Aktual

“Çörək standartının qəbulu zəruridir”

Mağazadan çörək aldığı zaman rastlaşdığı anti-sanitar mənzərələrdən narahat olan müsahibimiz Aynur Bayramova deyir ki, satıcılar və alıcılar piştaxtada açıq çörəkləri yalın əllə götürürlər. O, dəfələrlə buna etirazını bildirdiyini desə də, yalnız bir nəfərin narazılığı ilə heç nəyin düzəlməyəcəyini də qeyd edir.

Aynur Bayramova:

–         Yaşadığım ərazidəki maqazinlərdən (red.mağaza)  demək olar ki, heç biri selofanda vermir, hətta elə olubdur ki, götürüb polu (red. Döşəməni) silib, pol əskisini yerə qoyub gətirib çörəkdən yapışdıqları da olub, bu halda mən çörəyi almamışam təbii ki, çıxıb getmişəm

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov 2012-ci ilin oktyabrında keçirdiyi mətbuat konfransında tezliklə çörək standartı layihəsinin qəbul olunacağını bildirib. Onun sözlərinə görə layihə hələ qəbul olunmasa da, ekspertiza mərhələsindədir. Standart qəbul olunarsa, Azərbaycanda çörək və çörək məhsullarının paketlənmədən satışa çıxarılmasına qadağa qoyulacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, bazar şəraitində çörək satışı liberaldır, yəni hər kəs standartlara uyğun olaraq bu işlə məşğul ola bilər. Amma bu sahədə də istehlakçıların hüquqlarının tapdandığı hallar mövcuddur. Buna görə də standartların tədqiqi və belə bir layihənin qəbul olunması zəruridir.

Eyyub Hüseynov:

–         İstehlakçılar iki məsələdən narahatdırlar. Çörəyin qısa müddətdə xarab olması, yapışqan olması, ikinci məsələ isə çörəyin 72 saatdan sonra da yumşaq qalması o deməkdir ki, onun tərkibinə çoxlu kimyəvi maddələr qarışdırırlar və onun etiketinə yazmırlar.

Ekspert onu da qeyd edir ki, bu proseslərlə yanaşı çörək zavodlarında çörək daşınarkən və mağazalara paylanarkən lazım olan sanitar qaydaların pozulması hallarına da rast gəlinir. O, çörək zavodlarında tətbiq olunan cəzalara da münasibətini bildirir.

Eyyub Hüseynov:

–         Müəyyən çörək zavodlarında, çörək sexlərində pis vəziyyət görəndə onu tam bağlayıb məhv etməsinlər, ona subsidiyalar verilsin və standarta uyğun fəaliyyətə gətirilsin. Kiçik və orta biznes məhv olmalı deyil, ona yalnız kömək etmək lazımdır.

Çörək satışı sahəsində rəqabətin olduğunu deyən iqtisadçı ekspert Natiq Cəfərli burada qiymətin də bazar tərəfindən müəyyənləşdiyini bildirir.  Ekspertin fikrincə, sözügedən standartın qəbulundan sonra maya dəyərinin qalxması və süni qiymət artımının qarşısının alınması üçün, müəyyən vergi güzəştlərinin olması və yaxud da Sahibkarlığa Yardım Fondu tərəfindən çox kiçik kreditlərə çıxışın əldə edilməsi mümkün olarsa, bu zaman çörəyin qiyməti bahalaşmaz, əksinə ucuzlaşma da qeydə alına bilər.

Natiq Cəfərli:

–         İqtisadiyyatın öz qanunları var hər bir məhsulun, maya dəyərində müəyyən artış baş verirsə, sonuc etibarilə də satış qiymətində artım müşahidə olunacaqdır. Çörək istehsalçılarının narazılığı da məhz bununla bağlıdır. Həm belə bir standartların gətirilməsindən söhbət gedir, həm də adminstrativ yolla qiymətin qaldırılmamasını tövsiyə edirlər.

Ekspert, həmçinin, bu məsələnin həlli üçün qonşu ölkələrin də təcrübəsinə nəzər salmağın vacib olduğunu bildirir.

Natiq Cəfərli:

–         Qonşu ölkələrin praktikası mövcuddur, çörək məsələn bir neçə çəkidə buraxıla bilər. Çəkinin hansının seçilməsinin sahibkar özü seçir. Standartlaşdırma Komitəsi və hökümət strukturları bir neçə çəki vahidi müəyyən edə bilərlər ki, bundan aşağı olmasın çörəyin çəkisi və sahibkar da özü seçə bilər ki, bu çəkilərin hansı ilə işləmək ona iqtisadi cəhətdən ona daha çox sərf edər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, hazırda Azərbaycanda çörək istehsalını tənzimləyən 11 standart mövcuddur. Bunlardan beşi milli standart,  altısı Qost adlandırılan dövlətlərarası standartdır. Lakin istehlakçılardan gələn haqlı narazılıqlar nəticəsində hazırlanan yeni standart layihəsində çörəyin çəkisi, və qablaşdırılması ilə bağlı məcburi tələblər və digər məsələlər öz əksini tapıb.

Fazil Talıblı:

–         Beynəlxalq taktikada da bu öz təsdiqini tapıb, çörəyin çəkisi sərbəst buraxılmalıdır, sifarişçi ilə istehlakçı arasında razılıq əldə ediləndən sonra istehsal edilməlidir, 100 qram da ola bilər, 200, 500 qram da tələbatan uyğun istehsal olunmalıdır.

Komitə rəsmisi onu da əlavə edir ki, yeni standatlara görə çörək Səhiyyə Nazirliyinin icazəsi olan kağız və poletilen sellofanlarda soyudulduqdan sonra paketlənəcək. Paketlənmənin çox cüzi məsrəf tələb etdiyini deyən Fazil bəyin fikrincə bu qiymət artımına səbəb olmayacaq, bununla yanaşı çörəyin daşınmasında istifadə olunan maşınlar da tələb olunan standartlara cavab verməlidir.

Fazil Talıblı təndir evində bişirilən çörəklərə isə paketlənmənin vacib olmadığı fikrindədir.

Fazil Talıblı:

–      Təndir evləri əvvəldən də olub, tarixən təndirə yaxılan çörəklər satışda olub. Burada elə bir problem yoxdur. İstehlakçıların zövqünə uyğun olmalıdır, əsasən, tərkibi təhlükəsizlik keyfiyyəti standartına uyğun olsun.

Layihə haqqında fikirlərini və təkliflərini öyrənmək üçün bir neçə çörək zavodu ilə əlaqə saxlasaq da onlar suallarımızı cavablandırmaqdan imtina etdilər.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.