YeməkBAZ, Z-Manset

“Dadına baxmamışam, fərqlərini bilmirəm” - Yeməkbaz

Əziz oxucu, bugündən başlayaraq GSR.FM yeni Yeməkbaz adlı bölməyə start verir. Bölməmizin məqsədi müxtəlif restoranların, kafelərin, istirahət mərkəzlərinin xidmət səviyyəsi ilə Sizləri tanış etmək, eyni zamanda, müxtəlif xidmət müəssisələrini öz üzərlərində işləməyə, daha yaxşı xidmət göstərməyə həvəsləndirməkdir.  

Beləliklə ilk “qurban”ımız – paytaxtda yeni açılmış, məşhur türk brendlərindən biri, Gənclik Metrostansiyası yaxınlığındakı  Atatürk parkında yerləşən Özsüt restoranıdır.

“Özünüzü rahat hiss edin”

özsüt6

Mənim üçün bir restoran və ya kafenin girişi, orada qarşılanma çox önəmlidir.   Düzünü desəm, oturmaq üçün özümə yaxşı yer seçməkdə həmişə çətinlik çəkirəm. Yanımda olan nişanlımsa hələ uzaqdan Özsütün həyətində rahat divanlara işarə edib, onlardan birində oturmaq istədiyini deyir. Razılaşıram və sosial şəbəkədə açıldığı gündən geniş müzakirəyə səbəb olan restoranın həyətinə (məncə terras həmin mənanı vermir- A.N.) daxil oluram.

–    “Xoş gəlmisiniz! iki nəfər olacaqsınız?” –  Yaxa kartından oxudum ki, bizi gülərüzlə və bu sualla qarşılayan ofisantın adı Ülvidir. 

–      Bəli, iki nəfər olacağıq.

–      Buyurun, burada əyləşə bilərsiniz.

Ofisant bizə haqlı olaraq iki nəfərlik stolu məsləhət görür. Amma biz 4 nəfərlik və sərbəst görüşlər üçün nəzərdə tutulmuş divan haqqında qərarlaşdığımızdan ofisantdan soruşuram.

–      Divanda əyləşsək olar?

Üzündə təbəssümü əskik etməyərək, Ülvi bizə “Sizə elə rahatdırsa, buyurun” deyərək, yolu göstərir.

Artıq menyular bizdədir. Ülvi sifarişləri götürməyə gələndə də üzündəki təbəssümü və qayğılı danışığını itirmir. Xoşuma gəlir. Məncə, müştəriyə belə davranış mütləqdir, hələ əgər müştəri gərgin işgününün axşamında o restorana istirahətə gəlibsə, deməli, bu 10 qat daha vacibdir.

Qarşılanma ilə bağlı bu qədər. Bir az da digər və ən əsas xoşa gəlməyənlərdən danışaq.

Menyuda olan yeməkləri və qiymətləri bir-bir nəzərdən keçiririk. Vaxtı qəsdən uzadıram, amma başımızın üstündə bizi tələsdirən heç kim yoxdur və  bu  çox yaxşıdır. Qərar verdiyimi hiss edən Ülvi eyni təbəssümlə yaxınlaşır. Sifarişimizi öyrənir.

Başlanğıc üçün ortaya toyuqlu sezar salatı istəyirik. Mənim ağır dietam olduğundan yağlı heç bir qida yemirəm. Ancaq bilənlər bilir ki, steyk mənim ən xoşladığım restoran yeməkləri sırasındadır. Göbələkli Steyk sifariş verib və bunu tam yağsız bişirməsini xahiş edirəm. Ülvi məni marinadın tərkibində az miqdarda yağ olması ilə bağlı xəbərdar edir, ancaq sifarişimdə qalıram. Sifarişimi bildirdikdən sonra gözləyirəm ki, ofisant məndən steykimin hansı temperaturda bişməsini istədiyimi – az bişmiş, orta bişmiş, çox bişmiş, lap çox bişmiş və s. – soruşacaq. Amma soruşmur və gedir. Beləliklə, heç mən özüm də bilmirəm ki, mən hansı temperaturda bişmiş steyk yeyəcəm. Mənim isə xoşladığım orta bişmiş steykdir. Ətin dadı və şirəsi hiss olunduqda mənə daha çox zövq verir.

Baxma, o Sezarın dalınca baxma!

Qısa bir müddətdə bölüşmək üçün ortaya sifariş verdiyimiz Sezar salatı gəlir. Bu dəfə isə artıq özsütÜlvi bizi tərk etmişdi, yaxasında adı yazılmamış, amma eyni gülərüzlü və qayğılı başqa bir həmkarı onu əvəz edirdi. Salata qədər stola “aperatif” üçün çörək və zeytun qoyulmuş, sular süzülmüşdü və bunların hamısı həssaslıqla olurdu.

“Toyuqlu Sezar”dan bir qaşıq nişanlım, bir qaşıq da özüm üçün qoyuram. Çox dadlıdır. Bildiyiniz kimi Sezar salatının sirri onun sousundadır və aşpazın bu işin öhdəsindən gəldiyi 100 faiz hiss olunur. Elə istəyirəm ki, yenidən özümə bir qaşıq salat qoyum, amma istəyim ürəyimdə qalır. Necə deyərlər sən saydığını say, gör restoran nə sayır.

