Bloq, P.S, ZZ-Manşet

Cənab Qurbanovun üzü gülmür - Bloq

qurban qurbanov“Qarabağ”ın “Valletta” qələbəsi  əslində gözlənilən idi. Oyunun gedişi də bunu sübut etdi.  Amma bir məqamı unutmaq olmaz. Bu qələbələrin memarı – Qurban Qurbanovdur. O Qurban ki heç bir oyundan üzü gülmür. Bir neçə oyununu seyr etmişəm. Bəzən dəqiqələr boyu gözümü çəkməmişəm üzündən. Amma adamın üzü gülmür ki, gülmür. 21 ildən sonra Azərbaycan çempionu olanda da cənab Qurbanovun üzü gülmədi. Göz yaşları ilə qeyd etdi illərin həsrəti qoxan çempionluğu. Hər halda bu onun xarakteridir.

Valletta qələbəsi  azarkeşlərə dəyərli hədiyyə oldu.  Amma bir məqam bəlkə də çoxunun diqqətindən yayındı. Azarkeşlərin bir hissəsinin oyun bitmədən stadionu tərk etməsindən bəhs edirəm. Doğrudur, azarkeşlərin çoxluğu oyundan sonra sıxlığa səbəb olur. Bu oyunu erkən tərk etmək üçün səbəb ola bilməz. “Qəbələ”nin Uefa Avropa liqasında, debüt oyununda məğlub olduğu zaman da azarkeşlər meydanı erkən tərk etdilər. Onlara haqq qazandıranlar oldu, “Komanda məğlub olur, azarkeşlər nə etməlidir ki?” – dedilər.

Amma bu dəfə “Qarabağ” qələbə qazanırdı. Həm də Azərbaycan futbolunun azsaylı,  böyükhesablı qələbələrindən birini.  Hər halda azarkeş öz şəraitini düşünüb, stadionu erkən tərk edən deyil, hakimin son fitinə qədər komandasını çılğınlıqla dəstəkləyəndir.

Ümid edək ki, azarkeşlik mədəniyyəti yaxın gələcəkdə Azərbaycanda da formalaşacaq.  “Ə vurdaa”, “Niyə qaçmırsan?” “Sənə verilən pullar haram olsun” kimi azarkeş şüarlarını eşitməyəcəyimizə ümid edək.

Hər halda bu çatışmazlıqlarla “Qarabağ”ın “Valletta” üzərindəki qələbəyə kölgə salmaq istəmirəm. Amma bunları aradan qaldırsaq, bəlkə Qurban Qurbanovun da üzü güldü.

Müəllif: Alim Elbrus


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər