Reportaj, ZZ-Manşet

“Bu rəqsləri öyrənmək üçün çox vaxt tələb olunmur” - Reportaj

Latın-amerikan rəqsləri Latın Amerikasına daxil olan ölkələrin milli rəqsləri kimi tanınır. Ehtiraslı, enerjili, dinamik hərəkətlərlə müşayiət olunan bu rəqslər hinduların, afrikalıların və ispanların mədəniyyətlərini birlikdə əks etdirir.

GSR.fm KishiMagazine-ə istinadən bu rəqslər barədə hazırlanan reportajı təqdim edir.

Latın-amerikan rəqslərinin rəqqası Əlimərdan Əliyev deyir ki, bu rəqsləri digər rəqslərdən fərqləndirən  xüsusiyyətlər var.

“Latın-amerikan rəqslərinin iki növü var: bal və klub növləri. “Jayv”, “Pasodobl”, “Samba”, “Rumba”, “Ça-Ça-Ça” klasik bal rəqsləridir. “Baçata”, “Mambo”, “Merenge”, “Salsa”, “Kizomba”,  “Tango” isə sosial, klub növlərinə aiddir. Bu rəqslər ilk növbədə öz hərəkətlərinə görə fərqlənirlər. Salsada məsələn xüsusi fiziki hazırlaşmağa ehtiyac yoxdur. Bu rəqs ancaq partnyora deyil, həmçinin ətrafda olan insanlara istiqamətlənib. “Baçata” isə nisbətən daha romantik və hissiyyatlı rəqsdir. Bu rəqsin hərəkətləri heç bir anlam daşımır. Əsasən yana və geriyə addımlarla  ifa olunur. “Merenge” rəqsi isə nisbətən daha sürətlidir. “Tanqo”da partnyorların rolları dəqiq müəyyənləşir. Rəqsin hərəkətləri kişi tərəfindən idarə olunur, qarşı tərəf isə onu izləyərək rəqsə gözəllik və hissiyyatlılıq qatır.”

Azərbaycanda isə latın-amerikan rəqslərinə tələbatın  kifayət qədər olduğunu deyən rəqqasın sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da daha çox sosial rəqs növləri  məhşurdur. Bunlara” Salsa”,” Baçata” və “Kizomba” aiddir. Çünki bu rəqslər daha əlçatandır, onları öyrənmək  üçün çox vaxt sərf olunmur.

Əlimərdan bəy həmçinin vurğulayır ki, latın-amerikan rəqslərini öyrənmək üçün çox vaxt tələb olunmur:

“Bal rəqslərə nisbətən sosial rəqslərin texnikasını tam öyrənmək üçün illərlə vaxt sərf etməyə ehtiyac yoxdur. Bal rəqslərdə hərəkətlər daha çətin olduğu üçün bəzi rəqslərə uşaqlıqdan başlamaq lazımdır. Sosial rəqsləri öyrənmək üçün isə bir-iki ay kifayətdir”.

Qeyd edək ki, rəqs zamanı isti olur deyə geyimlər rahat və yüngül olmalıdır. Buna baxmayaraq bal rəqslərində dar geyimlərə də rast gəlmək mümkündür. Qızlar qısa ətək və dikdaban ayaqqabı geyinə bilərlər. Geyimlər əksər hallarda tünd rəngdə olur. Çünki əzələlərin hərəkətlərini daha dəqiq vurğulamaq üçün bu gözəl fürsətdir “.

Öncəki xəbərNövbəti xəbər