Cəmiyyət, ZZ-Manşet

“Bakı metrosunda da təhlükəsizlik səddləri qurula bilər”

Azərbaycanda ən sıx istifadə olunan nəqliyyat vasitələrindən biri də metrodur. Buna görə də ehtiyatsızlıq ucbatından ölüm hallarının və ya intiharların burada daha çox baş vermə ehtimalı var. Bəs görəsən belə halların qarşısını almaq üçün Bakı metrosunda təhlükəsizlik necə qorunur?

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, hazırda təhlükəsizliyə ancaq polis və metro işçiləri nəzarət edir.

Nəsimi Paşayev:

-Təbii ki, biz də Metropolitendə sərnişinlərin təhlükəsizliyi ilə bağlı bütün ciddi tədbirləri görürük. İstər polis əməkdaşları olsun, istər bizim öz əmakdaşlarımız olsun platformada hərəkət edir, onlara nəzarət edirlər. Yəni mövcud vəziyyətdə maksimum edilə biləcək işlər var. Bundan artığını görmək mümkün deyil. Təbii ki, insan intihar etməyə həvəslidirsə, intihar etməyə qərar veribsə, o intihar edəcək. Yenə deyirəm biz sadəcə maarifləndirici işlər apara bilərik, xəbərdarlıq edə bilərik. Hal-hazırda başqa bir şey edə bilmərik.

Bu barədə öz fikirlərini GSR.fm-lə bölüşən nəqliyyat eksperti Vamiq Şükürovun sözlərinə görə, ümumi texniki təhlükəsizlik qaydalarına əsasən, xüsusi rejimlə işləyən təhlükə potensiallı müəsisələrdə təhlükəsizlik daha ciddi qorunmalıdır. Metroda da əsas məqsəd sərnişinlərin daha təhlükəsiz daşınmasını həyata keçirmək və bu daşınma zamanı baş verə biləcək risklərdən onları maksimum sığortalamaqdır. Bunun üçün də ekspert bir çox ölkələrdə olan təhlükəsizlik səddlərinin Bakı metrosunda qurulmasının vacibliyini qeyd edir:

Vamiq Şükürov:

-Mən hesab edirəm ki, sədlərinin qurulması daha vacibdir. Bu asandır. Məsələn, dünyanın bir çox ölkələrində şüşədən səddlər qoyulur. Düzdür, bir az müəyyən qədər xərclər aparacaq, amma yəni, bu xərclərin çəkilməsi insan amilindən üstün ola bilməz. Yəni, birinci növbədə insan amili önəmlidir.

Bakı metropoliteni stansiyalarında sözügedən təhlükəsizlik səddlərinin olmamasına münasibət bildirən Nəsimi Paşayev bu səddlərin ilk növbədə layihəyə salınmasının vacibliyini vurğulayır:

Nəsimi Paşayev:

-Bakı metrosunda tikilən stansiyalar əvvəllər tikilən stansiyalardır. Söhbət həmin sədlərdən gedirsə, o səddləri hal-hazırda quraşdırmaq elə də asan deyil. Onu quraşdırmaq üçün stansiya tikilərkən, layihələndirilən zaman nəzərdə tutulmalı idi. Bakı metrosunda da tikilmiş stansiyalar köhnə stansiyalardır. Layihələndirilən zaman da səddlər layihədə nəzərdə tutulmayıb. Amma təbii ki, təhlükəsizlik tədbirləri baxımından biz də müasirləşirik, biz də tikililərimizi dünya standartlarına uyğun aparırıq, gələcəkdə bizim tikiləcək stansiyalarda da bu kimi sədlər nəzərə alına bilər.

Vamiq müəllim isə deyir ki, səddlərin tikilməsi qanunda birbaşa göstərilməlidir.

Vamiq Şükürov:

-Təhlükəsizlik sədlərinin çəkilməsini tələb edən birbaşa açıq norma yoxdur. Ümumi məqsəd var ki, sərnişinlər daha təhlükəsiz daşınmalıdır. Amma konkret olaraq, orada təhlükəsizlik səddlərinin çəkilməsi gərək qanuna tətbiq olunsun. Azərbaycanda da dövlət oraqanlarında, xüsusən əhaliyə xidmət göstərən müəssisələrdə qanunvericiliklə birbaşa tələb olunmayan qaydalar həyata keçirilmir. Ən azı Nazirlər Kabineti səviyyəsində məsələyə baxılmalıdır.

Qanunvericilikdə metro təhlükəsizliyinin necə tənzimləndiyi ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik. Millət vəkilinin sözlərinə görə, metrodakı təhlükəsizlik xüsusi bir qanunla nizamlanmır:

Fazil Mustafa:

-Bakı metrosunda ümumi nəqliyyatın təhlükəsizliyi ilə bağlı xüsusi qaydalar nəzərdə tutulub. Amma ayrıca metro ilə bağlı xüsusi qanun yoxdur. Bu metronun özünün təlimatında nəzərdə tutulur. Və əsasən də əhalinin ekstremal vəziyyətlərində evakuasiyası məsələsi, havalanma məsələsi və qəza şəraitinin önlənməsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulur. 

Fazil Mustafa eyni zamanda gələcəkdə təhlükəsizlik səddlərinin qurulması barədə qanuna hər hansı bir dəyişikliyin edilməsinin gözlənilmədiyini də bildirdi.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində Bakı metrosundan 200 milyondan çox insan istifadə edir.

Öncəki xəbərNövbəti xəbər