P.S, YeməkBAZ, Z-Manset

“Bunu sənin başına keçirəcəyəm” - Yeməkbaz

“Yeməkbaz” rubrikası ikinci yazısını təqdim edir. Bu dəfə “Yeməkbaz” paytaxtın fəvvarələr meydanında yerləşən MADO cafe/restoranın servisindən yazır. Görək, ölkənin müxtəlif yerlərində filialları olan və uzun zamandır Azərbaycanda fəaliyyət göstərən MADO restoranlar şəbəkəsində “Yeməkbaz”  nə ilə qarşılaşıb.

“ÇIIIIIIIS”, “ÇIIIIIIIS” ,“ÇIIIIIIIS”

Nişanlımla dadlı yemək yeyəcəyimizi və xoş xidmətlə qarşılaşacağımızı ehtimal edərək, MADO-nun fəvvarələr meydanında yerləşən filialına daxil oluruq.

Düşünürdük ki, bizi gülərüz personal qarşılayaraq yer göstərəcək.  Amma bizi daha çox şadlıq saraylarında görməyə alışdığımız ofisiantların (süfrəçilərin – red.)  bir-birini çağırmaq üçün istifadə etdiyi “çııııs”, “çııııs” səsləri qarşılayır. Həqiqətən də özümü bir anlıq şadlıq sarayına daxil olmuş kimi hiss edirəm.

İkinci mərtəbədə oturmağı qərara alırıq. Yorğun görünən ofisiant nəzəkətlə menyuları stolun üzərinə qoyur.

Başlanğıc üçün 2 salat sifariş edirik, əsas yemək üçün isə ofisiantın tövsiyyəsindən istifadə edərək, kari sousunda toyuq və izqara toyuq sifariş veririk. Ofisant nəzakətlə menyuda olan yeməkləri göstərir, amma çox yorğun olduğu hər hərəkətindən hiss olunur. Sonra başa düşürəm ki, tək 8-dən çox masaya xidmət edir.

Kiçik masa arxasında əyləşdiyimizdən sifarişimizin stola yerləşməyəcəyini əsas gətirən ofisiant, bizə yaxınlıqda olan daha geniş masa arxasına keçməyi məsləhət görür. Masamızı dəyişirik.

…..və salatlarımız gəldi.

Mən Tuna balığı Salatı sifariş vermişdim. Bu salatı Bakıda bir çox restoranlarda yemişəm.  Düzünü desəm, bir çoxunda narazı qalmışam. Bəzən elə fikirləşirdim ki, paytaxtda bu salatı təklif edən aşpazlara kimsə balığı ancaq bir qaşıq əlavə etməsini tapşırıb.  Salatda balıqdan çox digər ərzaqları görürdüm və o ərzaqların içindən güclə “balıq tutmağa” çalışırdım. Amma yox! MADO bu salatı tam zövqümə uyğun hazırlamışdı. Balıq salatda kifayət qədər var idi və salatın hər bir tərəfini əhatə edirdi. Salatın tərkibində olan digər ərzaqlara da balığın tamı tam hopmuşdu. Zövqlə hazırlandığı bəlli idi. Düzünü desəm, salatın içindəki kahı və digər tərəvəzləri çoxlu ələk-vələk elədim ki, birdən xarab, üzərində ləkə olan bir tərəvəz taparam. Tapmadım ki, tapmadım.

mado5
Tuna salatı

Hər şey tam yolunda getdiyi zaman birdən düz stolumuzun yanına aşağı mərtəbədən gələn ofisiant bizi məyus edir.

Deyəsən, hansısa stolun hesabı düz getməmişdi və həmin ofisiant bu səhvə etirazını bizə xidmət göstərən ofisianta “Bunu sənin başına keçirəcəyəm!!! Qatıq!!!”  deyərək bildiridi.  Şükür edirəm ki, bura yaza bilməyəcəyim ifadələr işlətmədi. Təsəvvür edin, müştəri salatını yeyir və sən öz ofisiant həmkarını təhqir edirsən, özü də müştərinin eşidəcəyi tərzdə.

ÖzSüt restoranı ilə bağlı yazımı oxumuşdunuzsa, yadınıza düşər, orada ofisiantın salatla əsas yemək arasında fasilə vermədiyini və əsas yeməyi gətirəndə hələ təzə başladığımız salatı götürüb apardığını, gözümüzün salatın arxasınca qaldığını yazmışdım. MADO salatımızı götürüb aparmasa da məni çox təəccübləndirdi. Nişanlımın salatı  hələ bitməməsinə baxmayaraq, isti yeməklərimiz hazır oldu və ofisiant bizə “qab üçün yer edin” deyərək salatın yanına əsas yeməyi də qoydu. Amma salatın qabını götürmədi.

mado1
Salat və isti yemək bir arada

Yəni, iki yemək arasında intervalı saxlamaq bu qədərmi çətindir? Axı, bu çox sadədir. Hər bir aşpaz hansı yeməyin hazırlanması üçün nə qədər vaxtın lazım olmasını dəqiqəsinə qədər bilir. Təsəvvür edin, Siz salatınızı yeməyə davam etdiyiniz bir vaxtda stolunuza ikinci və isti yeməyiniz qoyulur. Siz isə hələ salatı bitirməmisiniz və isti yeməyinizi yeməyə başlamasanız o soyuyacaq, yeyilməz hala  gələcək.

Məcbur qalıb isti yeməyə keçirik, amma salat qabı stolun üzərində sona qədər də qalır, ofisiant onu gəlib, götürmür.

İZQARA TOYUĞUN DADI…

Mütləq qeyd etməliyəm ki, toyuq çox mükəmməl hazırlanmışdı. Yanında olan tərəvəzlər həqiqətən də tam damağ dadıma uyğun idi. Düzdür, bibər acı idi, amma izqara edilmiş pomidor onun acısını vaxtında aldı. Adətən mən izqara toyuğu üzərinə rəndələnmiş parmezan pendiri əlavə edərək yeməyi bəyənirəm, ofisiantdan parmezanın olub-olmamasını soruşmaq istəyəndə o yazığın tək-təkinə bir stoldan başqa stola xidmət etmək üçün qaçdığını gördüm, fikrimdən daşındım. Görəsən, MADO ona bir ofisiant əməkdaş verə bilməzdimi? Axı, onun özü yorulmaqla yanaşı həm də xidmət səviyyəsi aşağı düşür.

Kari Souslu Toyuğun da dadına baxdım, çox dadlı idi. Ümumiyyətlə, MADO-nun aşpazı ilə mütləq tanış olmaq lazımdır. Adam kimdirsə, əjdahadır. Yeməkləri və əsasən də yeməklərin sousunu çox möhtəşəm hazırlayır.

mado6
İzqara toyuq

Ofisiantın işinin çox olmasının və tək olduğu üçün də xidmətin gecikməsinin fəsadı təkcə mənim parmezan istəyimdən ibarət deyildi. Mən artıq salatımı yeyəndə sifariş verdiyim sərinləşdirici içkini içib qurtarmışdım və suyun qabı və stəkan stolun üzərində sona qədər qaldı. Mən ofisiantın yaxınlaşıb o boş stəkanı götürüb və mənə yenə su təklif edəcəyini (satacağını – A.N) ehtimal etsəm də bu baş vermədi. Beləliklə, restoran bir sərinləşdirici içkinin gəlirindən məhrum oldu, mən də sussuz qaldım.

ŞƏFFAF MƏTBƏX.

Tualetin vəziyyətini yoxlamağa gedəndə ora gedən dəhlizdə çox xoşuma gələn bir mənzərə ilə qarşılaşdım. Şəffaf pəncərədən mətbəxə açılan bu mənzərə mənə mətbəxdə hər bir işçinin necə işlədiyini, təmizliyə necə əməl olunduğunu görmə imkanı verirdi. Fikrimcə, bu çox gözəl ideyadır və yeməklərin hazırlanma şəraitindən çox razı qaldım. Mətbəx həqiqətən də çox təmiz, işçilər isə çox səliqəli görünürdülər.

mado2
MADO Mətbəx

Tualetin təmiz olması barədə də mütləq fikrimi bildirməliyəm, MADO xidmət səviyyəsinin, tualetinin və mətbəxinin təmiz olmasının çox vacibliyinin fərqindədir və buna xüsusi diqqət edir. Bu məni xüsusən razı saldı.

15 DƏQİQƏ BOŞLUQ.

Yeməyimizi bitirdik, 10 dəqiqədən çox ofisiantın bizə çay və ya dessert təklif edəcəyini gözlədik. Amma ofisiant bunu etmədi ki, etmədi. Biz də kiminsə bizimlə maraqlanmadığını görüb hesabı istədik, hesab isə düz 30 saniyə sonra bizdə idi. Yəni, yediniz durun, gedin, çayınızı evinizdə içərsiniz.

Bütövlükdə götürsək, MADO-nun yeməkləri və aurası həqiqətən də zövqü oxşayır. Daxildə siqaret çəkilməməsi məni bu kafenin fəvvarələr filialına aparan əsas səbəblərdəndir. Aşpazlarının işinin peşəkarı olduğuna əminəm, məsuliyyətlə deyə bilərəm ki, Bakıda ən gözəl Tuna salatını məhz MADO-da yedim, amma Mado personalın və xidmət səviyyəsinin artırılması barədə mütləq düşünməlidir. Çünki  o aşpazın hazırladığı dadlı yeməklərə heyifdir.

Hazırladı: Azər Nəzərov

Öncəki xəbərNövbəti xəbər