Ofisant əsas yeməklərimizi gətirdiyindən salat üçün ayrılmış qablarımızı götürüb qarışımıza ikinci yeməklərimizi qoyur. Axı, cəmi beş dəqiqə qabaq salat gəlmişdi. Axı, biz salatdan hələ cəmi iki qaşıq götürmüşdük.

Özüm də keçmiş vaxtlarda beş ulduz restoranların bir neçəsində ofisant, barmen və s. işlədiyimdən bildim ki, yeməkləri mətbəxə sifariş verəndə arada olan vaxt intervalını düzgün saxlaya bilməyiblər və beləliklə, mən Sezar salatımdan oldum. İkinci yemək isə qarşımdadır, onu da vaxtında yeməsəm soyuyacaq. Onun üzərindən də salatı davam etmək qeyri-mümkündür.

Çox bişmiş steyk.

Belələliklə, səbrsizlikə gözlədiyim, amma gözlədiyim vaxtdan tez gələn steykin dadına baxmaq lazımdır. Ət çox gözəl marinad olunmuşdu, tərkibinə vurulmuş ədvalar əlavə bir dad qatmışdı. Aşpaz işinin öhdəsindən məharətlə gəlmişdi. Amma mənim damaq dadıma uyğun deyildi. Çünki ət çox bişmişdi. Mənsə, yuxarıda da qeyd etdiyim kimi çox bişmiş yox, orta bişmiş steyk xoşlayıram. Fikrimcə, restoran bu məsələdə çox diqqətli olmalı və müştəridən bişmə dərəcəsini soruşmağı unutmamalıdır. Bu mütləqdir. Axı, orta bişmişlə, çox bişmiş steykin dadlarında böyük fərq var.

özsüt1

“Dadına baxmamışam, fərqlərini bilmirəm”

İsti yeməkdən sonra mən çay, nişanlım isə desert istəyir. Desert üçün desert vitrininə yaxınlaşır və oradan seçməyə çalışırıq. Düzünü desəm, nişanlım əvvəlcə “Kazandibi” şirniyyatı sifariş verir, ancaq bu desert qalmadığından vitrinə yaxınlaşmağı daha ideal hesab edirik.

Vitrində olan “Tavukgöğsü” və “Keşkül” desertləri arasında hansı fərqlərin olduğunu vitrinin arxasında xidmət göstərən və adı yaxasında yazılmayan ofisiantdan soruşuruq. Ancaq maraqlı cavab alırıq: “Mən bunların heç birinin dadına baxmamışam, ona görə, fərqlərini deyə bilmərəm. Amma yəqin “Tavukgöğsü”nün içində toyuğun sinə əti olur” – deyir.

özsüt2Düzünü desəm, cavab mənə qəribə gəlir. Çünki, bildiyim qədəri ilə Özsüt PR və tanıtım məqsədi ilə öz şirniyyatlarını, hətta, ofis və şirkətlərə də göndərib. Onun desert vitrinin arxasında xidmət göstərən əməkdaşı axı niyə onların dadından xəbərdar olmamalıdır ki?!

Vitrində digər şirniyyatlardan çoxlu “Tavukgöğsü”ndən isə yalnız bir ədəd qaldığından əslində bu şirniyyata təlabətın böyük olduğunu düşünür və sifariş veririk. Mən dietada olduğumdan dadına baxmadım, amma nişanlım çox bəyəndi və içində heç bir toyuq sinəsinə rast gəlmədi.

Sən demə bu dessertin  üzərinə darçın da əlavə etmək lazımıymış. Özsüt darçının miqdarını isə haqlı olaraq müştərinin seçiminə buraxır, yəni desertlə yanaşı əlavə qabda darçın da süfrəyə verilir.

 Yaxşı restoran tualetindən bilinər!

özsüt5

Deyir, əgər bir restoran və ya kafenin xidmət səviyyəsini bilmək istəyirsənsə, tualetinə və mətbəxinə bax. Orada olan səliqə və ya səliqəsizlik sənə hər şeyi deyəcək. Mətbəxə baxmaq imkanım olmadı, amma tualetin qapısının arxasında standarta uyğun olan təmizlik cədvəlini görməsəm də, məncə, kifayət qədər səliqəli və təmiz idi. Doğrudur, tualetin qapısının içəridən çərçivələrindən biri sınmışdı, amma onu da səliqəli formada qapının arxasında qoymuşdular. Mənim kimi qapının arxasına da baxan neçə müştəri var ki?

Bütövlükdə götürsək Özsütdə xidmət səviyyəsi və yeməklərin dadı xoşuma gəldi. Kollektivin gülərüz olması, öz aralarında ucadan yox, asta səslə danışması, aralarında zarafat etməmələri, müştərini incitməmələri zövqü oxşayır.

Ümid edirəm, xidmət səviyyəsinə aid qeydləri düzəltməsələr də, heç olmasa, müzakirə edərlər. Çünki mənim Sezar salatım heyif idi.

Hazırladı: Azər Nəzərov

Öncəki xəbərNövbəti xəbər