Podkastlar

Çörək elin sərvətidir

Azərbaycanda 12 min illik tarixi olduğu hesab edilən çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılır.

Azərbaycanda çörək daha çox buğda unundan bişirilir. Bəzən isə xəmirə buğda unu ilə yanaşı arpa, düyü və digər un növlərindən də qatırlar. Əksər çörək məmulatları narın və yaxşı üyüdülmüş undan hazırlanır. Üyüdülmə nəticəsində unun tərkibində nişasta və yapışqandan başqa, taxıldan əsər-əlamət qalmır. Unun təmizlənmə prosesində isə bir çox vitaminlər və digər bioloji aktiv maddələr itdiyindən qida yararlılığı aşağı düşür. Bu növ undan hazırlanan məmulatları da çox saxlamaq olmur. Deməli, un nə qədər narın üyüdülüb, hədsiz təmizlənərsə, ondan bişirilən çörəkdə aktiv komponentlər, o cümlədən sellüloz və vitaminlər bir o qədər azalar.

Çörək bir qayda olaraq təndirdə, çuqun və gil saclarda, həmçinin, xüsusi soba və kürələrdə bişirilir.

Azərbaycanda forma və dadına görə müxtəlif çörək növləri var. Bunlara ağ çörək, səngək, yuxa, lavaş, fətir, xamralı, ləzgi çörəyi, kəpək çörəyi və başqalarını misal göstərmək olar. Daha çox yayılan çörək növləri isə təndir çörəyi və sacda hazırlanan lavaşdır.

Azərbaycanın bir çox bölgələrində öz dadı və ətri ilə məşhur olan təndir çörəyinin özünəməxsus hazırlanma qaydasıda var. Beləki, ilk olaraq xəmir yoğrulur və acımağa qoyulur. Xəmir acıdıqdan sonra kündə şəklində kəsilir. Kündəyə uzunsov və ya dairəvi forma verilir, üzəri müxtəlif naxışlarla bəzədilir. Bişirilmədən öncə təndir çörəyinin üzünə yumurta sarısı və yaxud ayran, bəzən isə zəfəran çəkilərək təndirə yapılır.

Naxçıvan, Qubadlı və Zəngilan regionlarında isə daha çox lavaş çörəyi yeyilir. Hətta bu regionlarda lavaş ehtiyat üçün 2-3 aylıq bişirilir, sonra qurudularaq dəsmala bükülür və uzun müddət saxlanılır. Yeməkdən əvvəl qurudulmuş lavaşın üzünə azca su çillənir və dəsmala bükülərək bir müddət yumşalmağa qoyulur.

Bakı, Gəncə, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biri də Səngək çörəyidir. Bu çörək növü xıra-xırda daşların üzərində,qırmızı kərpicdən hazırlanan kürələrdə bişirilir və əsasən bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.

Başqa bir çörək növü Kəpək çörəyidir. Kəpək çörəyi öd kisəsində daş meydana gəlməsi ehtimalını azaldır, qəbizliyin qarşısını alır, iştahı kəsərək kilo verməyə kömək edir. Bununla yanaşı  bağırsaqların nizamlı işini təmin edənkəpək çörəyi bağırsaq xərçənginin meydana gəlməsinə də mane olur.  Kəpəkli çörək, yalnız kilo problemi və ya şəkər xəstəliyi kimi narahatlıqları olanlar üçün deyil, hər kəs üçün faydalıdır.

Azərbaycanda daha bir çörək növü isə Ləzgi çörəyidir. Ləzgi çörəyi görüşünə görə günəşi xatırladır. Bu isə ləzgi xalqının mifologiyası ilə bağlıdır. Ləzgi çörəyinin özünün də müxtəlif növləri var. Bu növlərdən biri də Xərək çörəyidir. Bu çörək növü mayalı və mayasız xəmirdən qalın lavaş yayılıb üstü ləkələnməklə hazırlanır. Onu xərəyə qoymazdan əvvəl üzünün yaxşı qızarması üçün üzərinə yumurtalı su və yaxud ayran çəkilir. Xərək çörəyinin çoxlu üstünlükləri də var. Bu çörək ovulmur və 10-15 gün kif atmır.

Azərbaycanda yaşayan xalqların xu, xul, çarfu, qaquts, lavaş, bazlamaç, saçun fu, akat fu, qulan fu, çar avay fu, ştkar, nisi kvay fu, mukaş kvay fu, xöx avay fu, tunut, şirin fu, quzan, aluqa, tsaluq, bakluk, çerekun və s. çörək növləri var.

Çörək toxluq hissi yaradır və qan şəkərinizi tənzimləyir. Çörək yeyərək şirniyyat ehtiyacınızı da qarşılaya bilərsiz. Tam taxıllı çörəklər piylənmənin qarşısını alır, çəkini tənzimləyir və maddələr mübadiləsinin sürətinin yavaşlamasına maneə olur. Bundan başqa tam taxıllı çörəklər B12 istisna olmaqla, bütün B qrupu vitaminlərinin əsas qaynağı olduğundan ağız, dil və dəri toxumasının sağlam qalması üçün ən ideal qida hesab olunur. Tam buğda, çox taxıllı, yulaf və çovdar çörəklərindən daimi istifadə qarın ətrafının piylənməsini azaldır.

Narın buğda unundan hazırlanan ağ çörəksə əsrlər boyu firavanlıq və bolluq rəmzi sayılıb. Bu çörəyin qida dəyəri az, kolori mənbəyi isə digər çörək növlərindən çoxdur. Ağ buğda çörəyindən istifadə insan orqanizminin sellülozla az qidalanmasına gətirib çıxarır.

Çörək əvəzolunmaz bir nemətdir. Qonaq gedilən hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrələrin şahıdır. Çörək elin varı,elin sərvətidir.

ikinci shekil

 

ucuncu shekil

 

dorduncu shekil

 

beshinci shekil

Öncəki xəbərNövbəti xəbər

4 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.