boş bölmə, Cəmiyyət, GSR fm

“Ada mirası: informatikada qadınlar”

Aprelin 30-da ADA Universitetində İnformasiya Texnologiyaları sahəsində qadınların rolunu izah edən “Ada mirası: informatikada qadınlar” adlı tədbir keçirilib.

Tədbirin təşkilatçısı, ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi, Azərbaycan ACM bölməsinin icraçı şurasının üzvü Araz Yusubov GSR.fm-lə tədbir barədə təəssuratlarını bölüşür:

“Tarixi bir şəxs olub Ada Lavleys, hansı ki 200 il əvvəl mexaniki komputer üçün ilk proqramı tərtib edib. İnsanlıq tarixində ilk proqramçı xanım olub. Bu misal çox illüstrativdir, günümüz üçün də çox vacibdir. Çünki indi mühəndislik sahəsində, ümumi elmlər və informasiya texnologiyaları sahəsində çox təəssüf ki, qızlarımızın faizi xeyli azdır.Məqsəd də odur ki, informasiya texnologiyaları strateji bir sahə olduğundan, gələcəyi olan və gözəl karyera imkanları yaradan bir sahə olduğundan bura nəinki bizim bəylər, həm də xanımlar daha çox cəlb olunsun”.

Araz Yusubov, tədbirin ikinci məqsədinin ACM-in hər il “womEncourage” adlı İT sahəsində elmi konfransına maraq artırmaq olduğunu bildirib:

“Azərbaycandan mümkün qədər çox xanımlarımız, bəylərimiz xəbəri olsun. Oğlanlar, qızlar oraya öz layihələrini, öz elmi işlərini göndərsinlər və iştirak artsın. Bu kömək edəcək ki, inkişaf həm avropa ailəsi daxilində müxtəlif universitetlərdən olan öz həmyaşıdları, öz həmkarları ilə görüşsünlər, fikir mübadiləsi olsun, inkişaf olsun. Budur məqsəd”.

Tədbirdə çıxış edən texnika elmləri doktoru , professor Məsumə Məmmədova bildirib ki, mövzu doğrudan da çox mühümdür, çünki informasiya texnologiyası sahəsində qadınların işi, tək Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə də problemdir:

“Elmdə bir ara varislik pozulmuşdu. İndi elmə də gənclər həvəslə gəlir. O cümlədən, İnformasiya Texnologiyaları sahəsində də gənclərimiz gəlir və xanımlarımız da gəlir. Son zamanlar gənclər üçün çox gözəl şərait yaradılıb”

Məsumə xanım, sırf bu sahədə tədqiqat apardıqlarını və sırf texnologiya sahəsində kadrlar hazırlayan universitetin yaradılmasını təklif etdiklərini deyir:

“Tələb çox böyükdür. Gələcək də İnformasiya Texnologiyaları ilə bağlıdır. Bu saat İnformasiya Texnologiyaları lokomotivdir. Bu fakültənin yaranmasına mən çox sevindim. Bu, kadr hazırlığında müəyyən bir mərhələdir. Mən əminəm ki, bir neçə illərdən sonra bu fakültə artıq fakültəlikdən çıxıb bir müstəqil universitet olacaq”

Tədbirin iştirakçılarından olan Sevinc Cəfərli bildirib ki, keçirilən tədbir qadınlar üçün, xüsusən də tələbələr üçün çox vacib tədbirlərdən biridir:

“Onların şansı var ki, İT-də, xüsusilə kompüter sayensdə (kompüter elmində -red.) müvəffəqiyyət qazanmış insanları, xüsusilə də qadınları görsünlər. Bir şeyi dərk etsinlər ki, həyatda hər şey mümkündür və özlərinə inansınlar. Çox yaxşı oldu ki, uğurlu gənclər və uğurlu xanımlar burada çıxış etdilər və kifayət qədər tələbələrin təkcə ADA Universiteti deyil, digər universitetlərin qadınlarının buraya olan marağı məni həqiqətən də çox sevindirdi”.

Tədbirin digər bir iştirakçısı olan İlyasov Nurlan da belə bir tədbirin keçirilməsinə öz münasibətini bildirirərkən deyir ki, özü də qadınlara bu sahəni təbliğ etməyə çalışır:

“Tutalım ki, mənim bacım var, onu da istəyirəm ki, bu sahəyə cəlb edim. Amma müəyyən bir çətinliklər var. Çünki düşünür ki, tutalım ki, bu sahə ancaq oğlanlara aiddir və yaxud da ki, bu sahədə müəyyən çətinliklər var. Bu tədbir bu məsələdə böyük bir rol oynayır. İnformasiyanı dağıtmaq çox böyük bir üstünlükdür”.

Tədbir iştirakçılarından Abıyeva Yaqut isə tədbirin motivə edici olduğunu deyir. Əlavə edir ki, iştirakçıların çıxışları xanımları bu sahəyə ruhlandırır:

“Müəyyən uğurlar əldə etmiş insanların öz hekayələrini danışmaları, öz yollarında olan çətinlikləri danışıb onu necə öhdəsindən gəldiyini demələri də çox böyük bir motivasiya oldu, stimul oldu ki, biz də qarşımıza çıxan xırda çatışmazlıqlardan, xırda çətinliklərdən qorxub qaçmayaq. Öz yolumuzda davamlı və inadkar olaq”.

 

Hazırladı:

Gülçin Nağıyeva

Xatirə İsmayılova

Öncəki xəbərNövbəti xəbər