Cəmiyyət

“Bir işi dörd qurum icra edə bilməz”

Səhər saat  11-in yarısıdır. Binəqədi rayonunun Xutor qəsəbəsindəyəm. Məqsədim buranın sakinlərindən birinin etdiyi şikayətin doğru olub-olmadığını dəqiqləşdirməkdir. Axtardığımı tapmaq o qədər də çox çəkmir. Qəsəbə məni yolun kənarında qalaqlanmış zibillə qarşılayır. Adama elə gəlir ki,  buranı ilk dəfə görən biri üçün yadda qalan elə bu zibil qalaqları və ətrafa yayılan qoxusu olar.

Artıq 10 ildir Xutor qəsəbəsinin Yavər Həsənov küçəsində yaşayan Xatirə Əliyeva deyir ki, əvvəllər heç zibil qabı da yox imiş, sonralar sakinlərin şikayətləri nəticəsində adı çəkilən əraziyə zibil qutuları gətirilib. Amma bundan sonra da problem həllini tapmayıb, səbəbi isə qutuların az olması və zibilin gec yığışdırılmasıdır.

Xatirə Əliyeva:

Əvvəl yox idi, zibil qabı, indi bax qoyublar, bura qoyublar. Bura tökülən zibil  bir həftə idi yığılmırdı. Bir həftə idi ora nə pis gündə idi, gəlib çəksəydiniz görərdiniz. İki-üç gün sonra yenə elə oldu, bir az keçdi yenə elə oldu. Bir həftədən bir yığılır, tez-tez yox. Heç kim baxmır, heç kim. Zibil qablarını da elə məhəllədən xaiş ediblər, ondan sonra gətirib qoyublar, yoxsa əvvəl heç o da yox idi.

Bakının Yasamal rayonu ərazisində də eyni vəziyyətlə rastlaşırıq. Sakinlər lazimi qədər zibil qablarının  olmamasından şikayətlənirlər. Rayonun Qanlı Göl və Şərifzadə küçəsinin arasında yerləşən məhəllələr üçün cəmi beş ədəd zibil qabı qoyulduğunu deyirlər. Sakinlər əlavə edir ki, bura ətrafda “zibil konteynerinin” olduğu yeganə yerdir ona görə də zibil atmaq üçün hamı bura gəlir.

Adının çəkilməsini istəməyən sakin:

“SafSu”nun arxasında var, zibillik ora atırıq, bir də burada  polis idarəsi var ora atırıq. Əgər hər yerdə olsa belə olmaz, bazarın arxasında var idi, gah götürdülər qoydular yaşayış olan yerə, camaatın qapısının ağzına, camaat qalxdı ayağa, yayda oturmaq olmurdu, iydən, üfunətdən. Apardıq onu qoyduq, bazarın qabağına, camaat şikayət etdi, onu da yığışdırdılar, oradan. İndi aparırıq “SafSu”nun arxasına. Şikayət də ediblər, götürüb qoyurlar, camaatın evinin qabağına. Evinin qabağında da iydən otura bilmirsən axı. Ay anam heç nə etmirlər, hamısı yalandı. Hər şey yalandı. Kimsə deputat seçiləndə gəlir, bir dənə yalandan asfalt çəkir o da iki gündən sonra dağılır.

 Məsələ ilə bağlı adı çəkilən rayonların Mənzil Kommunal Təsərüfat Birliklərinə müaricət etdik. Binəqədi rayon, Mənzil Kommunal Təsərüfat Birliyinin baş mühəndisi Vəli Əliyev zibillərin mütəmadi olaraq yığışdırıldığını deyir

Vəli Əliyev:

Xutor yaşayış massivində konteynerlər qoyulub və əhalinin tələbinə uyğun olaraq o konteynerlər istənilən vaxt artırıla bilər. Onlar gündəlik yığışdırılır, orada tutumu bir kub kilometr olan konteynerlər var. Elə bir hal təsadüf halda ola bilər. O, hallara bəlkə də rast gəlinə bilər. O, ərazi daim diqqətdədir. Amma orada tikinti-söküntü işləri getdiyindən bəlkə də belə hallar ola bilər

Yasamal rayon MİS-in baş mühəndisi Zeynal Mənsimov isə deyir ki, zibilin daşınması sutkada bir dəfə həyata keçirilir.  Baş mühəndis adı çəkilən ərazidə zibil qablarının yerləşdirilməsi üçün texniki imkanın olmadığını, bunun səbəbini isə həmin ərazidə evlərin sıxlığı və nizamsız tikilməsi ilə əlaqələndirir.

Zeynal Mənsimov:

Bizim  çətin yerlərimiz, xüsusi mülkiyyətlər  var, Şərifzadə küçəsiylə Qanlı göl arasındakı yer var, bax onlar orada  zibilin daşınmasına çətinliklər törədir. Onun da bu yaxınlarda həll olunmalıdır, kiçik maşınlar, konteynerlər gətirilməsi, zibil meydançasının tikilməsi də nəzərdə tutulur. Bunların hamısı həyata keçiriləcək bu yaxın zamanlarda, ancaq, onun vaxtını mən sizə dəqiq deyə bilmərəm.

Milli Ekoloji Praqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov düşünür ki,  məişət tullantıları ilə bağlı məsələlər bir quruma tapşırılmalı və elə həmin qurumdan da tələb olunmalıdır.

 Telman Zeynalov:  

Sərəncam elə verilib ki, iş dörd təşkilatın arsında bölünüb. Ona görə də bu və ya digər təşkilatlar bir-birlərinin boynuna atırlar, ona görə də lazım olan səviyyədə yerinə yetirilmir. İcra hakimiyyəti,yerli bələdiyyələr yaxud da jek, onlar kənarlaşdırılmalıydı. O, onun boynuna atır, o biri deyir, mənim texnikam yoxdu, bu işlər yaxşı olardı ki, bir təşkilata həvalə olunsun. Yaxşı olar ki, təzə bir sərəncam verilsin və bir quruma həvalə olunsun. Dörd quruma cavabdehdirsə, əlbəttə onun fəaliyyəti sıfıra bərabərdir.

Onu da qeyd edək ki, 2012-ci ildə “İstehsalat və məişət tullantıları haqqında” qanuna edilən dəyişikliklərə əsasən məişət tullantıları zərərsizləşdirmək məqsədilə zibil qablarına atılmalıdır. Bu tullantıların zibil qablarından kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində zibil qablarının arasındakı məsafə 100 metrdən çox olmamalıdır. Eyni halda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə isə məişət tullantılarının zibil qablarından kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxsləri 20 manat, vəzifəli şəxsləri 100 manat, hüquqi şəxsləri isə 500 manat həcmində cərimə gözləyir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.