P.S, Təmas Xətti, Z-Manset

“Dostoyevski oxuyan özünə kəndir axtarır”

Onunla dərs dediyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bufetində görüşdük. Yanına gedəndə yemək yeyirdi. Nuş olsun deyib, narahat olmasın deyə yan masalardan birində əyləşdim. Özü söhbətə səhhətindən gileylənməklə başladı. Dərmanların artıq onu bezdirdiyini “Hər yeməkdən əvvəl, sonra, iki yeməkarası dərman atmalıyam. İnan dərmanlar olmasa heç yemək də yemərəm” deyir.

Bu dəfə “Təmas xətti” rubrikasında yaratdığı yaddaqalan obrazlarla hər kəsin sevimlisinə çevrilən,  xalq artisti Firəngiz Mütəllibova ilə həmsöhbət oldum.

Aktrisa ekranlarda tez-tez görünməməsinin səbəbini də səhhətiylə əlaqələndirir:

-Mənə ən yaxşı verilişlərdən zənglər olur, amma mən istəmirəm efirə tez-tez çıxım. Əməliyyatdan sonra demişəm məni ancaq teatra, özümə aid olan verlişlərə dəvət edin.

firengiz2

Bufetdə səs-küy olduğundan, həm də süfrə arxasında onu daha çox narahat etməyim deyə artıq sual vermirəm. Universitetdə təmir işləri getdiyinə görə, yeməkdən sonra səssiz, təmiz bir otaq tapıb orda söhbət etməyə başlayırıq.  Sənətindən, teatrdan, həyatından..

“Ağlım kəsəndən elə aktrisa olacam demişəm” 

-Mən uşaqlıqdan utancaq olmuşam. Atam dedi qoy sənədlərini versin. Onsuz da kəsiləcək. Amma mən qəbul olunub qayıdanda anam ağlıyırdı. Mən elə bildim sevincindən ağlayır. Heç demə  o istəmirmiş mən aktrisa olum. Sonra illər keçəndən sonra dedi. O istəyirdi ki, mən həkim, tibb bacısı olum.  Ağ xalatda görmək istəyirdi məni. Həmişə ona zarafatca deyirdim ki, gör məni nə qədər ağ xalatda görmək istəyirdinsə, mən bir belə həkim rolları oynadım. (gülür)

Sonra tələbəlik illərindən söhbət açıram. Deyir ki:

-Mən burda yox, “Malakan bağı”nın yanındakı İnstitutda oxumuşam. Ora niyəsə mənə burdan da doğma gəlir. Mən bura müəllim kimi gələndə müəllimləri görənə qədər  elə bil yad bir universitetə gəldim. Ora bir az yığcamıydı, balacaydı. Orda elə bil ab-hava tamam başqaydı. Çox əla tələbəlik illərimiz keçib.

Siz həm də müəllimsiniz. Öz tələbəliyinizlə tələbələriniz arasında hansı fərqlər var?

Çox böyük fərqlər var. Biz müəllimlərimizdən çəkinirdik.  Bizim kişi müəllimimiz  Böyükağa Kazımov idi. Çəkinirdik ondan. Amma mən istəyirəm ki, uşaqlarımla, tələbələrimlə dost olum. Onlar məndən çəkinməsinlər. Başa salıram onları bu peşə kollektiv işidir. Biriniz olmasa alınmayacaq  bu iş.

Tələbələrinizdə daha çox görmək istədiyiniz nələrdir?

-İnsan var onun amalı, məqsədi olur. Mən elə insanların vurğunuyam.  Mənim üçün  “hə” ya da “yox” sözü var. “Baxaram” sözü yoxdur. Mən uşaqlara da deyirəm, bir az dəqiq olmaq lazımdır. Hətta mənə zarafatca “Sənin almanlarla qohumluğun var?” deyirlər.  Hər yerə 10 dəqiqə əvvəl gedirəm. Özümdən asılı deyil. Mən belə tərbiyə olunmuşam. Bilmirəm, müəllim ailəsində böyümüşəm ya nəsə. Bax bunların hamısının indiki nəsildə olmasını da istəyirəm.

İstəyirəm çoxlu kitab oxusunlar. Nə olsun informasiyalar var. Mən də sosial şəbəkələrə, saytlara girirəm, bir-bir xəbərlərə baxıram. Amma kitab tamam başqa bir şeydir. İndi bu yoxdur. Biz o vaxt həsrətlə məktub gözləyərdik.  Amma indi 3 dəqiqəyə sənə 50 mesaj gəlir. Ona görə də indi hər şeyin marağı itir. Mən uşaqlara deyirəm ki, həyatın sizə maraqlı gəlməsi üçün kitab oxuyun. Siz öz qəhrəmanlarınızı özünüz yaradacaqsınız. Özünüz onu geyindirəcəksiniz, ona xarakter verəcəksiniz .

Məsələn, mən o vaxt oxuduğum “Anna Karenina”nı hələ heç bir filmdə görməmişəm. Deyirəm ki, yox, mənim “Anna Karenina”m başqaydı, yaxud “Kerri bacı”m başqaydı. Hərə bir cür görür onu. O oxuyur başqa cür görür, bu başqa cür. Gör nə gözəl! Bundan gözəl nə ola bilər?!

Həm də insanın söz ehtiyatı çoxalır. Kimsə sənə nəsə deyəndə ona oxuduğun kitabdan bir cümləylə cavab verə bilirsən.  Sonra o sözləri sən özününkü edirsən.

firengiz3

Aktrisa oxuduğu digər əsərlər haqqında da danışır.

Mən sentimental əsərləri çox sevmişəm. Dostoyevskinin vurğunuyam. Düzdür deyirlər ki, Dostoyevski oxuyan özünə sonra kəndir axtarır. Yaşamağa nifrət edir. Amma mən onu dəhşət sevmişəm. Niyəsə onu ruhuma, qəlbimə yaxın bilmişəm.  Oxuduğum vaxtlar hələ də yadıma düşəndə tüklərim biz-biz olur.

Sizin dövr aktyor və aktrisalar üçün tanınmaq, peşəkar səhnədə çıxış etmək nisbətən asan idi. Bunda o vaxtkı təyinatın böyük rolu olduğunu düşünürəm. Necə düşünürsünüz, indiki gənclərin peşəkar səhnədə fəaliyyət göstərə bilməmələri təyinatın olmaması ilə bağlıdır?

-Əvvəlcə deyim ki, təyinatla göndərilmək çox yaxşıdır.  Onda biz bilirdik ki, gəlib bizim diplom tamaşalarımıza baxacaqlar və bizi seçəcəklər. Və böyük bir mübarizə, rəqabət gedirdi. Bizi Tofiq Kazımov diplom tamaşasından seçdi. Amma indi biləndə ki, təyinat yoxdur bir az həvəssizdilər. Ona görə də, məncə, bu təyinat yenidən bərpa olsa çox yaxşı olar.

Amma onu da deyim ki, gənclərin indi tanınmağı çox asandı. İndi heç televiziya da lazım deyil. Sosial şəbəkələrə nəsə yerləşdirirlər və bir gecədə məşhur olurlar. Amma baxır necə və nə formada?! Qalıcı və keçici. Bu da var. Qalıcı olmaq lazımdır. Şöhrət gərək adamın başını gicəlləndirməsin. İnsan nə qədər sadə, səmimi olsa, o həyatda bir o qədər udur.

Hər bir gənc aktyorun teatra gəlişində peşəkar birinin dəstəyi mütləq olur. Sizin o dönəmlərdə dayağınız kim olmuşdu?

Mən artıq teatrda fəaliyyət göstərməyə başlayanda məni Tariyel Vəliyev hazırlaşdırırdı. İlk roluma çəkiləndə Yaşar Nuri mənim o rola çəkilməyimi istəməmişdi. Rejissora “sən nə danışırsan? Hələ təzə gəlib, uşaqdır” demişdi.  Amma Tariyel Vəliyev “yox e onun bir gülüşü var. O gülüş məni əsəbləşdirir” deyirdi. Sonra Yaşar məşqlərimə baxdı, dedi çox gözəl, mən heç belə gözləmirdim.

Düzdür, mənə həmişə Yaşarın köməyi olub. Mən tərəf müqabilimin gözünə baxa bilmirdim, utanırdım. O bunu tamam aradan götürdü. Mən Yaşarın yanında çox şey öyrənmişəm. Çox  güclü fantaziyaya malik aktyor idi. Səhnədə heç vaxt söz altında qalmazdı. Səhnənin yaxşı mənada bütün bicliklərini bilirdi. Səhnəyə necə çıxmaq lazımdır ki, səni gurultuyla alqışlasınlar. Ona qədər bilirdi. Yəni bu adam uşaqlıqdan səhnədəydi. Mən də ondan bu sənətin sirlərini öyrənmişəm.

