Avropada ikinci səyahətimiz “Eyfel” qülləsi, “Luvr” muzeyi, “Notr-dam” kilsəsi və digər tanınmış bir çox misilsiz abidəyi özündə birləşdirən, dillərdə aşiqlər şəhəri olaraq tanınan Parisə, Fransaya oldu. Romadan havaya qalxan təyyarəmiz Parisin üç hava limanından biri Beauvais-ə təxminən 2 saat sonra çatdı. Dünyanın ən bahalı şəhərlərindən biri olan Paris, oraya ilk ayaq basdığımız andan etibarən bunu hiss etdirməyə başladı. Şəhər mərkəzindən 80 km aralıda yerləşən bu hava limanından şəhərə ya xüsusi avtobuslarla, ya da taksi ilə getmək mümkündür. Qiymətlərə gəldikdə, avtobus təxminən 16 manat, taksi isə gediləcək yerdən asılı olaraq 120-160 manat arasında dəyişir. Nəzərə alsaq ki, Parisin ən uzaqda yerləşən hava limanından söhbət gedir, qiymətlərə elə də təəccüblənmək olmaz. Orli və Şarl de Qoll hava limanlarından isə şəhər mərkəzinə getmək isə daha ucuz və rahatdır. Parisdə dörd gün, Fransada isə yeddi gün keçirdik. Otel qiymətləri də olduqca rəngarəngdir. Yəni, şəraitindən və yerindən asılı olaraq qiymətlər dəyişir. Metro şəbəkəsinə görə, dünyaca məşhur olan bu şəhərdə qalacağınız yerin hər hansı bir metro stansiyasına yaxın olması insanın işini xeyli rahatlaşdra bilir. Səyahət öncəsindən otellərin internet səhifələrindən yaxşı araşdırma etsəniz, günü 20 manat kimi normal qiymətlərlə də yer tapa bilərsiniz.
İndi isə Parisdə gəziləcək yerlər haqqında məlumat vermək istəyirəm. İlk gün məşhur “Luvr muzeyi”ndə olduq. Diqqətinizə çatdırım ki, bu muzey dünyada böyüklüyünə görə 3-cü yeri tutur və eyni zamanda ziyarətçi sayına görə isə, adətən, birinci hesab edilir. “Hammurapinin qanunları”, “Mona Lisa” və s. kimi məşhur əsərlər və eksponatlar burada yerləşir. Muzeyə daxil olmaq üçün təxminən 13 manata bilet əldə etmək kifayətdir. Muzeyi doqquz saat gəzdikdən sonra, hələ də gəzə bilmədiyimiz hissələr qalmışdı. Dünyanın hər bir yerindən müxtəlif eksponatları özündə birləşdirən Luvr muzeyində Azərbaycandan da olan müxtəlif xalça, metal sənəti nümunələri və s. sərgilənir. Hətta 12-ci əsrə aid olan orjinal fiqurlu bir qab nümayiş olunur, hansı ki qabın üzərində onu yaradan ustanın – Osman Salman oğlu Naxçıvaninin olduğu da diqqətimizdən yayınmadı. Muzeydə gəzdiyimiz vaxt ərzində azərbaycanlı ziyarətçilərlə də qarşılaşdıq. Parisin simvolu hesab edilən Eyfel qülləsinə yola düşdük, qülləyə çıxmaq üçün uzun bir növbədən keçib, 13 manat ödəmək kifayət edir. Burdan Parisin panoromik mənzərəsini də aydınca müşahidə etmək mümkündür. Şanzelize bulvarı, Notr-dam kilsəsi, Versal sarayı, üzərinə minlərlə kilidin vurulduğu Aşiqlər körpüsü, Moulin Rouge kimi tarixi məkanlar da ziyarət edilməli digər yerlərdir. Təbii ki, əylənmək istəyənlər şəhər mərkəzindən 32 km aralıda yerləşən Disneyland Paris-ə də gedə bilərlər. Parisdəki 4 günün sonunda anladıq ki, Parisi tam gəzmək üçün bu vaxt kifayət deyil.
Fransadakı 5-ci günümüzü keçirmək üçün Lyona yola düşdük. Sürət qatarları sayəsində uzun yolu qısa müddətdə qət edib, yeni ünvanımıza çatdıq. Fransada olan fərqliliklərdən birini isə qatar bileti alarkən müşahidə etdik. Sadəcə onlayn xidmət verən bu nəqliyyat şirkətində bileti sadəcə internet vasitəsilə almaq mümkünmüş. Ucuz olması ilə diqqət çəkən bu şirkət, qiymətlərin aşağı olmasının səbəbini də bu yolla bizə göstərmiş oldu. Yəni satış məntəqələri, əlavə işçilərə və s. ödəniləcək məbləğ transport qiymətinin aşağı salınmasına yönəldilib. Doğrusu, bu vasitə ilə gələcəyin necə formalaşacağını da insan anlamış olur. Əsas dayanacağımız Fransanın cənubunda yerləşən Marsel şəhəri olduğundan, yolumuzun üzərində olan Lyondakı qısa fasilədən sonra son iki günümüzü keçirəcəyimiz Marselə çatdıq. Bura gözəl bir liman şəhəridir. Şəhərdə milli rəngarənglik mövcuddur, hətta iş o yerə çatıb ki, əksər yerlərdə fransız dilindən əlavə, ərəbcə yazıları da görmək mümkündür. Ərəblərlə yanaşı, burda erməni və türk əhalinin də çoxluğu müşahidə olunur. Türk məhsullarının satıldığını öyrəndiyimiz bir mağazaya yola düşdük. Mağazanı işlədənlərin erməni olduqlarını sonradan öyrəndik. Satılan məhsulların böyük əksəriyyətini türk məhsulları təşkil etsə də, mağazanın girişində rus, erməni və şərq məhsulları yazısı qeyd edilib. Bizim azərbaycanlı olduğumuzu öyrəndikdə isə münasibətləri xeyli dəyişdi. Marseldə qarşılaşdığımız türklərin dediklərinə görə burda ermənilər şəhərdə yerləşən Ermənistan konsulluğunun dəstəyi ilə güclü lobbi fəaliyyəti göstərirlər.
Paris küçələrində gəzdiyimizdə də, addımbaşı Türkiyəyə qarşı “erməni soyqırımı”nı tanı, “Abdulla Öcalana azadlıq” kimi xeyli küçə yazılarına və bülletenlərə rast gəldik. Bizim Parisdə qaldığımız müddət ərzində Azərbaycanın “Qarabağ” futbol klubu ilə, Fransanın “Sent-Etiyen” klubu arasında qarşılaşma baş tutacaqdı. Əksər kafelərdə bu barədə afişalar diqqət çəkirdi. İnsanlar bu oyun barədə danışırdılar, heç-heçə ilə nəticələnən oyundan sonra isə hər kəs Azərbaycandan və onun komandası barədə danışırdılar. Nəticədə bunu demək mümkündür ki, bəzən onlarla konfransın, tədbirin edə bilmədiyi tanıtımı bir futbol komandası edə bilir.
Hər cəhətdən olduqca zəngin bir səyahətin ardınca, bu ölkəni tərk edirdik, bir həftənin sonunda isə bu ölkəyə və xalqına qarşı dəyişmiş fikirlərimiz və çoxtərəfli təəssüratlarla…
Müəllif: Elmar Allahverdi
Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.