Reportaj, ZZ-Manşet

Bakıxanovun Qubadakı ev muzeyindən reportaj

Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə

Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi-yarım bu gecə!

Bu sözlər böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanova aiddir.

FOTO1..-001

“Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani İrəm” kimi əsərlərin müəllifi olan Abbasqulu Ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olub.

Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov  uşaqlığının ilk illərini Abşeron, Əmircan, Maştağa, Balaxanı və Ramana kəndlərində keçirib.

1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq yeddi yaşında Qubaya, vaxtı  ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olur. Abbasqulu ağa Bakıxanov da 1819-cu ilədək bu kənddə yaşayıb, yarımçıq qalan təhsilini davam etdirir.

Elə onun memorial ev muzeyi də adıçəkilən Əmsar kəndində yerləşir. Yolumu həmin kənddən salıb muzeyi ziyarət edirəm.

Həyətində Bakıxanovun büstü ucaldılan, 3 otaqdan ibarət muzeyi gəzməyə başlayıram.

Muzey işçilərinin dediklərinə görə, buradakı eksponatların heç də hamısı şairin şəxsi əşyaları deyil. Əsilləri olmadığı üçün onların bəzərləri düzəldilib və muzeydə eksponat kimi yerləşdirilib.

Birinci otaqda yerləşdirilən əşyalar arasında təkcə xurcun və qamçı şairə məxsusdur.

FOTO-qamçı-001

Divarları dahi şəxsiyyətə məxsus kəlamlar və sitatlarla dolu olan ikinci otaqdayam. Bu otaqda A.A.Bakıxanovun təşkil etdiyi “Divani hikmət” məclisindən olan köhnə fotoşəkillər yerləşdirilib. Fotolar arasından şairin şəxsi möhürünün rəsmi də var.

FOTO8-001

Muzeydə, həmçinin, şairin müəllifi olduğu “Zümrüd quşu”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq” və digər əl yazmaları qorunub saxlanılır.

FOTO7..-001

Bu dəfə muzeyin sonuncu və ən böyük otağına daxil oluram. Burada diqqətimi ilk çəkən şairin rəsmi toxunmuş xalça olur. İşçilərinin məlumatına görə bu xalça muzeyə A.A.Bakıxanovun  nəticəsi tərəfindən hədiyyə olunub.

FOTO2..-001

Onu da qeyd edək ki, muzey əməkdaşlarının sözlərinə görə A.A.Bakıxanovun kənddəki şəxsi evinin binası bir neçə il bundan əvvəl baxımsızlıqdan dağılmış və hazırda həmin ərazi sakinlər tərəfindən əkin və digər işlər üçün istifadə olunur.

Memorial ev muzeyi isə 1999-cu ildən fəaliyyətə başlamış və 15 ildir ki bu binada gələn qonaqlara xidmət göstərir.

Muzeydən verilən məlumata görə, memorial evin binası qəzalı vəziyyətdə olduğu üçün Quba şəhərinin mərkəzində – Nizami parkında A.A.Bakıxanovun adına yeni muzey tikilir. Yaxın aylarda buradakı eksponatlar yeni binaya köçürüləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.