Cəmiyyət

Cinsi tərbiyə uşaq yaşından başlamalıdır

Nərmin Kərimova:

– Valideyn başlayır, nə bilim aistlə (leyləklə) gəldi uşaq, nə bilim qapını döydülər, o gəldi qoydu. Uşağa da maraqlı olur axı, uşaq da get-gedə inkişaf edir. Girir intenetdən baxır, oxuyur, görür ki, böyüklərdən eşidir ki, bu, belə olmur. Baxır ki, hə, demək buna yalan danışıblar. Ona görə o başlayır öyrənməyə, o bilir hər şeyi. Ana deyəndə ki, aist gətirib, uşaq gülür artıq, hmm aist gətirib. Özümdən böyük qızlardan soruşurdum ki, necə olur? Onlar başa salırdılar ki, uşaq belə olur, elə olur. Mən də deyirdim ki, aydındır.

19 yaşlı Nərmin Kərimova hesab edir ki, Azərbaycanda valideynlər övladlarına düzgün cinsi tərbiyə verməyi bacarmırlar. Qəhrəmanımız orta məktəblərdə biologiya dərsində bu mövzuların çox səthi keçirildiyindən də gileylənir.

Nərmin Kərimova:
– Məncə, müəllim hər şeyi başa salmalıdır. onsuz da məktəb elə bir şeydir ki, o məktəbə girdin artıq hər şeyi öyrənirsən. Bir dənə öyrədirlər ki, nə bilim spermatazoid belə getdi, x, y belə oldusa, oğlan olur, x, y əmələ gəldisə, qız olur. O da oğlanlarımız utanırlar ki, spermatozoiddən danışırlar, çıxıb gedirlər oğlanlarımız. Qızlar da qulaq asmır ki, heç öyrənmirlər dərsi ki, bu nə dərsdir, sən Allah.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, uşaq yaşlarından gənclərin cinsi tərbiyəsi ilə ana-ata məşğul olmalıdır. Onun sözlərinə görə, hər bir valideyn seksual münasibətlərin düzgün formada necə qurulması barədə uşağın anlayacağı tərzdə ona məlumat verməlidir.

Kəmalə Ağazadə:
– Bu gün çox az valideynlər tapmaq olar ki, oğlunun və ya qızının yetkinlik dövründə ona izahatını versin. Hamısının izahını, əlbəttə, valideyn verərsə, bu, daha düzgün olar, nəinki, o, yaşıdlarından və ya hansısa internet saytlarından uşağın həm psixoloji, həm də seksual formalaşmasına mənfi təsir göstərə biləcək  məlumatları, video materialları əldə edib, ordan məlumatlansın.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova valideynlərin övladları ilə seksual tipli söhbətlərdən qaçmasının yalnış bir addım olduğunu vurğulayır. Mehriban xanım deyir ki, gənclərin sexə ehtirası öldürmək üçün bir vasitə kimi baxmaları gələcəkdə ailə həyatı qurarkən qadınla kişi arasında ciddi problemlərin yaşanmasına və hətta boşanmalara gətirib çıxara bilər.

Mehriban Zeynalova:
– Qadın hesab edir ki, əri istənilən vaxtda onunla cinsi münasibətdə ola bilər. Sən yorğunsan və yaxud sənin bu gün cinsi  münasibətdə olmaq arzun yoxdur, dilə gətirilmir və bildirilmir. Ər istədiyi vaxt qadını ilə olmalıdır və bunu da belə ifadə edir: “Səni nə üçün almışam?!”. Bu ifadənin arxasında o gizlənir ki, sən mənim üçün sex obyektisən. Müəllimlər də hətta çəkinir bu müzakirələri etməyə. Çünki bir çox hallarda valideynlər müəllimlərə hücum çəkə bilər ki, sən mənim uşağımın tərbiyəsini pozursan.

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində biologiya fənnindən dərs keçən Leyla Əliyeva 12 ildir ki, müəllimə işləyir. O, işə başladığı ilk illər dərs vaxtı qadın və kişinin cinsi inkişafı barədə mövzuların tədrisindən çəkindiyini, amma hazırda şagirdləri bu mövzuda yetərincə məlumatlandırdığını bildirir.

