Bloq, P.S, ZZ-Manşet

Bakıda “Meksika dalğası” - Bloq

alim_elbrusMeksika Dalğası Bakıda bir başqa gözəl alındı. Bunu bacaran Qarabağ azarkeşləri bir daha sübut etdi ki, azarkeş istədiyi vaxt  12-ci futbolçu ola bilər.

Tofiq Bəhramov adına Respublika stadionu bu qədər möhtəşəm anları  bəlkə də yaşamamışdı. Qarabağın Çempionlar liqası təsnifat mərhələsində keçirdiyi oyun zamanı azarkeşlərin sayı və dəstəyi bütün klublara nümunə ola bilər. Bu məsələ haqqında bir qədər sonra fikirlərimi əlavə edəcəm.

Hər kəs fərqli mənzərə gözləyirdi. Avstriya futbolçuları və oyunu idarə edən hakim Azərbaycan futbolunun və azarkeşlərinin belə çıxış edəcəyini düşünmürdülər. Qarşılaşmanın əvvəlki vaxtlardakı kimi boş tribunalar önündə baş tutacaq ehtimal olunurdu. Ehtimalları alt-üst edən isə sadiq Qarabağ azarkeşləri oldu.

Hakimin bəzi anlarda qərar verməkdə çətinlik çəkdiyi açıq aşkar hiss olunurdu.  Stadiona daxil ola bilməyən azarkeşlər belə vardı. Bütün işlər demək olar ki, qüsursuz təşkil olunmuşdu. Buna görə, Qarabağ rəhbərliyi və azarkeşləri təşəkkürə layiqdir.

Bir çox sayılıb seçilən klubların Tofiq Bəhramov adına Respublika stadionuna yaxın durmadıqları bir vaxtda Qarabağ klubu bu stadionda tarixi anlar yaşadı. Bunun səbəbi nədir? Neftçi, İnter, Bakı kimi klubların azarkeşləri azdırmı? Təbii ki, məsələ bu deyil. Flaqmanın, bankirlərin, təyyarəçilərin və digər klubların Bakıda və bölgələrdə kifayət qədər azarkeşi var. Adı çəkilən klubların azarkeş problemi yaşamasına səbəb onların uğursuz çıxış etmələridirmi? Yox, bu da deyil. Azərbaycan klubları bacardıqları qədər uğurlu çıxış etməyə çalışır və qismən də olsa, buna nail olur.

Əsas məsələ klubların azarkeş qrupları ilə sıx əlaqədə olmaması ilə bağlıdır. Avropa və dünyada uğur qazanan futbol klublarının uğurunun əsasında azarkeş faktı dayanır. İstər real da, istərsə də sosial şəbəkələrdə azarkeşlərlə daim ünsiyyət qurulur. Müxtəlif vasitələrlə komanda ilə azarkeş arasında sıx münasibət yaradılır. Belə olan halda həmin azarkeşlər sevimli klublarının istənilən oyununda komandanın yanında olmağı özünə borc bilir. Bütün maddi gəlirlərdən ən üstün olan üsuldan avropa klubları çox məharətlə istifadə edə bilirlər.

Ancaq bu məsələ Azərbaycanda hələki arxa plandadır. Azarkeşlərə sərf olunan vaxta itki kimi baxırlar. Amma Qarabağın çempionlar liqasındakı son oyunu sübut etdi ki, klublar respublikanın ən böyük stadionunu azarkeş ilə bəzəmək üçün azarkeşlərlə daim əlaqədə olmalıdır. Bunu bu gün üçün ən yaxşı bacaran Qarabağ klubudur. “İmarət tayfa” adlı azarkeş qrupu demək olar ki, bütün stadiona nəzarət edirdi. Bu sevindirici haldır. Daha yaxşı olar ki, Avropanı “fəth” etməyi düşünən Azərbaycan klubları bu barədə düşünsün.

Matçı 12 futbolçu ilə qazanmaq mümkündür.

qarabagg

Müəllif: Alim Elbrus


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər