O, 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi obrazlarda anşlaq tamaşaları ilə teatr sənəti tarixinə yeni bir səhifə yazıb.
“Təmasxətti” rubrikasının bu dəfəki qonağı sənətşünaslıq elmlərdoktoru, keçmiş millət vəkili, Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahovadır.
Aktrisailə söhbətə səhnədən, sənətdən söhbət açaraq başlayırıq.
– Milli Akademik Dram Teatrının səhnəsinə çıxanda 18 yaşım var idi. O ildən bu ilə mən artıq 50 ildir ki, sənətdəyəm. Bu illər ərzində artıq xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” , “Şərəf” ordeni və bir sıra mükafatlarım, eyni zamanda Bakı Bələdiyyə Teatrının 23 ildi rəhbəri, həm yaradıcısıyam. Direktoru və bədii rəhbəriyəm. Bunlar hamsı sözsüz ki, zəhmətin sayəsində olub.
18 yaşında mən artıq səhnədə baş rolda çıxış elədim. Bir gecənin içində çox uğurlu tamaşa olduğu üçün bütün respublikaya səs-soraq yayıldı. Və çox məşhurlaşdım. Deməli, mən uşaqlıqdan bağlıydım bu sənətə. Uşaqlıqdan sənət məni özünə cəlb edirdi.
Sizi bir gecəyə məşhurlaşdıran tamaşa hansı idi?
-Mən birinci kursda oxuyanda dördüncü kurs rejissor tələbələrin diplom tamaşasında Şekspirin “ Romeo və Cülyetta” əsərində Cülyetta rolunda çıxış elədim. Tofiq Kazımov baş rejissor kimi Milli Akademik Dram Teatrına təzə təyin olunmuşdu. Və o onun kursu idi. Amma mənim kurs rəhbərim görkəmli sənətkarımız Adil İsgəndərov idi.
Adil isgəndərov bizə kurs rəhbəri olaraq dərs dedi və onun 5 tamaşasında baş rolda çıxış elədim. Tofiq Kazımov burda gördü məni və teatra dəvət elədi.
Bir gecəyə məşhurluq, hələ tələbə ikən teatra dəvət olunmağınız. Bunlar hamısı, ümumiyyətlə, teatrı seçməyiniz ailəniz tərəfindən necə qarşılandı?
– Çox pis qarşılandı. (Gülür) Çox çətin. Atam heç qəbul edə bilmədi. Mən instituta qəbul olanda o məndən incidi, küsdü. Xeyli müddət danışmadı mənlə. Ta ki onu “Sən həmişə mənimləsən” tamaşasına baxmağa dəvət edənəcən. O tamaşadan sonra atamın fikri dəyişdi. Hətta bütün heyəti qonaqlığa apardı.
Əvvəl bu sənəti dəstəkləməməsi, tamaşadan sonra isə fikrinin dəyişməsinin yəqin ki, bir izahı olardı.
– Hə sonradan açıldı onun ürəyi ki, bəs niyə istəmirdi. Atam həmişə deyirdi ki, sənətdə gərək parlaq istedad olasan. Əgər sənin istedadın yoxdursa , sən parlamırsansa, sənə ehtiyac yoxdursa, o sənət ətrafında dolanmağına dəyməz. Onsuz da istedadı olmayanlar çoxdur. Və istedadlılara həmişə mane olurlar. Bu baxımdan bəlkə də o qorxurdu.
Bəs o ilk sənətə doğru addımlarınızda dəstəyi kimlərdən görürdünüz? Nəzərə alsaq ki, atanız hələ “Sən həmişə mənimləsən” tamaşasını izləməmişdi.
-Dəstək, dayaq elə də tələb olunmurdu açığı. Azərbaycan səhnəsində qadın, gənc aktrisalar demək olar ki, yox dərəcəsində idi. Və bunlar istedad axtarırdılar. Elə oldu, yerinə düşdü. Ondan sonra bütün rejissorlar, dramaturqlar istədilər ki, onların əsərlərində mən çəkilim.
Deyirlər ki, insan büdrəyərək möhkəmlənir və beləliklə də o, daha çox şey öyrənir. Bu büdrəmələrdə öyrəndiyiniz nələr idi?
-Görünür, bu misal mənim üçün deyil. Çünki mənim hər yeni obrazım böyük marağa səbəb olub. Mən hələ mənfi rəy almamışam. Və hər il yeni yaratdığım obraz Azərbaycan teatr tarixinə daxil oldu.
