Uzun illər uşaqlarının sevimli mahnısına çevrilən “Kukla” Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın musiqi xəzinəsinə bəxş etdiyi bənzərsiz nümunələrindən biridir. Xoş melodiyalı, qəlblərə yatan mahnıların müəllifi olan Ağabacı Rzayeva Azərbaycan musiqi tarixində özünəməxsus iz qoyub.
Ağabacı İsmayıl qızı Rzayeva 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası İsmayıl Rzayev ixtisasca iqtisadçı olsa da, muğamın kamil bilicisi idi. Babası Mirzə Fərəc isə Bakıda tarın ilk ifaçısı, muğamşünas və müəllim kimi tanınıb. Elə Ağabacı Rzayeva da muğamın ilk sirrlərini babasından öyrənib.
Babasının vəfatından sonra o, Pedaqoji Texnikumu bitirib bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin musiqidən də ayrı qala bilmir. Yaxşı səsi olan qızlardan ibarət xor yaradıb, özü də onları tarda müşaiət edir.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun dərsləri və musiqi əsərləri Ağabacı Rzayevanın musiqiyə olan həvəsini daha da artırır. Bu həvəs onun yolunu Konservatoriyadan salır.
1934-cü ildə konservatoriyanın nəzdində xalq musiqi şöbəsi yaradılarkən Üzeyir Hacıbəyov Ağabacı ilə bacısı Ruqiyyəni yanına çağırtdırıb deyir: “Qoçaq qızlarsınız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər”. Beləliklə, bacılar şöbənin ilk qız tələbləri olur.
Ağabacı Rzayeva not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsurovdan dərs alır. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli dərs deyirlər. Bir il sonra Ağabacı Rzayeva Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur. 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.
Tədricən Ağabacının qəlbində musiqi bəstələmək istəyi baş qaldırır və o özünün ilk əsəri olan “Gənc vətənpərvərlər marşını” bəstələyir. Üzeyir Hacıbəyov tələbəsinin marş əsərini dinləyib öz məmnunluğunu belə bildirir: “Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər”. Bu sözlər o dövrün reallığını əks etdirməklə yanaşı gənc musiqiçini daha böyük həvəslə işləməyə ruhlandırır və o, Ü.Hacıbəyovun bəstəkarlıq dərslərinə də davam etməyə başlayır. Onun ardınca digər istedadlı qızlar da bəstəkarlıq sahəsinə gəlirlər.
Ağabacı Rzayeva həm, Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın bəstəkardır.
Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Bəstəkarın vokal yaradıcılığında müxtəlif səpkili romanslar, vətənpərvərlik və sülh, əmək və məhəbbət mövzuları, eləcə də uşaq həyatının müxtəlif səhnələrini canlandıran mahnılar çoxsaylı nümunələrlə təmsil olunub.
Ölməz Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə A.Rzayeva Azərbaycan şairlərinin – Nizaminin “Könlüm”, Füzulinin “Afəti-cansan”, Sabirin “Zülfi pərişan olmasın” qəzəllərinə musiqi bəstələyir.
Böyük Vətən müharibəsi illərində sənətkar xalqın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini öz əvəzolunmaz bəstələrində tərənnüm edir. Bəstəkarın “Vətən”, “Partizan oğlu”, “Qəhrəman ananın qəhrəman oğlu”, “Sevgilim əsgər gedir”, “Gözləyəcəyəm, sevgilim” əsərləri Vətənə məhəbbət hissləri ilə doludur. Ağabacı Rzayeva öz yaradıcılığında dinc quruculuq illərində çalışan fəhlələri də unutmur. Onun “Neftçi Qurban”, “Çoban Qara”, “Neftçilər mahnısı”, “Muğan qızı” mahnıları tez bir zamanda şöhrət qazanır. O, geniş kütləyə ünvanlanan “Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar ellər”, “Dilbərim” mahnılarını da xor üçün bəstələyir.
Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən”, “Şarım uçdu havaya”, “Bala ceyran” və “Buzovum” ifaları bəstəkarın dillər əzbəri olan məşhur uşaq mahnılarındandır.
Ağabacı Rzayeva yaradıcılığından danışarkən onun “Höcət eləmə” musiqili komediyasını, “Ögey ana” dramını, variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyeslərini, xalq çalğı alətləri üçün “Şənlik” süitasını da mütləq qeyd etmək lazımdır.
Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır. Beləki o, klavır şəklində bəstələnmiş “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarını Üzeyir bəyin təkidi ilə orkestr üçün işləyir, lakin vokal partiyasını səsdən başqa həm də mülayim tembrli klarnet alətinə həvalə edir. Və beləliklə də, bu gözəl alət o vaxtdan orkestrdə öz yerini tutur.
Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova və başqaları onun könül təranələrini ifa etmiş müğənilərdəndir. İfa olunmamış əsərləri isə İncəsənət Arxivində saxlanılır.
Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub. “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunan bəstəkara 1960-cı ildə Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.
Milli bəstəkarlıq sənətimizin ilk qadın nümayəndəsi olan Ağabacı Rzayeva 1975-ci il iyulun 5-də, 63 yaşında Bakıda vəfat edib. Bəstəkarın məzarı ikinci Fəxri Xiyabanda yerləşir.
1 şərh