Aktual, GSR fm, ZZ-Manşet

“Bu əməliyyatdan sonra adaptasiyaya 6 ay lazımdır”

Psixoloqlar deyir ki, insanın xarici görünüşü, onun həyatında, demək olar ki, bütün işlərində mühüm rol oynayır . Əgər insanın xarici görünüşü özünü qane etmirsə, bu, sosial mühitdə onun üçün ciddi problemlər yarada bilir. Bu səbəbdən də bir çox insanlar  estetik əməliyyatlara müraciət edir.

tehmine_celebiEstetik əməliyyatların insanın psixologiyasına təsiri barədə danışan psixoloq-psixoterapevt Təhminə Çələbi insanın xarici görünüşünün onun digər  insanlarla ünsiyyətində çox önəmli olduğunu söyləyir:

“Psixologiyada belə bir termin var, dismormofobiya, yəni belə insanlarda hər şey qaydasında olduğu təqdirdə güzgüyə baxdığı zaman özünü bəyənmir və bu insanları əməliyyat etmək olmaz. Ümumiyyətlə insanın xarici görünüşü təbii ki, onun belə deyək vizit kartıdır. Əgər insan nəyinisə bəyənmirsə, bu onun ünsiyyətinə, sosial mühitə, dostluq etməsinə, işinə – hər şeyə təsir göstərəcəkdir. Bu səbəbdən də təbii ki, bununla bağlı müraciətlər çox olur. Özünü qiymətləndirmək, özünəinam və s. aşağı olur. Bəzən müraciətlərdən sonra hətta estetik əməliyyata ehtiyac da olmur. Çox insan özünü olduğu kimi qəbul edib, sevir və həyatını davam edir”.

Plastik və estetik cərrah Araz Salmanov qeyd edir ki, bütün əməliyyatlar kimi estetik əməliyyatlar da tamamilə zərərsiz deyil.  Bu əməliyyatların bir çox problemləri, riskləri, əks-göstərişləri ola bilər:

“Sadəcə, burada həmişə olduğu kimi hesablamaq lazımdır ki, bir estetik əməliyyatdan əldə edəcəyimiz nəticə onunla əlaqədar ola biləcək problemlərdən, risklərdən ya da, əlavə təsirlərdən daha çox olmalıdır. Yəni, fayda əgər ola biləcək neqativ təsirlərdən üstündürsə, onda biz  bu əməliyyatları icra edirik”.

Həkim bildirir ki, estetik əməliyyatlara sağlamlığı üçün müraciət edənlərlə yanaşı, sırf daha gözəl görünmək məqsədilə də üz tutanlar var. Əslində isə gözəllik üçün olan əməliyyatlar eyni zamanda əməliyyat olunan orqanın funksiyasını da yaxşılaşdırmağa xidmət edir:

“Ümumiyyətlə plastik cərrahiyyənin bir çox alt branşları var. Məsələn anadangəlmə və qazanılma anomaliyalar. O ki, qaldı sırf görüntü üçün estetik məqsədlərlə yaşlanma ya da, deyək ki, daha gözəl görünmək xatirinə edilən prosedurlar və əməliyyatlara – bu qrup da çox geniş bir qrupdur. Ən çox estetik əməliyyat burun əməliyyatıdır, amma əyri burunda həmişə nəfəsalma problemləri var. Əyri burnu düzəltmək, düzgün hala gətirmək eyni zamanda nəfəsalma problemlərini də çözür”.

Araz Salmanov deyir ki, hər bir estetik əməliyyatın müəyyən yaş həddi var. Yəni əməliyyat zamanı pasiyentin yaşı və hansı nayihədən əməliyyat olunacağı nəzərə alınmalıdır. Həkim hər yaşa uyğun müxtəlif göstərişlər və əks-göstərişlər olduğunu söyləyir:

“Ən çox olunan estetik əməliyyat rinoplastikadır (burun əməliyyatı). Rinoplastika əməliyyatları qızlarda 15-17, oğlanlarda isə 16-18 yaşından sonra həyata keçirilir. Süd vəzisi əməliyyatları, süd vəzisi böyütmə əməliyyatları adətən 17-18 yaşından sonra həyata keçirilir. Süd vəzisinin kiçiltmə əməliyyatları isə adətən bir neçə uşaq dünyaya gətirmiş, artıq reproduktiv funksiyasını bitirmiş xanımlara məsləhət görülür. Amma bəzən nadirən də olsa, gənc qızlarda süd vəzilərinin həddindən artıq böyüdüyünə rast gəlirik. Belə ki, onlarda bel və boyun ağrıları, eyni zamanda onurğada əyriliklərə səbəb olur. Belə xanımlarda daha erkən yaşlarda 17, 18, 19 yaşında da süd vəzisini kiçiltmə əməliyyatını həyata keçirə bilərik”.

Həkim Azərbaycanda estetik əməliyyatlara heç də az müraciət edilmədiyini deyir. O, hazırda əməliyyatların ən az olduğu aylarda 30-35, daha çox olduğu aylarda isə bu miqdarın iki və üç qata qədər artdığını əlavə edir.

İnsan estetik əməliyyatdan dərhal sonra yeni görünüşünə adaptasiya olmur, bunun üçün  müəyyən vaxt lazımdır. Psixoloq Təhminə xanımın sözlərinə görə, bu, asan proses deyil. İnsanın psixoloji cəhətdən yeni görünüşə uyğunlaşması üçün ən az altı ay lazımdır:

“Ümumiyyətlə insanı öncədən başa salmaq lazmdır ki, o,  hansısa kiməsə bənzəmək istəyirsə və yaxud üz cizgisi tam necə xəyalında canlandırıbsa, həmən gözünü açıb bu sehrli nağıl deyil ki, elə görsün. Təbii ki, orda müəyyən şişkinliklər baş verecek. Yəni buna psixoloji hazırlıq lazımdır. Əgər öncədən psixoloji hazırlıq varsa, sonradan heç bir problem yaranmayacaq”.

Estetik əməliyyatların insana təsiri mövzusunda keçirdiyimiz onlayn sorğunun nəticələri isə belə oldu.  Estetik əməliyyat etdirmisinizmi sualına 86% xeyr, 14 % isə bəli cavabını verib; Sorğuda iştirak edənlərin 100 %-i qadınların estetik əməliyyatlara daha çox müraciət etdiklərini bildirib; 87%  iştirakçının fikrincə, estetik əməliyyatlar xarici görünüş baxımından insana özünəinam hissi qazandırır, 13% isə bu fikirlə razılaşmayıb.


Hazırladı: Səyyarə Hətəmli

Öncəki xəbərNövbəti xəbər