“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı” imzalanıb.
İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.
Bu barədə GSR.fm-ə müsahibə verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, keçirilən təlimlərin böyük əhəmiyyəti var:
“Birləşmiş Krallığın ordusunun həm döyüşlə bağlı təcrübəsi var, həm də böyük gücə malikdir. Buna görə onlarla keçirilən təlimlərdə Azərbaycan zabitləri və hərbiçiləri yaxşı təcrübə əldə edə bilərlər. Bu nöqteyi nəzərdən onlarla keçirilən təlimlərin çox böyük əhəmiyyəti var. Belə təlimlərdən kifayət qədər yararlanmaq lazımdır”.
Ekspert həmçinin ermənilərin beynəlxalq səviyyədə qadağan olunan zəhərli silahlardan da istifadə etməsindən də danışıb:
“Ermənilər beynəlxalq səviyyədə qadağan olunan silahlardan istifadə etməklə heç bir hüquq və normlara əməl etmir. İstifadə etdikləri silahlar əhali arasında vahimə yaratmaq, zərər vermək məqsədilədir. Azərbaycan artıq bununla bağlı beynəlxaq qurumlara müraciət edib və ölkəyə təxlis olunmuş hərbi ataşelər də bununla bağlı məlumatlandırılıblar. İnanıram ki, bunun bir nəticəsi olacaq. Prezidentlərin yaxın üç gün ərzində görüşlərində bu mövzu gündəmə gətiriləcək.”