Bloq, P.S, ZZ-Manşet

Coca-Colanı öpüb alına qoymaq lazımdır - Bloq

azer.Bəlkə də Coca-Colanı boykot etmək yox, öpüb alına qoymaq lazımdır.

Son günlər mediada bir qrup dindarlar tərəfindən Coca – Cola məhsullarının boykot olunması üçün çağırışları görürəm. Deyirlər ki, sözü gedən içki Amerikada kəşf olunub, şirkət kimi orada qeydiyyatdan keçmiş olsa da, əslində İsrail şirkətidir və  hər il bu şirkət İsrail ordusuna maddi yardım edir. Onlar da bu pulla bomba alırlar və bu bombalar Fələstinin başında partlayır. Hələ irəli gedib, atılan bombaların üzərində Coca-Cola yazıldığını iddia edənlər də var.

Mən Colanı tərifləmək niyyətində deyiləm.

Çünki, əslində şəxsən mənə həkimim Cola içməyə icazə vermir. Amma bu dəxilsiz boykota dünya görüşlərinə və savadlarına daim güvəndiyim dostlarımın da qoşulduğunu görəndə fikirlərimi bölüşmədən qala bilmədim.

Əziz Colanı boykot edənlər, boykota çağıranlar. Dərdiniz nədir? Düşünürsünüz ki,  colanı boykot etməklə Fələstində olan müharibəni dayandıracaqsınız?

Əvvəlcə, Colanın belə bir addım atdığına necə əmin olduğunuzu soruşmaq istəyirəm. Axı, Sizin əlinizdə colanın İsrail ordusuna yardım etməsi ilə bağlı bircə fakt da yoxdur.

Axı, Siz ancaq şaiələrdən danışırsınız. Əslində oradan-buradan eşidib, hisslərinizə qapılmısınız. Gözünüzlə görməmisiniz, bir tutarlı faktınız yoxdur.

Axı, Siz özünüz də fərqindəsiniz ki, İsrailin olduğunu və İsrail ordusuna pul köçürdüyünü iddia etdiyiniz məhsulun boykotuna çağırışı açıq-aydın yəhudi olan Markın Facebookunda, Apple-ın avadanlıqlarında yazırsınız. Bu məntiqlə axı, həmin şirkətlər də İsrail ordusuna pul ödəməlidir. Colanın ödədiyinə əmin olduğunuz kimi adı çəkilən məhulların da ödəmədiyinə əminsinizmi? Bəlkə bir az hisslərinizi kənara qoyub, məntiqinizi axtarıb tapasınız. Axı, Siz ziyalı olduğunuzu iddia edirsiniz.

Sizə uzun müddət PR (Public Relations (Eng)- ictimaiyyətlə əlaqələr (Aze) red.) sahəsində xidmət göstərən biri kimi bir neçə sirr açım.

Dünyanın bütün ağlı başında olan PR-çıları və marketoloqları əmindir  ki, Colaya qarşı bu kampaniya bir PR strategiyasıdır və bu strategiyanın məqsədi əslində Colanı çökdürmək yox,  müsəlman ölkələrinin iqtisadiyyatına zərbə vurmaqdır. Burada Colaya maddi heç bir ziyan dəymir. Çünki hər ölkədə fərdi istehsalçı var. Hələ istehsalçını qoyun bir kənara, mənə  şirkətin bu aksiyaya qoşulmuş bir xiristian və ya başqa dinin mənsubunu misal göstərə bilrsinizmi? Göstərə bilməzsiniz.

Tutaq ki, boykotunuz bir nəticə verdi. Nəticədə nə olacaq?

Fələstində heç bir qırğın dayanmayacağı yüz faizdir, amma başqa məsələlər dayanacaq. Colada işləyən yüzlərlə sürücüdən biri olan qonşumuz Elçin işsiz qalacaq. Elçinin uşaqları ac qalacaq. Təbii ki, o şirkətdə Elçinlər, Tofiqlər, Əflatunlar, Leylalar, Fatmalar, Aygünlər yüzlər və minlərlədir. Hansı ki, onlar işləyir və ailəsini dolandırırlar.  Onların qazancı bir başa iqtisadiyyata təsir edir. Siz bir şirkətin fəaliyyətinin dayanması və minlərlə insanın işsiz qalmasının nə demək olduğunu təsəvvür edirsiniz?

