Sosial, ZZ-Manşet

Çingiz Mehbaliyevdən tarixi mövzulu yeni rəsm

Rəssam Çingiz Mehbaliyev yenidən tarixi mövzuya müraciət edib və Şah İsmayılın uşaqlıq illərində ölümdən necə qurtulduğuna aid rəsm çəkib. Onun yeni rəsmi “İsmayılın xilası”  adlanır.

Rəssamın GSR.fm-ə verdiyi məlumata görə, o bu rəsmin mövzusunu tarixçi, professor Ziya Bünyadovun “Azərbaycan tarixi” kitabından götürmüşdür. Həmin kitabda Şah İsmayılın mübarizələrdə keçmiş uşaqlıq illəri və siyasi fəaliyyəti təsvir edilir.

Kitabın 398-ci səhifəsində yazılıb: “…Ağqoyunlu Rüstəm padşah bir neçə dəfə Gərgiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O isə İsmayılı zənbilə qoyub sıx yarpaqlı ağacdan asdı və onun Gilan torpağında olmaması barədə 300 nəfər atlı ilə gəlmiş Qasım bəyə Qurana and içdi.” – Bu hadisəni mənə ilk dəfə məktəbdə oxuyarkən ədəbiyyat müəllimim olan Tofiq müəllim danışmışdı. Sonra isə mən bu məlumatın  real tarixi faktlara söykəndiyini araşdırıb tapdım. – deyə rəssam bildirib.

“Elə bir rəsm çəkmək istədim ki, Şah İsmayılın sərt xasiyyətinin onun uşaqlıq illərindən qaynaqlandığını göstərə bilim”. – Rəssam Mehbaliyev bu rəsmi çəkməyə  başlayarkən özünün rəsmin çəkilməsinə yanaşma tərzini açıqlayıb:

“Ağacdakı zənbildə gizlənib canını almağa gəlmiş cəlladı görmək və hər an öldürülə biləcəyini dərk etmək… – məncə bu çox amansız həyat yaşantısıdır. Şah İsmayılın 1487-ci ildə anadan olduğunu və Ağqoyunlu Rüstəm padşahın balaca İsmayılı 1494 – ci illərdə amansız təqib etdiyini nəzərə alsaq onda bu hadisə baş verərkən İsmayılın cəmi 7 yaşının olduğunu demək olar. Düşünürəm ki, bu yaşda olarkən belə hissləri yaşamaq İsmayılın xasiyyətinin formalaşmasında silinməz iz qoyub.

Cənubi Azərbaycanda yerləşən Lahicanın əyalətlərindən birinin hakimi olmuş Mirzə Əlinin hazırcavablığı, müdrikliyi və cəsarəti məndə ona qarşı rəğbət oyatdı. O, həqiqətən çox tədbirli və müdrik hərəkət edir, elə formada and içir ki, nə günaha batır, nə də yalan danışmış olur. – deyə rəssam davam etdi. – Balaca İsmayılı zənbilə qoyub ağacdan asmaq və “and içirəm ki, İsmayılın ayağı bu torpaqda yoxdur” demək insanda iti ağıl və müdrikliklə yanaşı, həm də cəsarət tələb edir. Ona görə də mən Mirzə Əlini öz rəsmimdə ölümün gözünə dik baxan dünyagörmüş müdrik ağsaqqal  kimi təsvir etdim.

Qasım bəyin əsgəri Mirzə Əliyə müqəddəs Quran kitabı uzatmışdır. Mirzə Əli isə sağ əlini Qurana basaraq and içir və sol əlinin baş barmağı ilə yerə işarə edir. Bu duruş – “and içirəm ki, İsmayılın ayağı bu torpaqda yoxdur” sözünün rəsmdəki ifadəsidir.

Qasım bəy Ağqoyunlu dövləti adından gəldiyindən onu əlində Ağqoyunlu bayrağı tutmuş kimi təsvir etmişəm. Bayrağın ucu isə sıx budaqlar arasında gizlədilmiş səbətə istiqamətlənib. Bu isə tamaşaçıya İsmayılın hara olması barədə ipiucu verir. Digər tərəfdən də İsmayılın gələcəkdə yeni bayraqla yeni dövlət quracağına işarə edir. Qasım bəyin gözü qarşısında Mirzə Əli Qurana and içir amma o, axtarışında olduğu İsmayılın məhz onun başının üstündəki ağacda gizlədilməsindən xəbərsizdir” –  rəssam öz rəsmində nəyi ifadə etmək istədiyini bildirib.

Mənim çəkdiyim “İsmayılın xilası” rəsmi sözügedən mövzuda çəkilən ilk rəsm əsəridir.  – deyərək rəssam Çingiz Mehbaliyev öz fikrini yekunlaşdırıb.

Ressam Chingiz Mehbaliyev ve onun Ismayilin xilasi resmi Ismayilin xilasi resmi C. Mehbaliyev Ismayilin xilasi resmini chekerken C. Mehbaliyev Ismayilin xilasi resmi uzerinde  ishleyerken

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.