Bloq, ZZ-Manşet

Doğma şəhərin qəriblikləri - Bloq

IMG_1638pOktyabr ayının ikisi Azərbaycan Akademik Milli Dram Teatrında tamaşaya biletim vardı. Tamaşanın başlamağına az qalmış, həmişəki kimi duzlu qoğal alıb, skamyaların birində oturmuşdum. Skamyanın digər ucunda yaşlı bir dayı əyləşmişdi. Dayını çağırıb, təklif etdim: “Buyurun, qoğal yeyin”. Üç dəfə səslədim, amma elə fikirli idi ki, dördüncü dəfə ona nə dediyimi eşitdi: “Qızım, məni çağırırdınız”? dedi və söhbətə başladı. Başladı, nə başladı.

Öz uşaqlığından, gənclik illərindən danışdı. Dedi: “Bilirsən, qızım, mənim burada nə qədər xatirələrim var? Bura çox dəyişib. Heç tanımaq da olmur. Əvvəllər bu həyətdə dəvələr olardı. Bu həndəvərdə o qədər oynamışam. Sonra başqa yerdən ev alıb, köçməli olduq. Hərdən gəlib baş çəkirəm, xatirələrimi yada salıram”.

Sonra dayı məndən soruşdu ki:  “Bilirsən mən kiməm”?

Mən də gülümsəyərək “yox ” dedim. Danışmağa başladı: “Sən onda heç doğulmamışdın, atan yaxşı   bilər. Deyirdilər ha, Bakıda şir uşağı parçalayıb, anasını yaralayıb. Onu xilas edən mənəm. Qadını sağ qurtara bilmişdim, amma uşaq ölmüşdü”. Dəfələrlə dedi ki, atandan soruşsan, məni mütləq tanıyacaq.

Dayı elə fərəhlə, sevinclə danışırdı ki, səhərə qədər oturub, onu dinləmək istəyərdim.

Sonra soruşdu:

-Neçə yaş verərsən mənə?

– Dayı heç 60 yaşınız olmaz.

-Nə 60?!, düz 77  yaşım var.

Həqiqətən yaşından gənc, gümrah görünürdü. Sən demə dayı gəncliyində güləşçi olub: “Məhlədə döymədiyim adam qalmamışdı. Həmişə polis bölməsinə aparırdılar. Polislər də tanışlarım çıxırdı, deyirdilər ki, cavandır, buraxın getsin”.

Sonra biletini çıxardı cibindən: “Özüm də polkovnik olmuşam. Gör necə “krasavçik” cavanlığım olub”. Həqiqətən də elə idi.

Bir az söhbətləşdik, sonra qəfildən qalxdı ayağa: “Mən gedirəm, sağ olun, qızım”. 10 dəqiqə içərisində çox böyük xatirələrə nəfəs verdik. İstədim deyəm ki “Getməyin dayı, qalın bir az da söhbət edək”. Demədim, deyə bilmədim. O evinə, mən də teatra getdim.

Elə o vaxtdan dayını unuda bilmirəm. Düşünürəm ki, gör necə həyatlar, necə xatirələr var. Tanımadığımız insanlar ummadığımız anlarda bizə yoldaşlıq edə bilirlər. Düşünürəm ki, bu balaca  şəhərdə hamımız bir-birimizə çox yad, uzağıq. Həqiqətdə isə eyni hissləri yaşayan insanlarıq. Bircə təbəssüm bizi yaxınlaşdıra bilər. Mənim hekayəmdəki kimi. Heç adını belə bilmədiyim o dayı mənim xatirəmdə doğma insan kimi qalıb, çünki özü üçün doğmalaşdırdığı hissləri mənimlə bölüşdü.

İnanıram ki, haradasa, nə vaxtsa, hər kəs hər şeyin daşını atıb, doğmalaşıb, yaxınlaşacaq. Bəlkə də indi yox, amma nə vaxtsa, məsafələrə “yox” deməyi bacaracağıq. Bəlkə də yaş 77 olanda…

Müəllif: Xatirə İsmayılova


* Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər