Müsahibə, ZZ-Manşet

“Azərbaycanda atletikaya maraq artıq bizi qane edir” - Reportaj

Atletika dünyanın ən qədim idman növlərindən biridir. Deyə bilərik ki, hətta bir çox idman növünün əsasını atletika təşkil edir. Belə ki, istər qaçış, istər tullanma, istərsə də digər atletik hərəkətlər fərqli idman növlərində uğur qazanmağa kömək olan amillərdəndir.

İlk qaçış yarışı e.ə. 3800-cü ildə Misirdə təşkil edilib, amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya Oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsadüf edir. Müasir yüngül atletika oyunlarının geniş yayılması və inkişafı da Olimpiya oyunlarının yenidən bərpası və inkişafı ilə eyni dövrə, yəni 1896-cı ilə təsadüf edir.

Atletika yüngül və ağır olmaqla iki növə bölünür. Yüngül atletika özündə qaçış idman növləri, idman yerişi, tullanmalar, atmalar, çoxnövçülük və krossu birləşdirir.

Azərbaycan Atletika Federasiyası (AAF ) daölkə müstəqillik qazandıqdan sonra, 1992-ci ildə təşkil edilib. Federasiya təsis olunduqdan sonra Avropa Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1997-ci ildə Sergey Boçkov yeniyetmələr arasında Asiya birinciliyində bürünc medal əldə edib. Hazırda Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışların əksəriyyəti məhz 200, 400, 800 və 1500 metrlik məsafəyə qaçış yarışlarından ibarətdir.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında komanda rəhbəri olan Bəhruz Salehli atletika oyununa olan maraq və bu idman üzrə keçirilən yarışlar haqqında məlumat verir:

“Azərbaycanda atletikaya olan maraq son illər artıq bizi qane edir. Gənclərin atletika oyununda ən çox maraq göstərdiyi idman növü tullanmalar və sürət qaçışlarıdır. Hətta əvvəlki zamanlarda da bu oyunlara daha çox maraq göstərirdilər. Atletika oyunları ilə bağlı keçirilən yarışlarda  idmançımız Nazim Babayev Avropa oyunlarında uğurlar əldə edib.  Keçən il atlet Hanna Skida Avropada böyüklər arasında keçirilənyarışda ilk dəfə 3 medal qazanıb. Hali İbrahimov isə dünya kubokunda 2-ci yeri tutub və Avropa çempionu olub”.

“Olympic Moves 2017” idman layihəsində yeniyetmələr yüngül atletika üzrə hoppanma və qaçış yarışlarına daha çox maraq göstərir.

Azərbaycan Atletika Federasiyasının rəyasət heyətinin üzvü Elman Rızazadə “Olympic Moves Azerbaijan” idman proqramı haqqında məlumat verir. O, yarışın faydalarından və uşaqların bu oyuna olan marağından danışır. Elman Rızazadə əlavə müraciət edən məktəblilərin sayının artacağını da qeyd edir:

“Olympic Moves 2017” idman layihəsində Bakı şəhərinin bütün məktəbləri, Gəncə və Sumqayıt  şəhəri, Göygöl rayon məktəbləri iştirak edir.  Məktəblər arasında keçirilən yarışlar yüksək səviyyədə təşkil olunub. Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və  İdman Nazirliyi, Təhsil Nazirliyi və Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı “Coca-Cola” şirkətinin təşəbbüsü ilə keçirilən  bu layihədə hər tərəfdaşın öz öhdəliyi var və öhdəliyə uyğun olaraq oyunları təşkil edirlər. Bu proqramın məktəblilərin atletika idman növünə olan marağını artırmaq üçün əhəmiyyəti çox böyükdür. “Olympic Moves” proqramı çərçivəsində ötən il Bakı şəhərindən  bizim atletika məktəbinə 70-dən çox gələn idmançımız oldu. Bu il dəqiq sayı hələlik məlum olmasa da, əlavə müraciət edənlərin sayı artmağa başlayıb”.

Qeyd edək ki, fevralın 12-də Respublika Olimpiya Mərkəzində atletika idman növü üzrə Azərbaycan birinciliyi başlayıb. 1999-2000-ci il təvəllüdlü oğlanların iştirak etdiyi  yarışıda Vaqif Bağırov 60, İlham Abışov 400 metr məsafəyə qaçış yarışlarında birinci olublar.

Azərbaycan idmançıları  atletika üzrə 3 dəfə Olimpiya Oyunlarının mükafatçıları olublar.1956 və 1960-cı illərdə Yuri Konovalov,1972-ci ildə isə Aleksandr Kornelyuk 100 metrə estafet qaçışında mükafata layiq görülüblər.

Avropa Oyunlarında uğurları olan azərbaycanlı atletlər də az deyil. Bunlar sırasına üçtəkanla tullanmada Nazim Babayev, 110 metr məsafəyə maneələrlə və 4×100 estafet qaçışı üzrə iştirak edən  Rahib Məmmədov kimi idmançılar daxildir.

Hazırladı: Asiman Aslanova

 

Öncəki xəbərNövbəti xəbər