Bloq, P.S, ZZ-Manşet

Ağ atlı oğlanın yolunu kişilər gözləmir… - Bloq

IMG_7579pHərbi xidmətə yola düşürdü. Üçrəngli bayrağı öpüb gözləri üstünə qoyarkən bütün qəzəbini sözlərə çevirib: “Son damla qanıma qədər düşmənlə mübarizə aparacağam” dedi. Onun gözlərinə baxdım. Bu gözlər “Lazım gəlsə, sabah əmr verilsə, mən lap öndə cəbhəyə, düşmənlə mübarizəyə yollanacam” tipli pafoslu cümlələri sevən siyasətçi gözlərinə heç oxşamırdı. Bu gözlər doğrudan da son damla qanına qədər düşmənlə mübarizə aparmaq istəyən dəliqanlının gözləri idi. Amma söhbət kimin qanından gedirdi? Yəqin ki, qisas eşqi ilə  yanan bu gənc üçün indi onun bu torpaq uğrunda göstərə biləcəyi əsas fədakarlıq canından keçmək, axrıncı damla qanına qədər döyüşmək idi. Qısacası, o öz qanını nəzərdə tuturdu. Çünki bu ifadə ona bu cür səthi çatdırılmışdı.

Əslində ona deyilməli idi ki, indi səngərdə üzbəüz dayanacağın şəxslər sənin qanlındır. Onlar sənin ulu-ulu babalarının qanını töküb. Əslində ona öyrədilməli idi ki, “son damla qanım” deyəndə sən düşmənin Malibəylidə, Xocalıda, Qaradağlıda tökdüyü qanımızın son damlası bərabərində qan almağı başa düşməlisən. Amma elə deyilməmişdi.

Əslində indi ondan heç kəs nə özünün, nə də düşmənin qanını axıtmağı tələb etmirdi. Çünki anası hərbi xidmətə yola salarkən ona: “Get düşmənin qarşısında igid tərpən, geri çəkilsən südümü sənə halal etmərəm” deməmişdi. Bu vaxt o gözündən yaş axa-axa təkcə “Özündən muğayat ol, qurban olum” deyə bilmişdi. Heç atası da “Haydı yavrum, haydı get, ya qazi ol, ya şəhid” deməmişdi. Əvəzində “İl yarım bir şey deyil, göz açıb yumunca keçəcək” demişdi. Qısası, heç kəs onun mübarizəsində maraqlı görünmürdü.

Bu gün o əsgər gedəcəkdi. Anası onu yola salarkən doyunca ağlayacaqdı. Əgər o an anaya təskinlik vermək üçün qonşusu Fatma xala “Bəsdi özünü öldürdün, ay qız. Kişi əsgər gedər də, torpaq uğrunda vuruşar, öldürər, yeri gəlsə lap ölər də” desəydi, ana heç düşünmədən “Dilin ağzın qurusun, ay Fatma. Ölsün elə onun ölümün istəyənlər. Sənin nə vecinə. Əsgər gedəsi oğlun yoxdu. Oğullarının ikisi də yekə kişidi, ev-eşik yiyəsidi. Ona görə belə rahat danışırsan. Mənim balam isə hələ körpədi” deyəcəkdi.  Bəli, ona görə lap bu torpaq uğrunda kimsə ölməli idisə belə, bu qətiyyən onun “körpə” balası olmamalı idi.

Beləcə illər illəri qovacaq, hamı özünün itirdiyini kiminsə ona geri qaytaracağını gözləyəcəkdi, amma ağ atlı oğlanlar yalnız nağıllarda olur. Hə birdə ki, ağ atlı oğlanın yolunu kişilər gözləmir…

Müəllif: Aynur Nəbili


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər