Təhsil, Z-Manset

“Bir ay ərzində boş yerə getdik və qayıtdıq”

“Bir ay ərzində boş yerə getdik və qayıtdıq.”

Təhsil müəssisələrinin dərs proqramına daxil olan İstehsalat təcrübəsi tələbələrə dövlət və qeyri-dövlət müəssisələrinin iş prinsipləri ilə tanış olmaq, təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilik və bacarıqları əyani formada tətbiq etmək imkanı verir.

Lakin tələbələr heç də istehsalat təcrübələrinin faydalarıyla  bağlı eyni fikirdə deyillər.

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) informatika-idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Orxan Orucovla söhbətləşirik. Üçüncü kursun əvvəlində bir ay müddətinə istehsalat təcrübəsi keçdiklərini bildirən tələbə bu təcrübənin onun üçün yararlı olmadığı fikrindədir.

Orxan Orucov:

Suraxanı maşınqayırma zavoduna göndərmişdilər orada da ixtisasa aid, demək olar ki, heçnə öyrətmədilər. Ancaq zavodla tanışlıq, vəssalam.

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qaz-neft mədən fakültəsinin üçüncü kurs tələbəsi İlqar Məmmədov isə istehsalat təcrübəsinə ikinci kursun yay semestrində yollanıb. Bir ay davam edən proqramı Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı neft idarəsində keçən tələbə orada öyrəndiyi təcrübələrdən danışır.

İlqar Məmmədov:

Orada, həmin ərazidə neft yataqlarının işlənməsi, orada texnoloji avadanlıqlarla tanış olmaq, işçilərlə işləmə prinsipləri və sairə ilə tanış olduq. Praktikadan qayıtdıqdan sonra daha çox praktiki təcrübələr əldə etdiyimi hiss elədim, yəni bu sahədə hal-hazırda olan yeniliklər və sairə ilə tanış olduq.

Bakı Dövlət Universiteti (BDU) Amerikaşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Elşən Atazadə isə deyir ki, Amerikanın Azərbaycandakı səfirliyində praktika keçməli olduqları halda universitet onları Azərbaycan Dillər Universitetinin Amerikaşünaslıq mərkəzinə göndərib.

Elşən Atazadə:

Təcrübə bundan ibarət oldu ki, müxtəlif tədbirlər keçirilən zaman biz stulların yerini dəyişməli olduq. Bəzi maraqlı tədbirlər oldu yəni səfir filan çıxış etmişdi. Belə xüsusi bir şey olmadı.

ADİU-nun maliyyə-kredit fakültəsinin 4-cü kurs tələbəsi Toğrul İbrahimli 3-cü kursun sonunda istehsalat təcrübəsinə yollandığını deyir. Toğrul deyirki, bu təcrübə  onun üçün sadəcə vaxt itkisi olub.

Toğrul İbrahimli:

Xüsusi bir şey öyrənmədik, sadəcə olaraq bizi banka yolladılar. Bir ay ərzində hər gün getdik, yalan yerə oturduq və qayıtdıq, yəni təcrübə deyə bir şey olmadı, sadəcə adı təcrübə oldu. Orada mənim gələcək həyatıma müsbət təsir edə bilən bir təcrübə orada öyrənmədim, çünki öyrətmədilər, o şərait yaradılmadı.

Bakı Dövlət Universiteti tarix fakültəsinin 4-cü kurs tələbəsi Araz Bağırovun fikrincə isə istehasalat təcrübəsinin bir tədqiqatçı kimi iş həyatına çox böyük təsiri olacaq.

Araz Bağırov:

Tarixi materiallar üstündə işləməyi öyrəndik praktikada. Sənədlərdən hansı nəticələri çıxarmaq olar onları biz öyrəndik praktikada. Dərslərə artıq baxış dəyişdi. Praktika çox qısa müddətlidir adekvat deyil yəni. Tarixi materiallarla işləmək nəzəriyyəsini 4-cü kursda keçirik amma praktikaya 3-cü kursda gedirik, yəni ki, əvvəl nəzəriyyəni öyrənib getmək lazımdı. Ümumiyyətlə problem çoxdu yəni, kifayət qədər var.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Sacid İsmayılov informatika fənnindən bir ay müddətində istehsalat təcrübəsi keçdiyini deyir. Onun sözlərinə görə, bu təcrübənin ona çox köməyi olub.

Sacid İsmayılov:

Praktikada kompyuter qurğuları əyani şəkildə göstərildi, kompyuterdə olan müxtəlif proqramlar Word, Excel və digər bu kimi proqramlar bizə əyani şəkildə göstərildi. Praktikadan qayıtdıqdan sonra iş tapdım və işlədim.

Azərbaycan Respublikası təhsil haqqında qanununa əsasən dövlət tələbələrin elmi, pedaqoji və istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait yaradır və onu nəzarətdə saxlayır. Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

Hazırladı:  Professional Media School  -un tələbəsi Cavid Nurəliyev

Öncəki xəbərNövbəti xəbər