Cəmiyyət

“Azərbaycanda caza olan maraq azalıb”

Salman Qənbərov:

Caz mənim üçün həyat tərzidir. Caz mənim üçün azadlıqdır. Caz mənim üçün sərbəstlikdir. Mənim hobbim yoxdur, mən dincələndə də, işləyəndə də mən cazla məşğulam.

Bəstəkar-pianoçu Salman Qənbərov 1996-cı ildən bu yana peşəkar cazla məşğul olur. Bildirir ki, o, dinləyicilərin də ən az onun qədər cazdan zövq almaqlarını istəyir. Həmçinin deyir ki, keçən əsrin 60-70-ci illəri ilə müqayisədə bugün Azərbaycanda caza olan maraq azalıb. Salman bəy bunun səbəbini pop musiqisinin sürətli inkişafı və ciddi musiqiyə tələbatın azalmasında görür.

Salman Qənbərov:

Nəinki bizdə, ümumiyyətlə, italyan musiqiçilərlə mən söhbət eləmişəm. Onlar da deyirlər ki, həmən bu pop aləmi götürüb aparır, yəni onlarda da ciddi musiqini dinləyən çox azdır və hamı şikayət edir.

Salman bəy Azərbaycan cazının əvəz olunmaz ifaçısı Vaqif Mustafazadəni dövrünün qəhrəmanı adlandırır. O, Vaqifin fərqli görkəminə görə təzyiqə məruz qalmasından danışır. Deyir ki, özü heç vaxt belə təzyiqlərə məruz qalmayıb. “İndi mühit fərqlidir və hətta bu sənətə yeni başlayanlar ilk olaraq fərqli imicləri ilə diqqət çəkirlər”.

Salman Qənbərov:

Mən deyərdim ki, gənc musiqiçilər məhz imiclə başlayırlar, heç bir imicdən çəkinmirlər. Hər bir imic qəbul olunur.

Mustafazadənin əsasını qoyduğu caz-muğam sintezini bir termin kimi qəbul etməyən Salman bəy bu sintezi daha çox etno-caz adlandırdığını deyir.

Salman Qənbərov caz haqqında danışır

Salman Qənbərov:

Mən buna caz-muğam kimi baxmıram, mən ona etno-caz kimi baxıram. O vaxt o, caz-muğam kimi termin ala bilər, nə vaxt başqa ölkələrdə də bundan istifadə eləyib çalarlar.

Azərbaycan cazının xaricdə kifayət qədər tanınmadığını deyən Salman bəy bunun üçün müəyyən addımlar atılmalı olduğu fikrindədir.

Salman Qənbərov:  

Hələki, tezdir demək ki, Azərbaycan cazını yaxşı tanıyırlar. Hardasa tanıyırlar, hardasa tanımırlar. Azərbaycan cazının tanınmasında müxtəlif işlər gərək görülsün. Festivallarda iştirak eləmək lazım, müsabiqələrdə iştirak eləmək lazımdır. Yəni, çoxlu konsert, çoxlu festivallar, caz festivallar, bir də ki, caz klublarda çıxış, gündəlik iş və CD-lər. Gözəl, yaxşı, tələsmədən CD-lər yazmaq.

Salman bəy onu da qeyd edir ki, Azərbaycanda bacarıqlı caz musiqiçiləri yetişir, lakin onlar fəaliyyətlərinə başqa ölkələrdə davam edirlər. Müsahibimiz bunun səbəbini Bakının artıq caz paytaxtı olmaqdan çıxmasında görür. O, Bakının köhnə caz nüfuzunu qaytarmaq üçün görülən tədbirlərdən də danışır.

Salman Qənbərov:

Bakıda çox yaxşı musiqiçilər var idi. Çoxlu musiqiçilər Bakıdan sonra gedirlər Moskvada işləyirlər, hardasa başqa bir şəhərlərə gedirlər. Yəni ki, yetişdirirdi, bu torpaq, bu musiqiçiləri yetişdirirdi. Amma təəssüflər olsun ki, bəziləri tərk edirlər ölkəni, çünki caz paytaxtı olsaydı tərk eləməzdilər. Bizdə artıq 2002-ci ildən hər il caz festivallar keçirilir. Yaxşı ki, bizdə səfirlər var hansıki, çox fəal iştirak edirlər, musiqiçiləri gətirirlər. Bu belə davam eləsə, çoxlu-çoxlu musiqiçilər bura gəlsə Azərbaycan öz o “Bakı caz şəhəridir” adını yəqin ki, qaytaracaq özünə.

Salman bəy hər həftənin dördüncü günü Bakı Caz Mərkəzində çıxış edir. O, bildirir ki, bundan əvvəl çalışdığı caz klubda dinləyiciləri ilə daha səmimi bir münasibəti var idi. Hal-hazırda isə Bakı Caz Mərkəzində həmin dinləyicilərin itirildiyini düşünür. Müsahibimiz bunun əsas səbəbini Caz Mərkəzində əsasən qeyri-caz musiqilərin ifa olunmasında görür.

Salman Qənbərov:

Caz mərkəzində biraz mühit başqadır. Burda çox vaxt qeyri-caz musiqi səslənir deyə ola bilsin ki, biz burda nəsə itirmişik, o dinləyiciləri itirmişik. Dördüncü gün mən sırf caz musiqini ifa eləyəcəm. Müxtəlif dinləyiciləri qaytara bilsəm özümü xoşbəxt hiss edərəm.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.