Podkastlar

Bakı milyonçuları

Bakı milyonçularının Azərbaycan tarixində əvəzsiz rolu vardır. Şəmsi Əsədullayev, Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov Azərbaycanın məşhur milyonçularındandır. Onların milyonları hesabına tikilən bir çox tikililər bugün də maddi mədəniyyətimizin inciləri sırasındadır.

Belə bir həqiqət var ki, hər bir insanın əməlləri əbədi olaraq yaşayır. Öz əməlləri ilə əbədiyyətə qovuşan insanlardan biri də Bakı milyonçusu Şəmsi Əsədullayevdir. O, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanmasının sahibi olub. Uşaqlıq illərini keşməkeşli əkinçilik işlərində keçirən Əsədullayevin yaşadığı ərazidə 1895-ci ildə neft fontan vurur.  Bu  Bakı neft sənayesi tarixində ən məşhur  fontanlardan biri olur.

XX əsrin əvvəllərində varidatına görə məşhurlaşan 11 Bakı milyonçusu arasında birinci yeri isə Ağa Musa Nağıyev tutub. Amma bəzi araşdırmaçılar Nağıyev haqqında danışarkən onu “xəsis” adlandırırlar. Belə ki, həddindən artıq xəsis olan bu adamın simicliyi rəvayət kimi dillərdə dolaşır. Deyilənlərə görə, bir gün milyonçu Zeynalabdin Tağıyev Musa Nağıyevə deyir: “ gənc yaşlarında dünyasını dəyişmiş oğlun İsmayılın xatirəsini əbədiləşdirmək istəyirsənsə mənim açdığım qız məktəbinin alt tərəfi boşdur. Orada bir mülk tikdir, adını qoyaq “İsmailiyyə”. Qoy yazığın adı yaddan çıxmasın”. Nağıyev də Hacının fikri ilə razılaşır. Hətta söhbəti eşidənlər Nağıyevi təbrik edərək ona uğur diləyirlər. Ertəsi gün isə o, Tağıyevin yanına gələrək giley güzara başlayır. “Ay Hacı bu nə işdir gətirmisən başıma?” Hacı isə bunun səbəbini soruşanda Nağıyev deyir “o bina bir neçə yüz min manata başa gələcək! Məndə o qədər pul hardan?” Hacının cavabında deyir “varidatına 2 milyon verirəm sat, alım.  Bu cavabı eşidən Nağıyev əsəbi halda Hacının evini tərk edir. Bununla belə bina tikilir və “İsmailliyə”adlandırılır. Hazırda bu bina Elmlər Akademiyasının “Əlyazmalar İnstitutu”nun  binasıdır.

Başqa neft sənayeçilərindən fərqli olaraq Ağa Musa Nağıyev mühafizəçi saxlamayıb. Deyilənlərə görə, bir dəfə kiminsə sifarişi ilə qoçular onu girov götürüb və şəhər kənarında bir zirzəmidə saxlayaraq 20 min manat tələb ediblər. Əks təqdirdə onu öldürməklə hədələyiblər. Ağa Musa isə sonda cəmi min manatla canını qurtara bilib.

Bundan əlavə hazırki bir çox tikililər: İqtisadiyyat Universiteti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ali Məhkəmə, Bakı Prokurorluğunun, Emin Əfəndiyev və öz adını daşıyan xəstəxanaların, Ana və Uşaqların Mühafizəsi İnstitutunun, “ÜNS” Teatrının, eləcə də digər bir çox komitə və nazirliklərin yerləşdiyi binalar Musa Nağıyevin yadigarlarıdır.

Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet teatrının tikilməsi məşhur milyonçu Mayılovun adı ilə bağlı olsa da, əslində onun bütün xərclərini Hacı Zeynalabdin Tağıyev ödəmişdir. Deyilənələrə görə, 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən  birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa “heç vaxt!” deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: “Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin mənası yoxdur”. Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcəyinə söz verir.

1959-cu ildən Akademik Opera və Balet Teatrı adlandırılan bu əzəmətli bina hazırda Bakı şəhərində yerləşir.

Hacı Zeynalabdin Tağıyev isə həm, milyonçu həm də, xeyriyyəçi kimi tanınır.  O, kasıb, başmaqçı ailəsində anadan olub. Uşaqlıq illərini bənna yanında usta köməkçisi işləməklə keçirən Tağıyev müəyyən qədər vəsait toplayaraq daşyonma işlərini təşkil etməyə başlayır. Bu dövrdə neft sənayesi çox inkişaf edirdi. Hacını  bu o qədər maraqlandırır ki, o podratçılığı ataraq, neft işi ilə məşğul olmağa başlayır. Yığdığı pula Bibiheybətdə neftli torpaqlar alan Tağıyev qısa müddət ərzində varlanır. O, artıq 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk “Qızlar Məktəbi”ni tikdirir. 2 il müddətinə tikilərək istifadəyə verilən bu bina bütün Cənubi Qafqazda yeganə qızlar məktəbi idi.

Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndələrindən biri də Murtuz Muxtarovdur. O Bakının bir sıra milyonçular kimi adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlmişdir. Muxtarov 1895-ci ildə dünyada ilk dəfə “Bakı qazma sistemi” yaradır və bununla da, Azərbaycanın neft sənayesi tarixinə daxil olur.

Hazırda, Bakı şəhərində yerləşən Səadət Sarayının tarixi də Murtuza Muxtarovun adı ilə bağlıdır və onun tikilməsinin əsasında əsl məhəbbət hekayəsi durur. Deyilənlərə görə, məşhur milyonçu öz həyat yoldaşı Liza xanımı çox sevir və onu tez-tez Avropaya səyahətlərə aparır. Bir gün onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və möhtəşəm bir bina görürlər. “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” – deyən Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912 – ci ildə binanın tikintisi başa çatır.

Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirərək binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən xanım, bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur.

 

Öncəki xəbərNövbəti xəbər

6 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.