Cəmiyyət

Alınması və qaytarılması çətin olan kreditlər

Tahir  bəy:

15 min  850  manat  pul  geri  ödəyirəm  . Bu  mənə  heç  sərf  eləmir. Bu  məni  təmiz  batırır. İstənilən bir  banka  gedirsən  30%-lə  bank  özünü  varlandırır. O  bizə  əmələ  gəlmir, 30%-i  mən  hardan  verim? 40  qəpiyə  süd  satan  insan  30%-lə  pul  ödəyə  bilərmi? Ödəyə  bilmirik.  İnəyi  mən  alan  kimi  o  dəqiqə  süd  vermir ki. Gərək  gözləyəsən. Bunun  məsafəsi  olmalıdır. Vaxt  getməlidir  ki, bu  inək  mənə  buzov  versin , bunu  böyüdüm, ətlik  edim, yem  alım.

20  ildir  ki, Bakının Məhəmmədi  kəndində  maldarlıqla məşğul  olan  Tahir  bəy   təsərrüfatını  genişləndirmək  üçün  bankdan  kredit  götürüb . Lakin  faiz  yüksək  olduğu  üçün   hər  ayın  tamamında  krediti  geri  ödəməkdə  çətinlik  çəkir. Fermer  eyni  zamanda  bank  işçilərinin  kənd  təsərrüfatı  sahəsində  kifayət  qədər  məlumatlı  olmamasından  da  narazıdır. Həmçinin ona verilən kreditin 15 min manatdan yuxarı olmadığını deyən Tahir bəy bu miqdarın ona kifayət etmədiyini bildirir.

Tahir  bəy:

Bizə bu  kənd  təsərrüfatı üçün, fermerlər  üçün dövlət səviyyəsində ayrıca  bank  lazımdır. Gedib  dərdini  deyəsən, gəlib baxarlar. Doğurdan bizə  6%-lə  kredit  çatır  ya  yox?  Bizə   30%-lə  10 min  manat  pul gətirib  verirlər. 10  min   manata  da  3  inək  alırıq,  yemi  qalır, yemini  alırıq  otu  qalır, otunu  alırıq  suyu  qalır, suyunu  alırıq  dərmanı  qalır. Bunlar  da  hamısı  canlıdır. Bunların  hamısına  xərc  gedir. İnək  də  bahadır. Bu  dəqiqə  inək  3 mindir. 

Məsələ  ilə  bağlı  iqtisadçı-ekspert  Zöhrab  İsmayılın  fikirlərini  öyrəndik. Onun  sözlərinə  görə, kənd  təsərrüfatı  kreditləri  üçün  konkret  faiz dərəcəsi  yoxdur. “Sahibkarlığa  Milli  Kömək  Fond”nun   fermerlərə  aşağı  faizlə  kredit  təklif  etməsinə  baxmayaraq, onlar  bu  imkandan  kifayət  qədər  faydalana  bilmirlər.

Zöhrab  İsmayıl:

“Sahibkarlığa  Milli  Kömək  Fond”nun  kreditlərinə  fermerlərin  çıxışı  olduqca  məhduddur.  Birincisi, onlar  kredit  üçün  torpaqlarını  girov  qoya  bilmirlər, çünki  torpaqların  qiymətləri  aşağıdır. Kredit  verərkən  daha  çox  daşınmaz  əmlakın  bina, tikili  bu  tip  girovlar  tələb  edirlər. Xüsusən  də  Bakıda. O  biri  tərəfdən, rüşvət  tələb  edirlər, qeyri-rəsmi  ödəniş  və s.

Prezident  İlham  Əliyevin   2004-cü  il  23  oktyabr  tarixli  467  nömrəli  sərəncamına  əsasən yaradılmış Kənd  Təsərrüfatı  Kreditləri  üzrə  Dövlət  Agentliyi  aqrar  sahədə  fəaliyyət  göstərən   sahibkarlıq  subyektləri  üçün güzəştli  kreditlər  təklif  edirlər. Lakin  ekspertin  sözlərinə  görə, bir  çox  vətəndaşlar  buradakı  imkanlardan da  faydalana  bilmirlər. Bunun  da  kökündə  duran  səbəb korrupsiyanın olmasıdır.   

Zöhrab  İsmayıl:

Korrupsiya  olmamalıdır. Burada  ədalətli  müsabiqə  olmalıdır. Yəni, bəzi  fermerlərin  dediyinə  görə, orada təxminən  15%  əlavə  rüşvət  tələb  edirlər. İkinci  bir  tərəfdən, tanış  tapmaq  lazımdır, qohum  tapmaq  lazımdır. Olduqca  çoxlu  sənədlər  tələb  olunur.

Ekspert bu problemlərin aradan qaldırılması üçün bir  neçə  tədbirlərin  həyata  keçirilməsini  zəruri  hesab  edir. Bu  tədbirlər  içərisində  torpaq  bankının  yaradılması, pay  torpaqlarının  alınıb-satılması  üçün  bəzi  mexanizmlərin  təkmilləşdirilməsi, həmçinin,  sığorta  şirkətlərinin  bu  cür  kreditləri  sığortalamasını  xüsusi  olaraq  qeyd  edir. Ekspert onu da əlavə edir ki, inkişaf  etmiş  ölkələrdə  bu  tədbirlər  həyata  keçirildiyinə  görə, fermerlər  asanlıqla  kredit  ala  bilirlər.