Məşhurluq necə  gəldi?

“Səni axtarıram” filmindən sonra mən məşhurlaşmışam. Elə bil axşam yatdım Firəngiz səhər oyandım Gülnar. İndiyə qədər hələ də Gülnaram. Amma gör mən nə qədər teatrda obrazlar oynamışam, nə qədər tamaşalarım var. Amma indiyənə qədər hələ də Gülnaram.

Amma mən sizi Nazan rolunuzdan sonra tanımışam.

-Hə Nazan. İranda da hamı məni Nazan kimi tanıyır.

firengiz1

Bəs o ilk məşhurluq, insanların sizə olan sevgisi indi o ilk dönəmləri necə xatırlayırsınız?

-Məşhurluq… O bir az ağır gəlir. Düzdür, onun şirin bir xoş tamı olur. Tanındın, sənə məktublar gəlir. Amma onun pis bir tərəfi var ki, səni insanlardan uzaqlaşdırır. Və qorxursan ki, kimsə mənə bəlkə Firəngiz yox, Gülnar kimi baxır. Ya da biri evlilik təklif edəndə düşünürsən ki, yox, o Gülnarı sevir, amma mən Firəngizəm. Mən tam fərqli xarakter canlandırmışam. Yaxud düşünürsən ki, kimsə mənə pislik etmək istəyir.  Yəni elə bil ki, bu səni insanlardan dartır qopardır. Şöhrəti bir gecədə yaxalamaq çox çətindir. Bədəli ağır olur. (gülür)

Onda belə aydın olur ki, sizin gec ailə həyatı qurmağınızda məşhurluğun payı var.

-Gec deyəndə ki.. Bizim vaxtımızda eləydiki bütün gün tamaşalarda olurduq. Bir də baxırdıq ki, illər keçib biz hələ də səhnədəyik, bizə əl çalırlar. İlləri teatr alırdı. Teatr yaxşı mənada bataqlıqdı. Yəni ora girən, səhnə arxasında mıx vuran fəhlə var ha, o da getmək istəmir. Yəni teatr belə bir yerdir.  Ona görə bəlkə də, mən gec ailə həyatı qurdum.  Durğunluq dövrü yarandı. Elə bil saat da dayanmışdı, çox qəribə şeylər yaşanırdı.

Mən artıq Dezdamonanın məşqinə başlamalıydım, bir məşq getdim səhərisi gün ərizəmi yazdım ki, bəs mən ərə gedirəm. Dedilər hardan gəldi, kimdi bu. Dedim bilmirəm  Allah göndərib. Mən getdim sağolun. Dedim, ərizəmi yazıb çıxdım.

Elə o suallara qüvvət. Necə oldu, kimi idi, hardan gəldi?

-Tam təsadüfən tanış oldum.  Bir hüzür yerində.  “Yad qızı” kassetimi istədi. Kassetimi verməyə getmişdim . Atamın, anamın yanında mənə axşam sizə gəlmək istəyirəm dedi. Dedim ki, gəlin. Gəldi dedi ki, mən kasseti istəmirəm, gəlmişəm səni atandan canlı istəməyə.  Azərbaycanda heç bir oğlan mənə belə bir söz deməmişdi, heç kim məni canlı istəməmişdi. (gülür )

Və mən razılıq verdim. Heç bilmədim kimdir, nəçidir? Bilmədim heç biz hara gedirik. Elə bildim İrana gedirik, getdik İngiltərəyə çıxdıq. Çox qəribə bir şeydi bu. İndi olsa bəlkə də heç cəsarət edib getməzdim. Eləcə saf-saf çıxıb getdim.

Sadəcə o burada yaşamaq istəmədi, mən orda qala bilmədim. Çünki mənim bütün qohumlarım burada idi. Həm də övladım olmadı. Övlad olsaydı bəlkə də, bizi bir-birimizə bağlayardı. Heç düşmən kimi də, ayrılmadıq, amma ayrıldıq.

firengiz

Ailə haqqında danışılacaq başqa söhbət olmadığının fərqinə varıb söhbəti istiqamətini dəyişirəm.

Bəs bu məşhurluqdan sonra çəkildiyiniz rollarda “ştamplaşma” qorxusunu hiss etmədiniz?

