Aktual

Artan yol qəzaları: Səbəbləri və həlli

Hüseynağa dayı isə 45 ildir ki, sükan arxasındadır və bir dəfə də olsun qəzaya yol vermədiyini bildirir. O, hesab edir ki, qəzaların çoxu gecə yarısından sonra baş verir, bunu da yuxusuzluqla əlaqələndirir.

Hüseynağa:

Sürücü heç olmasa bir az istirahət də etməlidir. Bizdə elə sürücülər var ki, kuruqlu sutqa (gün ərzində-müəll.) yatmırlar. Sərnişin gəlir, qapını açanda gözlərini ova-ova durur, bilmir hara gedir, nə üçün gedir. Hamısı, ancaq yuxusuzluqdan birdə ki, təcrübəsizlikdən.

Baş Dövlət Yol Polisindən aldığımız məlumata görə,  2012-ci ilin 6 ayı ərzində 1278 avtomobil qəzası baş verib ki, bunun  nəticəsində 1361 nəfər yaralanıb, 436 nəfər isə avtomobil qəzasının qurbanı olub.

Son günlər yol qəzalarının intensivləşməsinin səbəblərini aydınlaşdırmaq məqsədilə suallarımızı Bakı Şəhər Baş Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyevə ünvanladıq.  Şöbə rəisi deyir ki,  qəzaların əksəriyyəti “Vaz” markalı avtomobillərin iştirakı ilə qeydə alınır. Polis rəsmisi  əsas səbəblər kimi sürücülərin nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmələrini, sürət həddini aşmalarını göstərir  Bu siyahıya,  diqqətsizlik, manevr etmə və ötmə əməliyyatının düzgün aparılmaması kimi halları  da əlavə edir. “Qəzalar, əsasən günün hansı vaxtında baş verir”- sualına isə Kamran Əliyev belə aydınlıq gətirir.

 Kamran Əliyev:

Son vaxtlar yay mövsümünün gəlişi ilə bağlı həm sərxoş, həm də sükan arxasında yuxuya gedən sürücülərin qəza törətmə halları artıb. Gündüz vaxtı dincəlmədən yola çıxırlar və çox zaman sükan arxasında yuxuya gedirlər. Bunun özü də gətirib, ya aşma, ya da maneəyə vurma və yaxud da ki, qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmaya səbəb olur.

Şöbə rəisi qəzaların çoxunun Bakı-Qazax və Bakı-Şamaxı yolunda qeydə alındığını bildirir. Paytaxtda  isə daha çox piyadaların vurulması ilə nəticələnən  qəzaların baş verdiyini vurğulayır. Kamran Əliyev problemlə bağlı müəyyən tədbirlərin- maarifləndirmə və təbliğat işlərinin aparıldığını da nəzərə çatdırır.

Kamran Əliyev:

Bilirsiniz ki, yollarda əməkdaşlarımız, xüsusilə də yay mövsümündə gücləndirilmiş iş rejimində xidmət edirlər. Sözsüz ki, hər bir yol nəqliyyat hadisəsi analiz olunur, amma hər halda bunla bağlı müvafiq təkliflər var. Bir çox yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün  əlavə tədbirlər nəzərdə tutulub.

Kamran Əliyevdən fərqli olaraq “Təhlükəsiz Yol” Alyansının həmtəsisçisi Şahin Camalov qəzaların başvermə səbəbini yüksək sürətlə yox, sürücülərin qeyri-peşəkar olması ilə izah edir. Yol infrastrukturunun düzgün qurulmaması, yol nişanlarının yerində olmamasını da səbəblər sırasına əlavə edir.  Onun sözlərinə görə, yol patrul xidmətinin əməkdaşları daha çox paytaxtın mərkəzi küçələrində nəzərə çarpır.  Bu isə magistral yolların diqqətdən kənar qalması ilə nəticələnir.

 Şahin Camalov:

Əgər indi yay dövrüdürsə, insanlar səfər etməyə meyllidir deyə insanların avtomobillərin mərkəzi magistral yollarda avtomobillərin hərəkəti intensivləşibsə, çoxalıbsa, onda bu dövrlərdə Bakı şəhərindən yol patrul xidmətlərini regionlara ezam etmək olar, mərkəzi magistral yollara ezam etmək olar. Yəni bu qədər yol patrul əməkdaşına nə ehtiyac var?

Şahin Camalov deyir ki,  yol-nəqliyyat hadisələrinin qarşısının alınması cərimələrin artırılmasında yox, maarifləndirmədədir.

Şahin Camalov:

Bizdə, bilirsiniz, sürücülük mədəniyyəti yoxdur, bizdə piyada mədəniyyəti yoxdur. Bu çox ciddi problemdir bizdə. Bunlarla bağlı ciddi iş aparılmalıdır. Sadəcə küçədə durub avtomobilləri cərimə etməklə heç nə düzələsi deyil. Bunu həm Dövlət Yol Polisi idarəsi anlamalıdır, həm də Nəqliyyat Nazirliyi anlamalıdır.

Alyansın həmtəsisçisi onu da əlavə edir ki, yollarda təhlükəsizliyin təmin olunması ilə bağlı Memorandum hazırlayıb, Dövlət Yol Polisinə təqdim etsələr də, onlara heç bir cavab verilməyib.  Kamran Əliyev isə “Təhlükəsiz Yol” Alyansının göndərdiyi Memoranduma cavab verildiyini bildirir.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.