boş bölmə, Podkastlar

Dağüstü parkdan başlanan məhşurluq

Məlahətli səsi ilə milyonların sevimlisinə çevrilən, Azərbaycanın xalq artisti Şövkət Ələkbərova…

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda- Feyzulla kişinin ailəsində dünyaya göz açıb. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərir. Bunu görən anası Hökümə xanım balaca Şövkəti kamança sinifinə verir. Və beləcə onun musiqi ilə ilk tanışlığı başlayır.

Çox keçmir ki, Şövkət səhnə həyatına qədəm qoyur. Bu şans heç gözləmədiyi bir vaxtda qarşısına çıxır. Anası Hökümə xanım qadınlardan ibarət orkestrdə tar çalırdı. Şövkət də tez- tez anası ilə birgə məşqlərə gedirdi. Bir gün orkestr Dağüstü parkda konsertqabağı məşq edir. Konsertdə iştirak etməli olan ifaçılardan biri məşqə gəlmədiyindən drijor onun əvəzinə məşqdə ifa etməyi Şövkətə təklif edir. Təklifi qəbul edən 16 yaşlı Şövkət ifa etdiyi “Gəlmə, gəlmə”  mahnısı ilə qulaq asan hər kəsi səsinə heyran edir.

Asəf Zeynallı adına Musiqi məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnəyə gələn Şövkət Ələkbərova ilk dəfə özfəaliyyətə “Müəllimlər evi”nin klubunda başlayır.  Daha sonra “Kəndlər evi” nin özfəaliyyət dərnəyinə dəvət alır.

1938-ci ildə Bakıda Respublika Mədəniyyət Nazirliyi və  Həmkarlar İttifaqı özfəaliyyət kollektivlərinə baxışlar təşkil edir, geniş miqyaslı festivallar keçirirdilər. Bu festivallarda hər bir istedad qiymətləndirilir, qaliblər diplomlarla, medallarla və müxtəlif mükafatlarla həvəsləndirilirdilər. Şövkət Ələkbərova da belə festivallardan birində qalib olur. 1938-ci ilin əvvəllərində Opera və Balet Teatrında festivalın yekun konserti keçirilir. Münsiflər heyətində Üzeyir bəy Hacıbəyov, Bülbül, Səid Rüstəmov və başqaları var idi. Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni böyük məharətlə ifa edir.  Onun çıxışını çox bəyənən və xüsusi olaraq qeyd edən Üzeyir bəy Hacıbəyov  Şövkəti flarmoniyaya çağırır və işə götürür. Elə məhz həmin gündən Şövkət Ələkbərovanın professional səhnə həyatı başlayır.

sovket-elekberova-sekil1

Beləliklə, Şövkət Ələkbərova 1938-ci ildən Azərbaycan Dövlət Flarmoniyasının mahnı və rəqs ansambılının solisti olur, o, bu vəzifədə 1945-ci ilə qədər çalışır.

Müğənninin ilk muğamat müəllimi Üzeyir Hacıbəyovun dayısı Ağalar bəy Əliverdibəyov olur. Professional vokal dərslərini isə Hüseynqulu Sarabskidən alır. Çox böyük ustalıq və güclü səs tələb edən “a capella” üsulunda ifa etməyi bacaran Şövkət Ələkbərova müəllimi Sarabskini xatırlayarkən deyirdi: “O həm də xanəndəni aktrisa kimi görmək istiyir.”

Şövkət Ələkbərovanın xanəndə yaradıcılığının zirvəsinə ucalmasında Üzeyir Hacıbəyov və Hüseynqulu Sarabski ilə yanaşı Bülbül, Xan Şuşinski və Zülfi Adıgözəlovun da böyük rolu olur.

O, İkinci Dünya müharibəsi illərində də yaradıcılığına ara vermir, daha böyük əzmlə çalışır. Həmin dövrdə  “Şəfqət bacısı”, “Addımla əsgər”, “ Yaxşı yol” mahnılarını ifa edir. Lakin səsi lentə almaq mümkün olmadığından həmin mahnılar yalnız yaddaşlarda yaşayır.

1945-ci ildə müğənni Müslüm Moqamayev adına Azərbaycan Dövlət Flarmoniyasında, daha sonra isə Azkonsertdə çalışır. Yaradıcılığının 3-cü mərhələsi 50-ci illərə təsadüf edir.

Xanəndənin ifasında “Qatar”, “Segah”, “Şahnaz” muğamları yeni nəfəs tapır.

Onun ifasında “Qarabağ şikəstəsi”, “Süsən sünbül”, “Dəli ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran”, “Gül açdı” kimi sevilən mahnılar da səslənir.

Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları ifa edən müğənninin repertuarında “Ənəlhəq”, “Füzuli”, “Ay işığında”, “Oxu tar”, “Eşqimdə təmənnasızam”, “Tellər oynadı”, “Küsüb məndən”, “Bir könül sındırmışam”, “Bayram şamları”, “Durnalar”, “Getmə amandı”, “Şəki”, “Bakı gecələri”, “Qubalı qız”, “Dərələr”, “Ağ çiçək” kimi yaddaşlarda iz qoyan mahnı- kantatalar və mahnılar yer alır.

Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərova müxtəlif filmlərin mahnılarını da səsləndirir. Bunlara “Bəxtiyar”, “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Ögey ana”, “Mücrü”, “İyirmialtılar”, “Aygün”, “ Koroğlu”, “Mahnı belə yaranır”, “Kölgələr sürünür”, “Qızmar günəş altında” və s. filmləri  misal göstərmək olar.

sovket-elekberova-sekil2

Şövkət Ələkbərova Azərbaycanı SSRİ-nin bir çox şəhərlərində eyni zamanda Fransa, İsveçrə, Şrilanka, Əfqanıstan, Hindistan, Misir, Türkiyə, İran, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edir.

O, 1954-cü ildə Azərbaycanın əməkdar artisti, 1959-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülür.

Xanəndənin yaradıcılığının 4-cü mərhələsi gənc nəslə sənətinin sirlərini öyrətdiyi dövrü əhatə edir. Onun şagirdləri sırasında məşhur müğənni Aybəniz Haşımova da var.

Yaradıcılığının 4-cü dövrü onun, həmçinin, ağır itkilər verdiyi dövrdür. Həyat yoldaşı məşhur kino-rejisor Lətif Səfərov qəfil dünyasını dəyişir. Oğlu Bəşirin övlad sahibi ola bilməməsi, qızı Natellanın ağır xəstəlikdən sonra, 1992-ci ildə vaxtsız ölümü müğənninin səhətini daha da pisləşdirir.  O əvvəlcə Almaniyada müalicə alır, daha sonra isə müalicəsi Səhiyyə Nazirliyinin 4-cü Baş İdarəsinin xəstəxanasında davam etdirilir. Lakin çox təəssüf ki, xalq artisti Şövkət Ələkbərova ölümün caynağından xilas ola bilmir.

1993-cü il fevral ayının 7-də dünyasını dəyişir. Müğənninin məzarı Bakı şəhərində, birinci Fəxri Xiyabanda yerləşir.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.