Amma büdrəmələrdə, çətinliklərdə gənclərimiz qorxmasın. Çünki sənət heç də hamar yol deyil. Teatr heç də yüngül bir sənət deyil. Teatrda fiziki güc, zehin, sinir, zəka vəhdət təşkil etməlidir. Sənin daxilin zəngin olmasa, sən heç cür tamaşaçını inandıra bilməzsən. Özün savadlı olmasan, nə qədər çalışsan da, səhnədən kiməsə örnək ola bilməzsən. Və bu baxımdan elə istedadlı gənclər var idi ki, onların gücü, hövsələsi çatmırdı məşğul olmağa. Onlar çəkilirdilər kənara və beləliklə də itib batırdılar. Deməli sənin istedadın varsa, bu hələ azdı. Gərək sən zəhmətkeş olasan, çətinliklərdən qorxmayasan. Özünü fəda etməyi bacarasan.
Belə anlaşılır ki, sizin heç vaxt mənfi rəylər almamağınız, həmişə atdığınız hər addımın uğurlu olması sizin əzminiz, zəhmətinizin sayəsində olub.
-Hər halda mən çalışmışam, sənətimi sevmişəm. Mən sənətdə rəngarəng obrazlar üzərində çalışmışam. Onların öhdəsindən gəlmişəm. Və tamaşaçı məni qəbul edib. Əsas budur. Mənim bütün rollarımı qəbul ediblər.
Müsahibələrinizin birində atanızın da bir müddət teatrda fəaliyyət göstərdiyini, amma dolanışıq çətin olduğuna görə teatrdan ayrılmalı olduğunu demisiniz. Bəs indi teatrda dolanışıq necədi?
-Bu gün də dolanışıq yoxdur heç. Sənətdə çalışan insanların öz əməyi müqabilində aldıqları məvacib çox cüzidi. Bəlkə də buna görə bir çoxları sənətə gəlmirlər. Bizim sənət şou deyil, əyləncə deyil.
1992-ci ildə Amaliya Pənahova həyat yoldaşı, aktyor və teatr xadimi Yusif Muxtarovla birlikdə “Bakı Bələdiyyə Teatrı”nı yaradırlar. Aktirsa bu teatrın yaranma tarixindən də söhbət açır:
-Bilirsiniz ki, 90-cı illərin əvvəllərində Azərbaycan üçün çox çaxnaşmalı dövr idi. Qeyri, naməlum vəziyyət yaranmışdı.Bizim teatrda da vəziyyət bu cür idi. 90-cı illərdə teatr təmirə bağlanır adı ilə bağlandı. Mən həmişə respublikamızın həm siyasi, həm iqtisadi tərəfiylə maraqlanmışam. Və bu hadisələr baş verən zaman mən kənarda dayana bilməzdim . Mən çox can atırdım bizim cəbhə bölgəsinə, əlimdə amma səlahiyətim yox idi. Müdriyyətə də müraciət edəndə “işinizlə məşğul olun, ehtiyac yoxdu” deyirdi.
Və artıq teatrda konflikt başladı,mənim marağım itdi. Rejissorluq da eyni zamanda məni özünə çəkirdi. Və mənə də deyiləndə ki, “işinizlə məşğul olun” mən bundan sonra götür qoy elədim və teatr açmaq fikrinə gəldim.
Bir dəfə biz Naxçıvanda ulu öndərin ad günü idi ordaydıq. Söhbət əsnasında mən tərəfdən bir az giley-güzar. Rəhmətlik sənətlə çox maraqlanırdı. Mənim yaradıcılığmla maraqlanır, dəstəkləyirdi. Hə gileyləndim ki, heç nə yoxdu, yaradıcılıq yoxdu. Getmək istəyirəm. Dedi heç ürəyini sıxma, teatr yarada bilərsən. Dedim istəyirəm, amma alınmır. Hara gedirəm mənə gülürlər. Camaat yeməyə çörək tapmır sən də qurum açmaq istəyirsən. Bu baxımdan mənə heç kəs dəstək durmur. Dedi ki, “yaxşı olar get bir az da çalış alınacaq”. (Gülür)
23 ildir ki, teatrın binası olmadan fəaliyyət göstərir.
-Hələ də binası yoxdur teatrımızın. Faktiki olaraq onu “Dostluq” kinoteatrında yerləşdiriblər, orda da heç bir şərait yoxdur. Çayxanaya çeviriblər kinoteatrı.
5 il deputat oldunuz. Bu illər ərzində niyə bu problemi qaldırmadınız?
-Başqa məsələlər qaldırırdım. Mən ümumi məsələlər qaldırırdım ki, yaradıcı insanların məişət şəraitləri, yaşayışları yaxşı olsun. Gəncə üzrə millət vəkiliydim. Oranın problemləriylə məşğul idim.