Leyla Əliyeva:
– Mövzunu elə izah eləmək lazımdır ki, o, uşaqlarda nəsə utancaqlıq hissi yaratmasın. Qadın cinsiyyət üzvləri – yumurtalıqlar, yumurta borusu, uşaqlıq, uşaqlıq yoludur, bunların həmişə özüm şəxsən hamısının lövhədə şəkilini çəkirəm, bunları izah edirəm. Son vaxtlar fikir verirəm ki, dərslərdə suallar da verirlər. Onlara mən dərk elətdirirəm ki, bu, həm qızlara lazımdır – gələcək analar üçün, həm də xüsusilə oğlanlara lazımdır.

Yeniyetmələrin cinsi təlabatının yüksək olduğu hiperseksualizm inkişaf dövrü 16-18 yaşlarından başlayır. Gənclərin intim münasibətlərlə bağlı mövzularda yalnış bilgilənməsi onların cinsi infeksiyalara yoluxma riskini artırır. Bu sözləri bizə həkim-androloq Əliabbas İlyasov söyləyir. Xarici ölkələrin bir çox məktəblərində 9-11-ci sinif şagirdlərinə androloji xidmətlərin göstərildiyini deyən həkim Azərbaycan məktəblərində də seksopotoloqlara ehtiyac olduğunu vurğulayır. O, bunun səbəbini belə açıqlayır.

Əliabbas İlyasov:
– Əksər vaxtı gənclər məlumatı dostlarından, öz həmyaşıdlarından götürürlər. Çox vaxtı düzgün informasiya vermirlər bir-birilərinə. Bir neçə saat tanıdığı insanla yaxınlıq edib, bunun nəticəsində hansısa bir xəstəlik və ya digər problemlə üzləşir.
Qeyri-ənənəvi cinsi əlaqələr zamanı gənclər ən çox qorxurlar ki, hamiləlik yarana bilər, yarana bilməz, açıq cinsi əlaqə zamanı hansı infeksiya keçə bilər.

Amerika və Avropa Konsultantlar Assosiasiyasının üzvü, psixoloq Dəyanət Rzayev Azərbaycanda bölgələrdə yaşayan gənclər arasında seksual pozğunluqların, homoseksual münasibətlərin və heyvanlarla cinsi əlaqəyə girmə hallarının daha çox olduğunu, azyaşlı uşaqlara qarşı zorakılıq hallarının artdığını deyir. Psixoloq hesab edir ki, belə halların qarşısını almaq üçün gənclər arasında maarifləndirmə işləri aparılmalı, valideynlə övlad arasında səmimi münasibət olmalıdır.

Dəyanət Rzayev:
– Bölgədə bir toy olub, qızla oğlan evlənib. Səhəri günü dava, qırğın, ekspertiza, ginekoloq gətiriblər ki, bu qız uşağı deyil də. Belə deyək, sonradan bəlli olub ki, oğlan təcrübəsiz olub. Düzdür indi bəzi insanlar fahişələr yanına gedirlər, cinsi əlaqəyə girirlər pulla, o da psixoloji olaraq insana çox pis təsir göstərir.  Gələcəkdə pulla cinsi əlaqəyə girmə, pornofilmlər və s. psixomepatensiyaya da gətirib çıxarır.

Bakı sakini 24 yaşlı Hafiz Balazadənin sözlərinə görə, o, nə ailədə, nə də məktəbdə intim münasibətlərlə bağlı suallarına cavab tapa bilməyib. Hafiz bu məsələ ilə bağlı bilgilər əldə etməyin çıxış yolunu gənclərin özlərini maarifləndirməsində görür.

Hafiz Balazadə:
– Öz həyat təcrübəmdən götürmüşəm. Hamısı bir-birinə bağlı mövzulardır yəni bunlar. Ümumi dünyagörüşü olmalıdır gənclərdə, olmasa, çətin məsələdir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.