Aktual

Cinsə görə abort qadağan oluna bilər

Uşağın cinsinə görə abort edilməsi selektiv abort adlanır. Azərbaycanda abortların bir qisminin səbəbi valideynlərin qız övladı dünyaya gətirmək istəməmələri ilə bağlıdır.

Hazırda iki uşaq anası olan 26 yaşlı Cəmalə Məmmədova üçüncü övladının qız olacağını öyrəndikdən sonra onu abort elətdirdiyini deyir.

Cəmalə Məmmədova:
– Aparata getdim, cinsiyyətinə baxdım, qız idi. İki dənə qızım var idi artıq. Üçüncüsünü saxlamaq çətin idi. Onun gələcəyi var. Psixoloji cəhətdən gərgin anlar yaşadım, amma sonra da həmin vəziyyətlə barışmalı oldum. Bir həftə pis təsir elədi. Hazırdakı aparatlar olmasa, cinsiyyəti bəri başdan göstərməsələr, onda elətdirməzdim.

Adının çəkilməsini istəməyən ultrasəs həkimi bildirir ki, uşağın cinsinin qız olmasını əsas göstərərək onu abort etdirən qadınlar çoxluq təşkil edir.

Ultrasəs həkimi:
Ən çox iki variant mümkündür: bir arzuolunmayan hamiləlik, bir də ki, əksəriyyəti qız olduğuna görə. İnkişafdan qalmış uşaq olanda, və ya uşaqda hər hansı bir patologiya görünəndə, yəni tibbi göstəriş olanda, lazımdır. Amma cinsiyyətinə görə, təbii ki, bizdə yığışdırılsa, daha yaxşıdır.

Amerika və Avropa Konsultantlar Assosiasiyasının üzvü, psixoloq Dəyanət Rzayev selektiv abortların qadının sağlamlığı ilə yanaşı, onun psixologiyasına da təsirsiz ötüşmədiyini söyləyir.

Dəyanət Rzayev:
– Analıq instinkti, bu, təbiətlə Allah tərəfindən qoyulmuş bir instinktdir. Və bunun əleyhinə getmək, sizcə, bu, yaxşı təsir göstərər? Əlbəttə ki, pis təsir göstərir. Bir nəfər deyirdi ki, necə yəni, kişinin deyir, oğlu olmalıdır. Deyir ki, məndə qız olsa, əlimlə boğub onu öldürərəm. Deyirəm niyə? Deyir, o, sabah böyüyüb, kiminsə altında yatacaq. Bax, belə bir insanlar da var. Doğurdan da Allah ona qız verdi və qız da öldü.
İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, uşaqsalma, xüsusilə də selektiv abortlar bütün dinlərdə qadağan edilir.

Elşad Miri:
– Xristian dünyasında, xüsusilə də katoliklərdə heç bir şəkildə buna icazə verilmir. İslam dini qadının da sağlamlığını nəzərə alaraq belə bir şeyi konkret olaraq qadağan edir. Ana bətnindəki körpənin məhvinə ananın yaşadılması üçün sadəcə icazə verilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin üç ayı ərzində Azərbaycanda 39 min uşaq anadan olub. Onların 53.8 faizi oğlan, 46.2 faizi isə qızdır.

Sosial-Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq İlqar Hüseynli bildirir ki, selektiv abortlar gələcəkdə gender balansının kəskin şəkildə pozulmasına gətirib çıxaracaq. Onun fikrincə, abortlar qanunla ləğv edilməsə, bu hal genekoloqla qadın arasında gizli sövdələşmə şəklində yenə də davam etdiriləcək.

İlqar Hüseynli:
– Gələcəkdə bu fəsadın qarşısının alınması üçün qanunvericilik aktları olmalıdır. Bu məsələyə kökündən yanaşmaq lazımdır. Qanun elə qəbul olunmalıdır ki, məhz qanunun icrası zamanı həkim öz üzərində ciddi məsuliyyət dərk etməlidir.

“Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunun”unun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparıla bilər. Sosial göstərişlər üzrə aborta hamiləliyin 22 həftəliyinədək icazə verilir. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər.

Milli Məclisin Sosial Siyasət Komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyevin sözlərinə görə, selektiv abortların qarşısını almaq üçün qanuna müəyyən əlavələr edilməlidir.

Musa Quliyev:
– Mən təklif etmişəm, elə bizim də gündəliyimizdə bu gün var. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna və yaxud da ki, qəbul olunacaq “Ailə planlaşdırılması və repraduktiv sağlamlıq” haqqında qanuna bir müddəa əlavə olunmalıdır ki, “Azərbaycanda uşağın cinsinin ultrasəs müayinəsi ilə təyin olunması qadağandır”. Düşünürəm ki, ya bu yaz sessiyasında, ya da qarşıdan gələn payız sessiyasında biz bu qanunu qəbul edə biləcəyik.

BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçəsi Annand Grover mayın 23-də keçirdiyi mətbuat konfransında bildirib ki,  Azərbaycanda abort dərəcəsi dünyada müşahidə edilən ən yüksək göstəricilərdəndir. Onun sözlərinə görə, bu, ölkədə selektiv abortların çoxalması, cinsi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə proqramlarının çatışmazlığı ilə bağlıdır.

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.