İdman, ZZ-Manşet

Cüdoçu Rüstəm Orucovla görüş keçirilib

DSC_1902.Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Zirvə görüşləri” adlı yeni layihəyə start verilib. Layihənin əsas məqsədi idman sahəsində yüksək nailiyyətlər əldə etmiş, tanınmış idmançılarla tələbələrin görüşünü təşkil etmək, gənclərin müsbət nümunələrlə idman mədəniyyətinə motivasiyalarını artırmaqdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə, layihə çərçivəsində ilk görüş cari ilin 7 oktyabr tarixində keçirilib. Görüşün qonağı Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən və gümüş medal qazanan cüdoçu Rüstəm Orucov olub.

Tələbələr cüdoçunun çıxışını böyük maraqla qarşılayıblar. Belə ki, öz uğur hekayəsini tələbələrlə paylaşan Rüstəm Orucov məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən söhbət açıb.

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarındakı qələbəsindən də danışan R.Orucov Rioda Azərbaycana ilk medalı qazandırdığına görə çox sevindiyini bildirib: “Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macarı deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdısa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Var gücümlə çalışacağam ki, doğma Azərbaycanımızın bayrağını daim ucalara qaldırım”.

R.Orucov daha sonra tələbələrin suallarını cavablandırıb, məsləhətləri ilə onlara stimul verib. Cüdoçu, eyni zamanda, bu cür görüşlərin çox əhəmiyyətli olduğunu, məzunu olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son dövrlər baş verən müsbət dəyişikliklərə və intensiv inkişafla bağlı sevincini bildirib.

Məlumat üçün bildirək ki, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olunub.

Milli yığma Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırıb. Qeyd edək ki, ötən Olimpiadada milli komanda 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.