Cəmiyyət

Bakı avtobuslarında əlillərə yer yoxdur

Əlil arabasında olan 37 yaşlı Firdovsi Vəliyev avtobusdan istifadə edə bilmədiyindən istədiyi yerə taksi ilə gedib-gəlir. Buna səbəb isə yollarda və ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün şəraitin olmamasıdır. Firdovsi bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da avtobuslarda onlar üçün imkanların yaradılması arzusundadır.

Firdovsi Vəliyev:

Avtobuslar lazımdır, o da yoxdur. Yəni görməmişəm. Mən də istəyərəm ki, Azərbaycanda da elə olsun. Bir mən kimi əlil yox, məndən başqa nə qədər əlil var kalyaskada (arabada-müəl.) minməyi-düşməyi, rahatlıqları olsun.

16 nömrəli marşurut avtobusunun sürücüsü Mikayıl Məmmədov bildirir ki, təxminən bir il əvvəl elə 16 nömrəli marşurut üzrə işləyən avtobuslarda əlilliyi olan insanlar üçün panduslar var idi. O, həmin avtobusların sonradan xətdən çıxarıldığını deyir. Bəs indiki avtobuslarda panduslar olsaydı, siz əlil insanlar gördükdə onları açardınız? sualını isə Mikayıl Məmmədov belə cavablandırır. 

Mikayıl Məmmədov:

Ona vaxt yoxdur birinci. Nə astanovkada (dayanacaq-müəl.) şəraitimiz yoxdur ki, verək saxlayaq. Gedək açaq o polkanı əlil arabası minsin. Birinci əlil minmir avtobusa. Biz yardımımızı etməsək də, camaat qaldırıb qoyur oraya.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun sözlərinə görə, məsələ ilə bağlı bir neçə dəfə aidiyyəti qurumlara təkliflər verilib ki, əlilliyi olan şəxslər üçün xüsusi avtobuslar gətirilməlidir.

 Vüqar Həsənov:

Məndə olan məlumata görə səhv etmirəmsə, 70 ədəd Almaniya istehsalı olan “Mercedes-Man” markalı, iritutumlu avtobuslar, liftli maşınlar gətirilib. Eyni zamanda səsli işıqforlar da quraşdırılıb bir çox yollarda ki, gözdən əlilliyi olan insanlar da ondan istifadə edir. Mən deyə bilmərəm ki, bu kifayət edir bizim ictimai nəqliyyatda. Hər halda yəqin ki, gələcəkdə bu avtobusların hansı ki, əlillər, sağlamlıq imkanı məhdud uşaqlar istifadə edəcəkdir, bunların sayı artırılmalıdır.  

 Lakin Vüqar Həsənov mövcud vəziyyətlə bağlı hələ ki, monitorinqlər aparmadıqlarını deyir.

Ombudsman aparatının baş məsləhətçisi, müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudovun sözlərinə görə, Ombudsman Elmira Süleymanova tərəfindən əlilliyi olan insanların ictimai nəqliyyatdan istifadəsinə müyəssər şəraitin yaradılması ilə bağlı Nəqliyyat Nazirliyinə müraciət olunub və təkliflər nəzərə alınmaqla paytaxta Belarus istehsalı “Maz” və Almaniya istehsalı “Man” markalı avtobuslar gətirilib. Amma o, əlliliyi olan insanların bu avtobuslardan istifadəsinə mane olan amillərin olduğunu bildirir.

 Müqalib Mahmudov:

 Çox təəssüflər olsun ki, digər sosial infrastruktur obyektləri belə ki, səkilərdə tutaq ki, münasib şəraitin olmaması, küçələrdə əlilliyi olan şəxslərin hərəkəti üçün müəyəsirliyin olmaması əlilliyi olan şəxslərin nəqliyyat vasitələrinə yaxınlaşma, istifadə etmək imkanlarını məhdudlaşdırır. (19 san.)

Müqalib Mahmudov sözügedən avtobuslarda əlillər üçün tam şəraitin mövcud olduğunu iddia edir. O, əlilliyi olan insanların həmin avtobuslardan istifadəsi ilə bağlı monitorinqin aparılmasının nəzərdə tutulduğunu desə də, Müqalib müəllimdən monitorinqin nəticələri barədə məlumat almaq mümkün olmadı.

Əlil Təşkilatları İttifaqı isə artıq əlilliyi olan insanların avtobuslardan istifadəsi ilə bağlı monitorinqlər edib. İttifaqın rəhbəri Davud Rəhimli bildirir ki, monitorinqlərin nəticələri göstərdi ki, ölkəyə gətirilən bir neçə avtobusda əlilliyi olan insanlar üçün şərait olsa da, əlillər, eyni zamanda sürücülər avtobuslardakı panduslardan istifadə qaydaları barədə məlumatsızdır. O, bildirir ki, hazırda çətin vəziyyətdə olan əlillərin avtobuslardan istifadəsinin qeyri-mümkün olduğunu deyir.

 Davud Rəhimli:

 Həmin avtobusların içərisinə elə oturacaqlar qoyulub ki, oraya lap əlil arabası pilləkəndən çıxsa da, içəridə yer yoxdur artıq o insanlar üçün. Ya dayanacaqlarımızda elə bir şərait yoxdur ki, o insanlar o avtobuslardan istifadə etsinlər. Əlilliyi olan insanların dayanacağa kimi gəlməyi də var. Haradan gəlsin bu dayanacaqda dayansın.

Məhz bu səbəblərdən Davud Rəhimli bu problemə kompleks olaraq yanaşmağın lazım olduğunu bildirir və təkliflər hazırlayıb, Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiklərini qeyd edir.

Davud Rəhimli onu da əlavə edir ki, şəhərdə bir neçə yerdə, xüsusilə Nərimanov rayonunda səsli işıqforlar quraşdırılsa da, standartlara uyğun olmadığı üçün effektli nəticə vermədi.

 Mövzu ilə bağlı son olaraq Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri də digər müsahiblər kimi bildirir ki, ölkəyə gətirilən bir sıra avtobuslarda əlilliyi olan şəxslər üçün şərait var. Amma həmin avtobusların sırf onlar üçün nəzərdə tutulmadığını da sözlərinə əlavə edir.

 Namiq Həsənov:

Yəni şərait necə olub. O avtobuslar sərnişindaşıma üçün nəzərdə tutulub. Sovet dövründə də belə idi ki, bir-iki dənə qabaq oturacaqda əlillər üçün işarələr qoyurdular. Necə ki, metrolarda oturacaqlar üçün qoyurlar. Yəni o nəzərdə tutulub. Ümumiyyətlə, avadanlıq kimi olmayıb o avtobuslarda.

 Bəs sözügedən avtobuslar hansı xətt üzrə işləyir? sualına isə mətbuat xidmətinin rəhbəri “Bu barədə dəqiq deyə bilmərəm”- cavabını verir. Həmin avtobusların yığışdırılması fikrinə münasibət bildirərkən isə deyir ki, yəqin başqa xətlərə verilib.

Qeyd edək ki, “Əlillərin Sosial Müdafiəsi” haqqında qanuna uyğun olaraq əlillər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar digər vətəndaşlar kimi ictimai nəqliyyatdan tam sərbəst istifadə etməlidirlər. Mövcud vəziyyət isə göstərir ki, əlilliyi olan insanların ictimai nəqliyyatdan istifadə hüquqlarının tam təmin olunması sual altındadır.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.