Zöhrab  İsmayıl:

Maliyyə  sektorunun  inişaf  etdiyi  ölkələrdə  fermərlər  kredit  resusrlarına  çıxış  imkanlarından  çox  geniş  şəkildə  istifadə  edirlər  və  rahatca  da  kreditlər  əldə  edirlər. Eyni  zamanda  maliyyə  sektorunun  inkişaf  etdiyi  ölkələrdə  kredit  faizləri  olduqca  aşağıdır. Yəni, 10%-dən  yuxarı  kreditlərdən  ümumiyyətlə, söhbət  gedə  bilməz.

Kənd  Təsərrüfatı  Nazirliyi  mətbuat  xidmətinin  rəhbəri  Murtuzəli  Hacıyev  “Kənd  Təsərrüfatı  Kreditləri  üzrə  Dövlət  Agentliyi”ndə  fermerlərə  rahat  şəkildə  mikrokreditlərin  verildiyini  və  heç   bir  məhdudiyyətin  olmadığını  deyir.  O, gələcəkdə  fermerlərə  kredit  verilmə  şərtlərinin  asanlaşdırılacağını  və  bu  istiqamətdə  artıq  müəyyən  təkliflərin  hazırlandığını da qeyd  edir.

Murtuzəli  Hacıyev:

Heç  bir  məhdudiyyət  yoxdur  axı. Birincisi, Agentliyin  xətti  ilə  icraçı  kredit  agentliyi  var. O  kreditlər  qısa  müddət   ərzində  verilir. Sadəcə  olaraq  ola  bilər  ki, uzun  müddət  istəyirlər,  ya  çox  istəyirlər.  Çünki  əsas  kreditləri  “Sahibkarlığa  Milli  Kömək  Fond”u  verir. O  ki  qaldı  dövlət  tərəfindən   kredit  agentliyinə  ayrılan vəsaitə  10 milyon  manat  ildə  vəsait  ayrılır. O  vəsaitdən  müvəkkil  banklar  tərəfindən  sahibkarlara  verilir. Ondan  artıq  kredit bizdə  yoxdur  axı.

İqtisadçı  ekspert  Natiq  Cəfərli isə məsələyə  başqa  tərəfdən  yanaşır.  O, düşünür  ki, Azərbaycanda  fermerlərin  bu  tip  problemlərinin  səbəbi  bank  faizlərinin  yüksək  olmasıdır. Bankda  faizlərin   yüksək  olmasının başlıca  səbəbi isə  rəqabət mühitinin formalaşmaması ilə bağlıdır.

 Natiq  Cəfərli:

Azərbaycanda  bank  faizlərinin  həcmi  və  yuxarı  həddi  ən  əsasasən  də  qonşu  ölkələrdən  xeyli  dərəcədə  fərqlənir. Azərbaycanda  100%  xarici  kapitalla  işləyən  banklar, yəni  “Doyec”  bank  kimi, “British”  bank  kimi, “Bank  of  Amerika”  kimi, yəni  dünya  çapında  olan  banklar  ölkəyə  buraxılmır. Onlarda  faiz  dərəcələri  həddindən  artıq  aşağıdır. Azərbaycanda  onlar  buraxılsa, rəqabətli  mühit  yaranardı  və  yerli  banklar  da  məcbur  olub  faiz  dərəcələrini  aşağı  salardılar.

Milli  Məclisin  İqtisadi Siyasət Komitəsinin üzvü,  millət  vəkili  Vahid  Əhmədov    bildirir  ki, Azərbaycanda  istər  istehlak  kreditləri, istərsə  də  kənd  təsərrüfatı  kreditlərinin  faizləri  çox  yüksəkdir. Onu  da  əlavə  edir  ki, banklar  özəl  olduğu  üçün  faizləri   özləri  təyin  edir. Buna  görə  də, dövlət  tərəfindən  “Sahibkarlığa  Milli  Kömək  Fonduna”  kənd  təsərüffatı  kreditləri   üçün  hər  il  vəsait  ayrılır. Eyni  zamanda İqtisadi  Siyasət  Komitəsinin  Mərkəzi  Bankla  birgə  kredit   faizlərin  aşağı  salnması  üçün  müzakirələr  aparıldığını da qeyd  edir.

Vahid  Əhmədov:

Kredit  faizlərinin  aşağı  salınması  ilə  əlaqədar  İqtisadi  Siyasət  Komitəsi  olaraq  şəxsən  mən  bu  məsələni  bir  neçə  dəfə  qaldırmışdım. Çünki  get-gedə  kredit  borcları  artır, 1  milyard  manata  yaxınlaşır. Bu  çox  böyük  borcdur. Faktiki  olaraq  əhalinin  hardasa  60-70%  banklardan  asılı  vəziyyətə  düşüb. Faiz  yüksək  olduğu  üçün  krediti  ödəyə  bilmirlər. 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.