Aktual

AMEA: Qala divarının sökülməsi qanunsuzdur

Rahib Azəri:

Orada qədimi tikililər, qədimi deyildi. Onlar son dövrlərdə tikilən, yəni heç bir tarixi əhəmiyyəti olmayan kiçik tikililər idi və onlar da artıq çoxdan sökülüb. Qala divarının itirilmiş bürcünün bərpa işi gedir burada,  bu gün həmin o yerdə . Qarşısında- içəri tərəfdə kiçik yaşıllıq zolağı olacaq. Qane elədi sizi?! Vəssalam !

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutuna müraciət etdik.  Çünki “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikası qanunun 5-ci maddəsində deyilir ki,  abidələrin üzərində aparılacaq işlərin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Amma Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası şöbəsinin müdiri Rahibə Əliyeva  İçərişəhərin qala divarlarında aparılan işlərlə bağlı onlara rəy üçün müraciət edilmədiyini bildirir.

Rahibə Əliyeva

Ölkə prezidentinin qanununa görə bütün bərpa işləri Azərbaycan Milli Elmlər Akademiyasi Memarlıq və İncəsənət İnstitutunun rəyi əsasında aparılmalıdır. Ancaq təəssüflər olsun ki, hal-hazırda İçərişəhərdə bir çox işlər görülür ki, biz onlara mənfi rəy verdiyimiz halda, o işlər yenə də aparılır. Misal üçün, qala divarlarını mən özüm eşitmişəm. Bizə rəy üçün heç bir məlumat verilməyib.

Qala divarlarında aparılan bərpa işləri ilə bağlı qanunda olduğu kimi rəy almaq üçün Milli Elmlər Akademiyasına müraciət edilmədiyini və bərpa işlərinin onların rəyi olmadan aparıldığını Rahib Azəri də təsdiq edir.

 Rahib Azəri

 – Rahib bəy o bərpayla, restavrasiya ilə bağlı hardansa rəy alınmalıdır, yəni almısınız?  

 – Bizim öz mütəxəssislərimiz var və rəyi öz mütəxəssislərimiz verir.

 Qala divarlarında aparılan işlərə münasibətini bildirən Rahibə Əliyeva qoruq ərazisində bərpa işlərinin aparılmasının məsuliyyətli  iş olduğunu qeyd edir.

 Rahibə Əliyeva

 Nəsə bir tikili olubsa, indi yoxdursa, onu təzədən tikmək o, bərpa deyil. Bu yenidən tikilmiş bir bina olacaq və yaxud nəsə bir bürc olacaq. O tarixi bina olmayacaq. O olacaq müasir bina. Mən elə hesab edirəm ki, qala divarlarının qalması daha yaxşı idi.

 Tarixçi, bərpaçı Aytəkin İmanova hansısa qravüraya əsasən mövcud olanı söküb, olmayanı yenidən bərpa etməyi düzgün hesab etmir.

İçərişəhərin sökülmüş qala divarı

Aytəkin İmanova

 70 dənə bürc olub. İndi bütün perimetr üzrə qala divarlarını söküb 70 olan bürcü bərpa edəcəklər. Olacaq 21-ci əsr. Darmadağın elədilər, İçərişəhərdə direksiya elmi-tədqiqat bərpa institutunu İçərişəhərdən qovdu. İndi arxeoloq da özlərindədir. Bilirsiniz necədir? – Yəni pul da özlərindədir, sifarişçi də özləridir, işi görən də özləridir, işi qəbul edən də özləridir. Elə şey olmur axı!

Məsələ ilə bağlı danışarkən Aytəkin İmanova “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında qanunda abidələrin heç bir halda- obyektiv və ya subyektiv səbəblərdən sökülə bilməyəcəyini də sözlərinə əlavə edir.

Aytəkin İmanova

Hətta o sökülmək dərəcəsinə çatıdırılırsa, deməli, ona cavabdeh şəxslər var, qurumlar var. Dövlət büdcəsindən vəsaitlər ayırılır. Deməli, kimsə burda cəzalanmalıdır ki,  bunu dağılmaq səviyyəsinə çatdırıb.

Amma İçərişəhərdə olarkən həmsöhbət olduğumuz yerli sakinlər məsələdən xəbərsiz olduqlarını qeyd edirlər. Mamed müəllim bu məsələnin onu narahat etdiyini, ancaq heç cür dolğun məlumat əldə edə bilmədiyini vurğulayır.

 –  Vallah, elə məndə onu kimdənsə soruşuram. Düzünü deyən yoxdur.

 İçərişəhər rəhbərliyi tərəfindən qala divarlarında aparılan işlər Azərbaycanın tarixini qorumaq məqsədi daşıyırsa, onda niyə o işlər qanunun tələbləri yerinə yetirilmədən və ictimaiyyət məlumatlandırılmadan aparılır? sualı hələ də cavabını axtarır.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.