Sözsüz ki, mən səsimi bir az yüksəltsəydim, bəlkə də alınardı. Amma mən elə bilirdim ki, bu problemi bilirlər. Mən desəm deyəcəklər ki, öz vəzifəsindən istifadə edir. Mən belə şeyi xoşlamıram.
Amma bu gün biz prezident tərəfindən teatrlara necə diqqət göstərildiyini görürük. Yəni teatrların binaları yeni təmirdən çıxıb, gözəlləşib. Bütün teatrlara yeni binalar verilir, təchizatlarla təmin olunur. Mən ümidsiz deyiləm, mən optimistəm. Bizə də gəlib növbə çatacaq.
Başqa çıxış yolları axtarmamısınız heç?
Elə düşünürəm mən bu gün də o çıxış yolunu taparam. Tamam başqa bir formada teatrımı yönəldərəm. Amma teatrı əyləncəyə çevirmək istəmirəm. Bu gün mən çox elitar, azhəcmli, kiçik iqamətgah icarəyə götürərəm. Onun həyət-bacasını, içini teatra yararlı düzəldərəm. Və 50-60 nəfərlə konsert-tamaşa göstərərəm. Bunun müxtəlif formaları var. Amma gəl görək kimə xeyir verəcək bu mənim cibimdən başqa? Ora gələcək əylənmək istəyən insanlar. Gözəl qızlar, bədənlər görsünlər, əylənib getsinlər, sabah da oyananda heç nə yadlarında qalmasın. Amma mən bu gün “Dəli Domrul”u, “Nadir Şah”ı göstərirəm. Orda milli köklərə bağlanaraq ibrətamiz sözlər səslənir. Yaxud xoşagəlməz hallar baş verirsə bunu gənclik görür və təkrarlamırsa, deməli mən nəyəsə qulluq edirəm. Budur mənim qarşımı saxlayan, yoxsa çox asandı bu gün pul qazanmaq. Yəni buna bacarığım da, hünərim də, şöhrətim də çatar. Amma onda özüm alçalacam mən.
Teatrı həyat yoldaşınızla birgə qurmuşdunuz. Bəs onsuz davam eləmək çətin gəlmədi sizə?
-Ölənlərinizə rəhmət, yoldaşım dörd ildir ki, rəhmətə gedib. Onun işi başqa sahə idi. İşin təsərrüfat tərəfi ona bağlı idi. Bu baxımdan sözsüz ki, hiss olunur. Amma mən çətinliklərə öyrənən adamam. Həyatdı neyləmək olar.
Sonra fasilə verib, səs tonunu düzəldərək:
– Geriyə addımlamağa mənim ixtiyarım yoxdur. (gülür)
Necə düşünürsünüz indiki gənclər teatrlara yetərincə cəlb olunubmu? Gəncləri teatra cəlb etmək üçün hansı tədbirlər görülməlidir?
-Mən hələ millət vəkili olaraq bu məsələni dəfələrlə qaldırırdım. 90-cı illərin əvvəllərində Təhsil Nazirliyinə bir xanım təyin olundu və o məktəblərdə teatrı təbliğ etməyi qadağan elədi. Teatr nümayəndələri məktəblərdə bilet paylamasınlar. Qoy valideynlər nə vaxt istəsələr öz uşaqlarını aparsınlar. Mən hər iclasda söz alıb deyirdim ki, bu böyük bir qəbahətdir. Mən özüm teatrı sevib, faydalanmışam. Mən aktyorları tanıyıb bu sənəti sevmişəm. Niyə biz gənclərimizi belə məhdudlaşdırırıq. Valideyn işləyir. Necə vaxt tapıb aparsın? Məktəb də qadağan edir.
Hansı məktəbə yaxınlaşırsan “yox, yox, yox, qoy uşaq özü gəlsin” deyir. Ay bacım, ay müəllim necə yəni?! Məktəbdə keçən mövzuyla əlaqədar gəlin tamaşaya baxın. Sonra onun imlasını, inşasını yazdırın. Həm biz sizə fayda verəciyik, həm siz bizə. Biz tamaşaçı qazanacayıq, siz də bilən, yaxşı şagird.
Hə, çox təəssüf ki, bu hələ də öz axarına düşə bilməyib. Bu mənim üçün çox ağır bir haldır. İndi gənclərdən soruşanda ki, axrıncı dəfə hansı tamaşaya baxmısan heç nə deyə bilmirlər. İki-üç komik aktyordan başqa heç kimi tanımırlar. Bu televiziyalar korlayır onlar
Hazırladı: Əsli Axundova
Foto: Əkrəm Hüseyn
3 şərh