GSR fm, Podkastlar, ZZ-Manşet

Azərbaycan səhnəsinin “qayınanası”

Azərbaycan səhnəsinin “qayınanası” Nəsibə Zeynalova… Qırx ildən çox Musiqili Dram Teatrında bir-birindən maraqlı obrazlar canlandıran Nəsibə xanım 1916-cı ildə Bakıda anadan olub. Atası Cahangir Zeynalov tacir, eyni zamanda Azərbaycan realist aktyor məktəbinin banisi idi. Aktyor 12 ildən sonra nəzir-niyazla dünyaya gələn yeganə qızı Nəsibənin onun sənətini davam etdirməsini böyük həvəslə arzulayırdı.

1918-ci ildə ermənilərin Bakıda törətdiyi qırğınlar vaxtı Cahangir Zeynalov ailəsini götürüb İrana gedir. Sentyabr ayında Bakıya qayıdarkən aktyor gəmidə qarın yatalağına tutulub, qısa müddətdə rəhmətə gedir. O zaman balaca Nəsibənin iki yaşı var idi. Nəsibə beş yaşında olarkən anası Hüsniyyə xanım Məlik adlı bir nəfərlə ikinci dəfə ailə həyatı qurur.  Lakin bu heç də uğurlu evlilik olmur. Aktrisanın atalığı işləmir, evin əşyalarını satıb ailəni dolandırır. Hətta bir neçə dəfə Hüsniyyə xanım həyat yoldaşını oğurluq etdiyinə görə döyür. Bu evlilikdən iki övlad dünyaya gəlir. Bir müddət sonra isə ailə dağılır. Bundan sonra  ana üç uşağı saxlamaq üçün böyük əziyyətlər çəkməli olur. Həmin vaxtlar Nəsibə xanım bir çox yerlərdə işləyir. O, Bakı Elektrik Şəbəkəsinin laboratoriyasında, “Azərsənət”  birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında uçotçu, bakkanalizasiyada fəhlə kimi çalışır. Bakkanalizasiyada işləyərkən təsadüfən rejissor və aktyor Şəmsi Bədəlbəyliylə qarşılaşır. Bu vaxt Bədəlbəyli ona Flarmoniyada işləməyi təklif edir. O, dövlət flarmoniyasında rəqqasə kimi işləməyə başlayır. Lakin incəsənətin bu sahəsində uğur qazana bilmir.

nesibe1

1934-cü ildə Nəsibə Zeynalova səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi çalışmağa başlayır. Nəsibə xanım atasınının arzusunu yerinə yetirmək üçün aktrisa olmaq istəsə də, anası buna razı olmur. Lakin aktrisanın bu sahədə qazandığı uğurları, ona verilən rolların öhdəsindən necə məharətlə gəldiyini görüb razılıq verir.

O sənədlərini Bakı Teatr Texnikumuna təqdim etsə də, sənədləri geri qaytarılır.

1938-ci ildə Musiqili Komediya Teatrı təzə-təzə təşəkkül tapdığı vaxlarda teatra birinci dərəcəli aktyor kimi dəvət alan ilk aktrisa elə məhz Nəsibə xanım Zeynalova olur. Bundan bir il sonra isə aktrisa yenidən sənədlərini Bakı Teatr Texnikumuna təqdim edir və bu dəfə texnikumun tələbəsi olur.

Texnikumu bitirdikdən sonra aktrisa Musiqili Komediya Teatrına qayıdır. Lakin teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır. Aktrisa həmin ildən Bakıda Nizami adına kinoteatrın yay zalında kassir, Flarmoniyanın estrada sektorunda aktrisa Mədəniyyət Evində dram dərnəyinin rəhbəri kimi çalışır. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən fəaliyyətə başlayır.  Elə həmin ildən Nəsibə Zeynalova doğma teatrda yaradıcılığına qaldığı yerdən davam edir.

nesibe2

Nəsibə Zeynalova teatrla yanaşı bir çox filmlərə də çəkilib. Aktrisa 1958-ci ildə “Ögey ana”, 1962-ci ildə “Böyük Dayaq”, 1963-cü ildə “Ulduz”, 1968-ci ildə “Qanun naminə”, “Bizim Cəbiş müəllim”, 1978-ci ildə “Qayınana” və bir çox digər məşhur Azərbaycan filmlərində rol alıb. Oynadığı obrazların böyük və balacalığından asılı olmayaraq aktrisa ona verilən bütün obrazların öhdəsindən böyük məharətlə gəlib. Aktrisanın son çəkildiyi film isə “Yuxu” filmi olub.

Nəsibə Zeynalova 9 iyun 1959-ci ildə «Şərəf nişanı» ilə təltif olunub. Azərbaycan Musiqili Teatrının inkişafında xidmətlərinə görə 24 may 1960-cı ildə “Azərbaycan Respublikasının əməkdar artisti”, 1967-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmini çəkib.

Aktrisa 2004-cü il 10 mart – teatr günündə Bakıda vəfat edib. Vəfat günü aktrisaya “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın medalı verilib. Bir il sonra isə «Qrand» Müstəqil Milli İctimai mükafati ilə təltif olunub.

Hazırladı: Gülnar Xıdırova

 

Öncəki xəbərNövbəti xəbər