Aktual

Avtobus sürücüsü: “Tibbi baxışdan keçmirik”

Səhər saat 9-dur. 79 nömrəli marşrutdayam. Sürücünün arxasındakı oturacaqda əyləşib, pəncərədən şəhəri seyr edirəm. Burda əyləşməyim isə təsadüfi deyil. Avtobus sürücülərinin tibbi baxışdan keçib-keçməməkləri haqda material hazırlayıram. Amma onları yoxlayan həkimi tapa bilmirəm. Sürücülərin tibbi kağızlarında onların reysqabağı müayinədən keçməsini təsdiq edən möhür vurulur. Lakin bu müayinənin harda və necə aparıldığını bilmirəm. Sürücüdən soruşuram. Deyir ki, tibbi kağızı yoxdur, indi alacaq.

Nizami metrosunun qarşısındakı dayanacaqda mülki geyimli bir şəxs, sürətlə avtobusun sol tərəfindən pəncərəyə yaxınlaşır. Möhürlənmiş tibbi nəzarət kağızını verir, sürücünün bükülü şəkildə uzatdığı pulu alıb, 40 qəpik qaytarır və uzaqlaşır.

Sürücü:

– Tibbi baxışdan keçmirik. İkinci reysdə bir nəfər mülki geyimli şəxs, həkim adı ilə gəlir, orada 60 qəpik hər maşından pul yığır, çıxıb gedir. Heç bir sürücü tibbi müayinədən keçmir. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyir ki, sürücülər hər gün tibbi müayinədən keçirlər.

Namiq Həsənov:

– Reysqabağı müayinə var. Hər gün qarajlardan çıxarkən sürücülər tibbi, avtobuslar texniki müayinədən keçirlər. Kimsə ondan yayınıbsa deyə bilmərəm amma bu müayinədən keçməyənləri xəttə buraxmırlar.

Millət vəkili Çingiz Qənizadə hesab edir ki, bu, qanun pozuntusudur.

 Çingiz Qənizadə:

– İctimai nəqliyyatı idarə edən şəxslər həkim müayinəsindən keçməlidir və özü də ciddi keçməlidir. Ölkədə müəyyən rüşvət və korrupsiya hallarının olması, ictimai nəqliyyatın arxasında hüquqi şəxs qismində duran vəzifəli şəxslərin güc və nüfuzunun olmasıdır. Azərbaycan cəmiyyətində əlinə balaca səlahiyyət keçən şəxslərin burada maddi maraq güdmələridir. Belə hallarda, olduqca ciddi olmaq lazımdır və təəssüf ki, Azərbaycanda tibbi müayinələr formal xarakter daşıyır və Əmək Müfəttişliyi bu şeylərə ciddi nəzarət etməlidir”.

Dövlət Əmək Müfəttişliyinin rəhbəri Məhərrəm Məhərrəmov isə rəhbərlik etdiyi qurumun nəzarət imkanlarının məhdud olduğunu deyir.

Məhərrəm Məhərrəmov:

– Biz bir müəssisədə ildə bir dəfə yoxlama apara bilirik. İşçinin özü hüququnu bilməlidir ki, əmək müqaviləsi bağlamadan işə cəlb olunduqda, gələcəkdə təqaüddən məhrum olur, xəstəlik vərəqəsinə görə ona heç bir müavinət ödənilmir, xəsarət alsa, xəsarət əvəzi ödənilmir. Öləndə ailəsinə heç nə verilmir.

Vətəndaşların Müdafiə Liqasının sədri Sahib Məmmədov da bu məsələdə formallığın olduğunu vurğulayır.

Sahib Məmmədov:

– Hökumətin müəyyən etdiyi qərar əsasında həm psixoloji, həm də infeksion xəstəliklərə qədər olub-olmamaqla bağlı yoxlamadan keçməlidirlər. Praktika budur ki, ya keçmirlər, ya da ki, bu çox formal bir xarakter daşıyır. Yalançı arayışların ora qoyulması ilə bitib gedir.

İctimai nəqliyyatın daimi istifadəçilərinin  də fikirlərini öyrənirik. Sərnişinlər düşünürlər ki, sürücülərin tibbi müayinədən keçməsi çox vacibdir.

Ziba:

– Vaxtlı-vaxtında, məncə, tibi baxışdan keçməlidirlər ki, yollarda xoşagəlməyən hadisələr baş verməsin.

Rəşad:

– Bu təhlükəlidir. Bu boyda sərnişin daşıyır. Yəni həm avtobusda olan, həm də qıraqdakılara xətər yetirə bilər. Yoxlasalar yaxşı olar.

Qanunvericilikdə isə bu məsələ, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il avqust ayının 21-də  verdiyi qərarla tənzimlənir. Qərarda deyilir ki,  reysqabağı və reysdən sonra sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.