İqtisadiyyat, ZZ-Manşet

“Cənub Qaz Dəhlizi”nin təməli qoyulur

tanap-799-646x366Bu gün Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimi keçirilir.

GSR.fm APA-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, bir sıra ölkələrin dövlət başçıları, rəsmi şəxslər iştirak edirlər.

“LAYİHƏN İCRASINDA UDUZAN TƏRƏF OLMAYACAQ”

Tədbirdə çıxış edərək, “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, Cənub Qaz Dəhlizinin təməli qoyulur” deyən Prezident İlham Əliyev layihənin Azərbaycan iqtisadiyyatına əlavə dividentlər gətirəcəyini söyləyib. Onun sözlərinə görə, TANAP layihəsində Azərbaycan əsas səhmdardır və maliyyə yükünü üzərinə götürəcək: “Şahdəniz, TANAP və TAP-da Azərbaycan öz payını özü maliyyələşdirir. Bu layihənin icrasında uduzan tərəf olmayacaq. Bu layihə Avropanın enerji təchizatında mühüm rol oynayacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkədir və bu gündən sonra bu rol daha da artacaq”.

“DİGƏR ÖLKƏLƏR BU LAYİHƏYƏ QOŞULA BİLƏR”

Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatlarının isə 4 trilyon kubmetr olduğunu vurğulayıb: “Enerji təhlükəsizliyi, marşrutların şaxələndirilməsi, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyətinin uğur gətirəcəyinə əminəm. Bu günə qədər neft-qaz layihələrində Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirdi. Bu gündən daha geniş əməkdaşlığa başlayırıq. İtaliya, Yunanıstan, Bolqarıstan, gələcəkdə Çernoqoriya və digər ölkələr bu layihəyə qoşula bilər. Neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Əminəm ki, komandamız qələbə qazanacaq. Yolumuz açıq olsun”.

2 MİN KİLOMETRLİK NƏHƏNG DƏHLİZ

Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo videomüraciətində söyləyib ki,  Cənub Qaz Dəhlizi 5 il sonra bitdikdən sonra 2 min km uzunluğunda nəhəng bir dəhliz olacaq: “Bu, tək kəmər deyil, geostrateji bir layihə olacaq. Siz bizim enerji təhlükəsizliyimizə töhfə verirsiniz. Bu, XXI əsrin layihəsi olacaq. Azərbaycan prezidenti İlham Əliyevə xüsusi təşəkkür edirəm. Avropa Birliyi Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək əzmindədir. Avropa Birliyi bu layihəni dəstəkləyəcək. Mən Azərbaycanın dostu olaraq bu layihəni yaxından izləyəcəyəm”.

“TANAP AVROPANIN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞƏCƏK”

Təməlqoyma mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili söyləyib ki,  Azərbaycan Gürcüstanın ən yaxın dost və tərəfdaşlarından biridir: “Biz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələri həyata keçirmişik. TANAP layihəsi həyata keçiriləcək, Avropanın enerji xəritəsi dəyişəcək, Qara dəniz və Xəzər dənizi hövzəsindəki dövlətlər üçün yeni imkanlar açılacaq, əlavə iş imkanları yaranacaq, yoxsulluğun səviyyəsi azalacaq. Biz Qazaxıstan və Türkmənistanın ehtiyatlarının ixracı üçün Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik”.

İ.Qaribaşvili deyib ki, bu layihələr davamlı inkişafı təmin edəcək: “Bakı-Tbilisi-Qars dəmir yolu regional inkişafda böyük rol oynayacaq. Biz bununla qlobal bazarlara inteqrasiya edirik. Qonşu ölkələrlə azad ticarət böyük töhfə olacaq. Avropa Birliyi ilə azad ticarəti digər dövlətlərə də şamil etmək istərdik. Biz əlimizdən gələni edəcəyik kt, regionda və qlobal səviyyədə Gürcüstan etibarlı tərəfdaş olsun”.

