Reportaj, Z-Manset

“Atlar qışda paltar geyinir” - Reportaj

At tarixən insanın dostu, ən yaxın silahdaşı olub. Qədimdən atdan minik və yükdaşımada istifadə ediblər. Dağlıq rayonlarda bu gün də atdan geniş miqyaslı istifadə edilir. Hətta texnikanın gedə  bilmədiyi yerdə torpağı atla şumlayırlar. Bundan əlavə bir çoxlarımıza məlumdur ki, atdan yarışlarda da istifadə edirlər.

arciliq 1

Yarış atları ilə yaxından tanış olmaq üçün yolumuzu Binə qəsəbəsində yerləşən, ARAF-ın (Azərbaycan Respublikası Atçılıq Federasiyası) nəzarətində olan Atçılıq mərkəzindən salırıq.

duzelmis-10-yeniden

Bizi burada məşqçilər və idmançılar qarşılayır. Öyrənirik ki, mərkəz bir neçə tövlədən və yarışların keçirilməsi üçün meydançalardan ibarətdir. Tövlələrdə Azərbaycanda fəaliyyət göstərən bəzi atçılıq klubalarının atları saxlanılır. Digər klublar isə bura yarışdan 4-5 gün qabaq, hazırlıq üçün öz atlarını gətirirlər.

duzelmis-12

Ətrafa nəzər salırıq. Havanın qoxusu insanı bir anlıq kənd yerinə aparır.  Meydançalarda idmançılar məşq edir. Yarışa hazırlaşdıqlarını deyirlər.

duzeldilmis-6

Şəhriyar Azayev Binə Atçılıq Klubunun mehtəridir. Səhər saat 6-dan axşam saat 8-9-a kimi atlarla məşğul olan Şəhriyarın sözlərinə görə atlar idman və həvəskar atlar olmaqla iki qrupa bölünür. Atlara qulluqdan söz açan mehtər deyir ki, idman atları səhər saat 6-da, həvəskar atlar isə 9-10 radələrində yemlənir, ot və su verildikdən bir saat sonra atlar tövlədən çıxarılır.

atciliq 3

O, həmçinin qeyd edir ki: “Bizim əsas məqsədimiz atları yarışa  hazırlamaqdır. Buna görə də idman atlarına xüsusi fikir veririk. Hər bir mehtər yaxşı bilir ki, nə çox kök at qaça bilər, nə də çox arıq at. Hər bir atı xüsusi olaraq öz çəkisində saxlayırıq. Buna görə də idman atlarını gündə 3 dəfə yemləyirik. Lazım gəldikdə yemə arpa və qarğıdalı yarması da əlavə edirik. Yemlədikdən 1 saat sonra isə məşq üçün çıxarırıq. Çəkiləri isə boylarına uyğun olaraq tənzimlənir. Çəkisini itirmiş atlara isə xüsusi qatqılar, vitaminlər verilir. Yayda isə göy otda otarmaq məsləhətdir”.

poni-yeniden

Mehtər atları əhilləşdirməyə 2-3 yaşlarından başladıqlarını deyir. Bu isə atların cinslərinə görə fərqlənir. Belə ki, ingilis atları yarışlara 2 yaşlarında qoşulduğu üçün 1 il 6 aylığından, ərəb atları isə 3 yaşlarında yarışa çıxarlıdığı üçün 2 yaşlarından əhəlləşdirilir. Atları əhilləşdirmək üçün isə açıq meydançada yəhərlə qovurlar.

atciliq 4

Ərazidəki baytarlıq xidməti atlara müntəzəm tibbi xidməti göstərir. Bəzi iynələri vurmağı hətta mehtərlər də bacarır. Amma mərkəzin nəzdindəki baytarlıq xidməti hər yarışdan qabaq atları yoxlayır və yarışda iştirakına icazə verir. Buna səbəb isə atın fiziki durumu ilə bağlıdır. Həmsöhbətimiz deyir ki, bala verən at zəifləyir və yarışlara buraxılmır. Atlar adətən 5 və ya 6 yaşlarında bala verirlər. Hamiləlik dövrü 11 ay davam edir. Əkiz doğmaq hallarına isə çox az–az rast gəlinir.

duzelmis-11

Atlar tövlədə sıra ilə düzülmüş xüsusi qəfəslərdə saxlanılır. Atların istiliyi təmin etmək üçün yerə taxta qırıntları (apilka) tökülüb. Mehtərin sözlərinə görə, qış aylarında atları soyuqdan qorumaq üçün onlara xüsusi paltar da geyindirilir.

atciliq 2

Hava isti olduğundan atların meydançada çox yorulduğu hiss olunur. Bunu mehtər də təstiqləyir və yayda havalar isti olduğundan atları ən azı bir gündən bir çimizdirdiklərini deyir. Normal vaxtda isə hər məşqdən sonra atların ayaqları yuyulur.

5

Burada yerli Qarabağ və Dilboz atları ilə yanaşı ingilis, ərəb, axaltəkin cinsləri də saxlanılır. Şəhriyar deyir ki, Qarabağ atları görünüşcə xarici cins atlardan gözəl olsa da, digər keyfiyyətlərinə görə xarici atlardan geri qalır.

duzelmis-7-son

Şəhriyar yarışların keçirilmə prinsipindən də danışır: “Yarışda atlar həm öz yaş qrupuna, həm də öz cinsinə uyğun olan atla yarışır. Məsələn 2 yaşlı at, 2 yaşlı ilə, 4 yaşlı at, 4 yaşlı at ilə yarışır. Həmçinin, ingilis atı ingilis atı ilə, ərəb ərəb ilə, axaltəkə də öz cinsindən olan at ilə yarışmalıdır. İngilis və ərəb atları dünyanın hər yerində var. Qarabağ və Dilboz atları isə ancaq Azərbaycandadır. Buna görə də biz xarici yarışlara  gedəndə Qarabağ atını apara bilmirik.Qarabağ və Dilboz atları isə ancaq Azərbaycanda keçirilən yarışlarda iştirak edirlər və öz aralarında yarışırlar ”.

duzelmis-8
Burada yarış üçün olmayan yorğa atlar da saxlanılır. Bu atlar şəxsi atlardır və sahibləri istədikləri vaxt gəlib onları minə bilirlər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.