Siz, onlar işsiz qalsa, onlara baxacaqsınız?

Sizin xəbəriniz varmı, Cola ölkə iqtisadiyyatına nə qədər fayda verir? Nə qədər dövlət büdcəsinə vergi ödəyir?

Sizin xəbəriniz varmı ölkədə ən böyük iş verən müəssisələrin önündə gələn şirkətlərdən biri məhz Coladır?

Sizin xəbəriniz varmı, hökümətin yol çəkməyi unutduğu Gədəbəyin ən ucqar kəndində belə hansısa Əli kişi öz qapısının ağzında qoyduğu balaca piştaxtada Cola sataraq uşaqlarını saxlayır.

Sizin bəlkə Azərbaycan mediasının reklam payının neçə faizinin Colada olduğundan xəbəriniz var?

Hər gün axşam evə gedəndə bazarlıq elədiyiniz məhəllədəki kiçik mağaza var ha, onun satıcısının yay aylarında Cola çox satıldığı üçün sevindiyindən xəbəriniz var? Çünki siz onu dəvət etdiyiniz toya o, həmin Coladan qazandığı pulu salacaq.

Ümumiyyətlə, siz əslində bir başqaları tərəfindən düşünülmüş PR kampaniyasının alətinə özünüzdən xəbərsiz çevrildiyinizi  bilirsiniz?

Siz bilirsinizmi, sizin bu hay-küyünüzü planlayan PR idarəçiləri hazırda uğurlu kampaniyaları üçün sevinir və bu işə görə əlavə qonararlarını alıb kef çəkirlər? Məncə, indi onların stollarının üstündə Coca-Cola mütləq var. Hə, onların bu sifarişi haradan aldıqları isə başqa sualdır, başınız boykot məsələlərindən ayılsa, biraz işlədib taparsınız.

Bir sözlə, Cola boykotunuz ALLAH eləməsin birdən çaşıb tutsa, Azərbaycanda zəncirvari olaraq millət ac qalar. İndi biriniz çıxıb deycəksiniz ki, xoruz olmayanda da səhər açılırdı, amma özünüz də yaxşı bilirsiniz ki, ac adamların çıxa bildikləri səhərlərin sayı barmaqla sayılacaq qədərdir.

Məncə Colanı boykot etmək əvəzinə yığışıb Colaya təşəkkür məktubu göndərmək lazımdır və xahiş etmək lazımdır ki, bizdən küsüb, ölkədən getməsin. Hətta oturub, Colanın nazı ilə oynamaq lazımdır. Birdən çaşar Cola bizi boykot edər. ALLAH qorusun.

Bir də yadıma düşmüşkən, Cola məhsullarını baykot edib satmadıqlarını deyən market və kafelər var ha, onlar əslində PR gedişi edirlər. Bu yolla onlar əksər dindar qismi öz mağaza və kafesinə müştəri qismində cəlb edirlər. Həmin müəsissələrin Colanı boykot etdiyinə görən inanclı şəxslər çox uzaq məsafə olsa da belə gedib həmin yerdən alış-veriş etməyi özünə vicdan borcu bilir. Beləcə, Colanı boykot etdiyini deyən sahibkar digər məhsulların satışını yeni artan müştərilərlə 3-4 dəfə artırır və varlanır. Siz də elə bilirsiniz ki, Fələstini fikirləşir. Əslində isə hər biri cibini fikirləşir.

Fələstinə dəstək üçün isə yığışıb yaralılara  humanitar yardım göndərsəydiniz, Coca-Colanı boykotdan daha məntiqli iş görmüş olardınız. Amma mənə maraqlıdır, görəsən, kafesində Fələstinə dəstək üçün Coca-Cola satmağı dayandıran biznesmen Fələstinə dəstək üçün 100 manat ianə etməyə razı olarmı?

Müəllif: Azər Nəzərov


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

Şərhlər