İdman, ZZ-Manşet

Bakı 2015-də 20 idman növü təmsil olunacaq

olimpiya_Baki_2015Sambonun da əlavə edilməsilə Bakı 2015 Avropa Oyunlarında təmsil olunacaq döyüş idman növləri təqdim edilib və güləş idman növü üzrə çəki kateqoriyaları artırılıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BAOƏK) verilən məlumata görə, komitə bu gün Sambo döyüş idman növünün birinci Avropa Oyunlarının idman proqramına daxil edildiyini elan edib.

Qeyd olunub ki, cüdo, cucitsu və güləşin, o cümlədən yerli döyüş növlərinin çılğın qarışığı olan Sambo Azərbaycanda çox populyardır və bütövlükdə Qafqaz regionunda  qədim tarixə malikdir.

Sambonu döyüş növləri sırasına daxil etmək qərarı Avropa Olimpiya Komitələri və Beynəlxalq Sambo Federasiyası (FİAS) tərəfindən verilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bunları deyib: “Biz Sambonun rəsmən Bakı 2015 Avropa Oyunlarının idman proqramına daxil edildiyini və gələn ilin birinci Avropa Oyunlarında nümayiş olunacaq yeni innovativ idman növlərinin sayının artırıldığını böyük məmnunluqla nəzərinizə çatdırırıq.

Azərbaycanda olduqca populyar olan bir idman növünün proqrama daxil edilməsi gələcəkdə də bu yarışmanın əhəmiyyətini artıracaq və Avropa Oyunlarına gələcək idman proqramlarına populyar yerli idman növlərini daxil etmək mirası qoyacaq”.

Bu yeni əlavə Bakı 2015 Oyunlarında 16-sı Olimpiya idman növü, dördü isə qeyri-Olimpiya idman növü olmaqla cəmi 20 idman növünün təmsil olunacağı deməkdir.

Həmçinin, daha altı çəki kateqoriyasının daxil edilməsilə güləş də Bakı 2015 Avropa Oyunlarında irəli sürüləcək.

Bu idman növünə əlavə olaraq 80 kvotalıq yerlər verilib və Birləşmiş Güləş Növləri üzrə Beynəlxalq Federasiya (FİLA) tərəfindən doldurulacaq.

Bakı 2015 Avropa Oyunlarında ümumilikdə 480-dən çox güləşçi altı gün ərzində Heydər Əliyev Arenasında kişilər və qadınlar kateqoriyalarında 25 qızıl medal uğrunda yarışacaq.

S. Kleq daha sonra bunları açıqlayıb: “Güləş Azərbaycanda ən populyar idman növlərindən biridir və növbəti il keçiriləcək Avropa Oyunlarında rəqabəti artırmaq üçün yarışların proqramına edilmiş mükəmməl bir əlavədir”.

FİLA prezidenti Nenad Laloviç isə bunları deyib: “Birinci Avropa Oyunlarında idmançılarımızın yarışması üçün idman növlərinin artırılması əla haldır. Biz Avropanın ən uğurlu güləşçilərinin tarixən birinci qitə çempionu adı uğrunda döyüşməsini səbirsizliklə gözləyirik”.

Bildirilib ki, boks üzrə qlobal xal reytinqi sisteminə edilmiş sonuncu yenilik gələcək yay 2015 Oyunlarında Avropanın ən uğurlu döyüşçülərinin qızıl medaldan daha üstün məqsədlər üçün yarışacağı deməkdir. Beynəlxalq Boks Assosiasiyası (AİBA) artıq qitə üzrə ümumdünya multi-idman Oyunlarında yarışmağa görə reytinq xallarının veriləcəyini elan etməklə həvəsləndirməni daha da artırıb.

Bu isə o deməkdir ki, birinci Avropa Oyunlarının boks üzrə qızıl medalçıları artıq AİBA Reytinq Sisteminin 700-dək reytinq xalını qazana bilərlər.

AİBA prezidenti Ç.K. Vu deyib ki, AİBA-nın qitə Oyunlarında reytinq xalları vermək haqqındakı qərarı dünyanın ən uğurlu boksçularının bu cür tədbirlərdə tez-tez iştirak etməklə yarışların standartını olduqca yüksək səviyyəyə qaldırdığını qəbul edir: “Mən Avropa Oyunlarının gələcəkdə də Avropada boksun davamlı inkişafına necə təsir edəcəyini görmək üçün səbirsizlənirəm”.

Qeyd olunub ki, BAOƏK bu gün Küçə Atletikası (hündürlüyə tullanma və ağacla hündürlüyə tullanma) yarışlarının da gələn ilki tədbirin nümayiş proqramında əks olunacağını elan edib.

İki idman bölməsinin proqrama daxil edilməsi Bakı 2015-in birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bağlı uzaqgörən və innovativ yanaşma nümayiş etdirdiyinin göstəricisidir.

Bakı 2015 Avropa Oyunlarında idman direktoru Pirs O’Kallaqan isə bunları açıqlayıb: “Proqramımızda əks olunan çox sayda idman növünün Bakı 2015 Avropa Oyunlarını idmançıların karyeralarında yüksəlməsi üçün ciddi bir tədbir kimi görməsi faktı Avropa idman ailəsinin tam şəkildə birinci Avropa Oyunlarının arxasında olduğunu göstərir. İdman proqramını genişləndirməklə biz gələn il bir sıra həyəcanverici və yeni idman növləri üzrə yüksək keyfiyyətli yarışlar izləməyi və Avropanın ən uğurlu idmançılarını Bakıda görməyi səbirsizliklə gözləyirik”.

Bakı 2015 Oyunları 2015-ci ilin 12-28 iyun tarixləri arasında baş tutacaq.

Bakı 2015 Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək: bunlardan 16-sı Olimpiya  və 4-ü qeyri-Olimpiya oyunudur. 17 gün davam edəcək yarışlarda bütövlükdə Avropadan 6000-dən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

İdman növlərindən doqquzunda 2016-cı ildə Rio de Jeneiro şəhərində keçiriləcək Olimpiya Oyunlarına təsnifat imkanları təqdim olunacaq. Bu idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped yarışı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Oyunların Bakıda keçirilməsinə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən qərar verilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə birgə Oyunların təşkilatçılığı və icrası ilə məşğul olacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.