Cəmiyyət

Avtobus nə vaxt gələcək?!

2011-ci ilin dekabr ayında nəqliyyat sisteminin təkmilləşdirilməsi və ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədi ilə Azərərbaycanda nəqliyyatı intellektual idarəetmə sistemi tətbiq olunmağa başladı. Sitemin tətbiqini həyata keçirən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Zülfiyyə Əlizadə radiomuza verdiyi müsahibəsində deyir ki, bu sistem çərçivəsində dayanacaqlarda və avtobuslarda elektron lövhələr qurulub.

Dayanacaqlarda qurulan elektron tablolar vasitəsi ilə sərnişinlər avtobusun gəlmə vaxtını, həmin dayanacaqdan hansı marşrut xətlərinin keçdiyini öyrənə,həmçinin, lazım olan yerə getmək üçün uyğun marşrutu seçə bilərlər. Bəs görəsən sərnişinlər dayanacaqlarda qurulan monitorlardan necə  faydalanırlar? Bu sualla sərnişinlərə müraciət etdik.

-Yeri gələndə o knopkaları basıb, hansı tərəfə, hansı istiqamətə getməyimizi öyrənirik. Mənə elə gəlir ki, düz işləyir.

-Yox düz çıxmır. Tıxac olur, ləngiyir, düz çıxmır. Dünən elə 40 dəqiqə 90-ı gözlmişəm, Milli Bankın yanında.

-Çox yaxşıdır, mən istifadə edirəm. Çox gözəldi, bilirik neçə dəqiqə qalır.

Avtobuslarda quraşdırılmış avadanlıqlar isə sürücülərə arxa və qabaq  avtobuslar arasındakı məsafəni və istiqaməti öyrənməyə, eyni zamanda vaxtı düzgün tənzimləyə kömək etməli idi.

Biz də sürücülərin bu elekron cihazı necə istifadə etdiklərini sürücülərin özlərindən soruşduq. 82 nömrəli marşrut xəttində işləyən avtobus sürücüsü Əli Salmanov deyir ki, avtobusda quraşdırılan elektron avadanlıq onun işini xeyli yüngülləşdirib. O, cihazdan istifadə etməyi öyrənmək üçün onlara təlim keçildiyini bildirir.

Əli Salmanov:

Arxa maşını qabaq maşını göstərir da o.  Bir də intervalı onunla veririk. Bayaqdan saatla işləyirdik ,indi saata ehtiyac yoxdur monitorla işləyirik. Təlim keçiblər. Bir də burada varda, məsələn burada göstərir, “Xəbərdarlıq” varda, bizə dedilər ki, o “Xəbərdarlıq”la tanış olun, onunla idarə edin.

“Nəqliyyatçılar” İctimai Birliyinin sədri Natiq Ələkbərov isə bu sistemin lazımlı olduğunu desə də, şəhərdəki tıxac və digər problemlərin sistemin düzgün işləməsinə mane olduğu fikrindədir.

Natiq Ələkbərov:

Bakı şəhəri “tıxaclı küçə”dir və ona görə də onu monitorla, necə hərəkət edib etmədiyini izləmək, yaxudda vəziyyəti nizamlamaq çətin məsələdir. Tıxac monitorun görüntüsünü heçə endirir. Bu məsələ bir eksperiment kimi Bakı şəhərində quruldu,baxıldı, nəticə bunun lazımlı olduğunu göstərdi. Lakin bunu işlədən mütəxəsislər lazimi səviyyədə deyillər.

Nəqliyyatı İntellektual  İdarəetmə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Zülfiyyə Əlizadə sözü gedən sistemin  üç mərhələdən ibarət olduğunu qeyd edir. Onun sözlərinə görə, birinci mərhələdə sistemin Bakı şəhərində, ikinci mərhələdə Abşeron yarımadasında, üçüncü mərhələdə isə bütün respublikada tətbiqi nəzərdə tutulur. Zülfiyyə xanım, hazırda, sistemin tətbiqi prosesində problemlərin olduğunu inkar etmir.

Zülfiyyə Əlizadə:

-Mərkəz 1 ildir fəaliyyət göstərir. Sistemin hələ tətbiqi mərhələsi həyata keçirilir, yəni,avadanlıqlar quraşdırılır, müvafiq olaraq onlar yoxlanılmalıdır. Optimallaşdırma işləri həyata keçirilir ki, sistem tam normal işləsin. Bununla bağlı  ola bilsin ki,müəyyən çətinliklər müşahidə olunsun, dayanacaqlarda.

Şöbə rəhbəri, həmçinin qeyd edir ki, problemlərin yaranmasının digər səbəblərindən biri də sürücülərin yeni sistemdən düzgün istifadə etməməsi və çox vaxt avtobuslarda avadanlığın söndürülməsidir ki, belə olan halda avtobusların hərəkəti barədə mərkəzə heç bir məlumat daxil olmur. Belə sürücülər barəsində hansı tədbirləri görürsünüz? sualımıza isə Zülfiyyə xanım belə cavab verir:

Zülfiyyə Əlizadə:

–         “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə məlumat veririk və onlar lazım olan tədbirləri görürlər.

Sonda onu da qeyd edək ki, Nəqliyyatı İntellektual  İdarəetmə Sistemi  90-cı illərdə sürücü və sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yaradılıb. ABŞ, Yaponiya, Cənubi Koreya və Sinqapur bu sistemdən ilk istifadə edən ölkələrdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.