düşüb, yoxsa müstəqil olub?

Yəqin ki, siz iqtisadi asılılığı nəzərdə tutursunuz. Bəli, Rusiya əvvəlki kimi Abxaziyaya maddi yardım edir. Elə bu pullara da əvvəlki hakimiyyət, başda Ankvab olmaqla, məktəblər, uşaq baxçaları, mədəniyyət mərkəzləri və digər infrastrukturlar inşa ediblər. Son illər çox şey yaxşılığa doğru dəyişib. Hökumət də bu işlərlə məşğul idi. Müxalifəti isə bu qane etmədi. Onların məqsədi bu vəsaiti xərcləməklə, Abxaziyanı Rusiyanın iqtisadi asılığından çıxartmaqdır. Ümid edək…

Seymur Kazımov 

Öncəki xəbərNövbəti xəbər