Sosial, ZZ-Manşet

“Coca-Cola” ASAN könüllüləri olan gənc xanımları təbrik edib

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qadınların inkişafına dəstək olan “Coca-Cola” şirkəti Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. Martın 7-də Sumqayıt Gənclər Evində keçirilən tədbirdə Coca-Cola şirkəti və ASAN Könüllülər təşkilatı ASAN Xidmət Mərkəzlərində çalışan gənc xanımları və Sumqayıt şəhərinin bir sıra fəal qızlarını təbrik ediblər. Tədbir Coca-Cola Fondu və ASAN Könüllülərinin birgə həyata keçirdikləri “AIM-W” layihəsi çərçivəsində xanımlar üçün “turizm və sahibkarlıq” mövzusunda keçirilən silsilə təlimlərin son günündə baş tutub. Təlimləri uğurla başa vuran xanımlara hədiyyələr və türkiyəli mütəxəssislər tərəfindən sertifikatlar təqdim edilib.

Tədbirdə çıxış edən Coca-Cola şirkətinin İctimaiyyətlə Əlaqələr Meneceri Elşad Fərzəliyev şirkətin qadınların inkişafına verdiyi önəmdən danışıb və gənc xanımları təbrik edib:

“8 Mart Beynəlxalq Qadınlar Günündə hamımız ictimai, siyasi, iqtisadi, idman və mədəniyyət kimi müxtəlif fəaliyyət sahələrində xanımların nailiyyətlərini qeyd edirik. Elmi araşdırmalar göstərir ki, qadınların fəallığı ilə dünya cəmiyyəti, qlobal iqtisadiyyat, beynəlxalq səhiyyə kimi əhəmiyyətli sferaların inkişafı arasında birbaşa müsbət əlaqə var. Məhz bu səbəbdən Coca-Cola şirkətinin sosial inkişaf siyasətinin prioritetlərindən biri məhz qadınların inkişafıdır. Coca-Cola şirkəti daxilində və şirkətin fəaliyyətdə olduğu ölkələrdə, o cümlədən də Azərbaycanda qadınların inkişafı, onların iqtisadi imkanlarının güclənməsi üçün müxtəlif proqramlara dəstək oluruq”.

ASAN Könüllülərini salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sektor müdiri Sahil Məmmədli könüllü qızları bayram münasibətilə təbrik edib və Azərbaycanda genişlənən könüllülük hərəkatı, bu hərəkatda gənc xanımların fəallığından danışıb: “ASAN Xidmət Mərkəzlərinin fəaliyyətinin uğurlu olması və vətəndaşların etimadını qazanmasına təsir edən amillərdən biri inkişafa meyilli vətənpərvər gənclərin könüllü olaraq bu işə qoşulmasıdır. Gənc qızlarımız da oğlanlar kimi bu işdə çox fəaldırlar. ASAN Könüllülər təşkilatı da öz növbəsində gənclərimizin inkişafını daima diqqətdə saxlayır, onlar üçün müxtəlif inkişaf layihələri həyata keçirir. Coca-Cola Fondunun dəstəyi ilə artıq iki ildir ki, ölkəmizin müxtəlif bölgələrindən olan 1000-dən artıq gənc xanıma biznesin inkişafı mövzusunda türkiyəli mütəxəssislərin köməyi ilə fayadalı təlimlər təşkil edirik. Nəticədə xanımlar karyera hazırlıqlarını gücləndirir, kiçik biznes layihələri icra edirlər”.
Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsi və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Layihə Mingəçevir, Quba, Gəncə, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonalarını da əhatə edir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, layihə çərçivəsində təşkil edilən təlimlər “Turizmdə və sahibkarlıq” mövzusunda icra edilir.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.