“AZƏRBAYCAN ƏVƏZEDİLMƏZ ÖLKƏDİR”

Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib ki, Azərbaycan Türkiyə üçün əvəzedilməz ölkədir. Nazir Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələrin dünyaya xidmət etdiyini, TANAP sayəsində yeni sülh dəhlizi açıldığını bildirib: “Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr tək bölgəyə deyil, geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək”.

Nazir xatırladıb ki, hazırda enerji təhlükəsizliyi dünyada ən mühüm məsələyə çevrilib: “Bu gün isə hədəfimiz Xəzər və Orta Asiya ehtiyatlarının Azərbaycan üzərindən ixracıdır”.

Monteneqronun baş naziri Milo Cukanoviç çıxışında deyib ki, ötən dövr ərzində Azərbaycan möhtəşəm inkişaf yolu keçib: “Monteneqro bu layihədə iştirakla bağlı qərar verib. Qərbi Balkanda bu dəhlizin əhəmiyyəti çox böyükdür”. Baş nazir ölkəsinin Avropa İttifaqının enerji təchizatı siyasətinə sadiq olduğunu vurğulayıb: “Enerji təchizatının şaxələndirilməsi vacibdir. Ölkəmizin qazlaşdırılması inkişafın yeni mərhələsi olacaq. Birgə səylərimiz nəticəsində TAP və TANAP Avropanın enerji siyasətinə uyğundur. Biz ölkələrimiz üçün yeni gələcək yaradırıq”.

Albaniyanın sənaye və energetika naziri Damian Giknuri Cənub Qaz Dəhlizini Avropa üçün mühüm layihə adlandırıb: “TAP layihəsinin mümkün qədər tez həyata keçirilməsini təmin edəcəyik”.

Böyük Britaniyanın ticarət naziri Lord Lvinqston bildirib ki, Böyük Britaniya Azərbaycanın yaxın tərəfdaşına çevrilib, BP “Azəri-Çıraq-Günəşli”də böyük platforma yaradıb. O qeyd edib ki, Böyük Britaniya və Azərbaycan digər sahələrdə də sıx əməkdaşlıq edir: “Bu gün həm də Böyük Britaniya-Azərbaycan münasibətlərinin 20 illiyini qeyd edirik. Böyük Britaniya şirkətləri Azərbaycanda xarici sərmayənin başlıca mənbəyidir. Ümumilikdə, müxtəlif sahələrdə Azərbaycanda 500 Böyük Britaniya şirkəti fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində də Azərbaycanın böyük imkanları var”.

Britaniyalı nazir Cənub Qaz Dəhlizini tam dəstəklədiklərini vurğulayıb: “Bu, ən mürəkkəb layihələrdən olacaq, ancaq qarşıdakı illərdə iştirakçı dövlətlər və şirkətlər üçün əlavə mənfəətlər verəcək. Azərbaycan xalqına firavanlıq arzulayıram”.

45 MİLYARD DOLARA YAXIN SƏRMAYƏ QOYULACAQ

BP-nin icraçı direktoru Robert Dadli deyib ki, “Əsrin müqaviləsi” çərçivəsində artıq 2,5 milyard barel neft hasil edilib, 30 milyard dollar sərmayə yatırılıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təchizatında mühüm rol oynayacaq.

ARDNŞ prezidenti Rövnəq Abdullayev TAP və TANAP layihələrinin həyata keçirilməsinə 45 milyard dollara yaxın sərmayə qoyulacağını açıqlayıb: “Neftçilər 21-ci əsrin layihələrini uğurla həyata keçirəcək. 2016-cı ildə Cənub Qaz Dəhlizi ilə qaz Türkiyəyə, 2019-cu ildə Avropaya çatdırılacaq. 1920-ci ildə Azərbaycanda böyük Avropa ailəsinin üzvü kimi böyük futbola baxacağıq”.

Sonra Azərbaycanda neft-qaz sənayesinin inkişafına həsr edilmiş film nümayiş olunub.  Dövlət və hökumət nümayəndələri Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində iştirak etməyə yollanıblar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.