-Yox. Çünki mənim oynadığım obrazlar çox fərqlidi. Məsələn, mən lirik, drammatik roldan sonra mənfi, narkoman obrazı oynamışam. 40 yaşımdan sonra xarakter rollara cəsarətli addımla keçdim. Elə adamlar var ki, baxırsan 70 yaşı var səhnədədi, amma hələ də qız rolları oynamaq istəyir. Olmaz. Səhnədə uzun müddət qalmaq istəyən aktyor, aktrisa 40 yaşdan sonra xarakter rollara keçməlidir.

Ana da oynayıram, nənə də, qulluqçu da, şikəst də, xəstə də. Yəni bu mənim həyatım deyil, insanlar başa düşməlidir. Başa düşməlidirlər ki, biz səhnədə başqalarının həyatını 2-3 saatlıq yaşayırıq. Öz həyatımızı yaşamırıq. Ona  görə də, mənə həyatda görmədiyim, yaşamadığım şeylər səhnədə  daha maraqlıdır. Bəlkə də gənc olarkən 5-6  il oynadığım tamaşalar bir-birinə oxşayır. Amma mən tez sındım səhnədə, yəni xarakterdən-xarakterə keçdim. Müsbət-mənfi.

Mənim ən böyük arzum idi ki, Stefan Sveyqin “Yad qadının məktubu”nu oynayım. O povest şəklindəydi, səhnələşdirildi və Bəhram Osmanov tərəfindən səhnəyə qoyuldu. Çox xoşbəxt aktrisayam ki, mən o rolu oynadım. Və uğurla da oynadım.

Həmçinin bir tarixi serialda böyük məmnuniyyətlə oynamaq istəyərəm.  Bir şairənin həyatı məsələn. Bizim öz milli geyimlərimiz, adət-ənənələrimiz, filmlərimiz də olsun.

Serialdan söz açılmışkən siz hal-hazırda seriala çəkilirsiniz. Sualımı verməyə hazırlaşırdım ki:

 – Hə, mən bir serialda çəkilirəm. “Bacanaqlar” serialında. Sağolsunlar bir neçə filmə təklif alımışam, amma istəmirəm. Çünki mən özüm hərdən çaş-baş qalıram. Baxıram seriallarımıza soruşuram bu dünən filan serialda çəkilmirdi? Deyirlər ki, yox, bu ayrı serialdı. Mən ona görə də qarışdırıram, baxmıram, əsəbləşirəm.

Xaricdə belədi müqavilə bağlanır. Sən mənim filmimdə çəkildiyin müddətdə başqa heç bir filmdə çəkilə bilmərsən.  Heç açığı mən özüm bilmirdim bu “Bacanaqlar” serialı belə uzunmüddətli olacaq. Öz aləmimdə fikirləşdim ki, bir 5-10 seriya çəkilərəm. Gəncdirlər, kömək edərəm. İndiyənə kimi hələ də ayrıla bilməmişəm, qalmışam serialda. İndi də məcburam ki, başa vuram. (gülür)

Bəs  aktyor, aktrisaların eyni zamanda bir neçə filmə çəkilməsi nəylə bağlıdır? Aktyor qıtlığı var sizcə?

-Bilirsiniz professional aktyor və aktrisalar əlbəttə ki, bir az artıq pul tələb edir. Amma çox rejissora əlbəttə ki, bu sərf eləmir.  Bir də gördün küçədən gedəni çəkirlər ki, təki xərc çıxmasın. Aktyor, aktrisa var ki, ona indi də reklam lazımdır. O, hətta pulsuz da çəkilə bilər. Mənə şəxsən reklam lazım deyil.

Serialda çəkilməyin müsbət tərəfi var. Belə ki, maddi baxımdan necə deyərlər insanın əlindən tutur. Bəs serialda çəkilməyin mənfi tərəfləri necə, var?

Mənfi tərəflərini hələ görməmişəm. Onu deyə bilmərəm. Amma bəzən görürsən ki, seriallar bir-birinə oxşayırlar. Bir az səviyyə məsələsi var. Biraz daha sanballı ssenarilər yazılsa, insanları düşündürən, maarifləndirən yazılsa, bayağılığa, ucuzluğa gedilməsə daha müsbət ola bilər.

Hazırladı:
Əsli Axundova
Əkrəm Hüseyn

Öncəki xəbərNövbəti xəbər