Podkastlar

Ecazkar səsli Müslüm Maqomayev

Ecazkar səs sahibi Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Hələ uşaqlıqdan musiqiyə olan marağı Müslümü həmyaşıdlarından fərqləndirirdi. İlk dəfə musiqi aləminə 3 yaşında babasının royalı ilə tanış olaraq daxil olur. 5 yaşında isə ilk bəstəsini yazır. Artıq 8 yaşı olandan öz dostları, tanışları arasında oxuduğu mahnılarla istedadını nümayiş etdirir.  6-cı sinifdə oxuyanda isə o, ilk mahnısını yazır. Onun bu mahnısı sevdiyi qıza, Marinaya həsr olunmuşdu. Mahnı adı da elə “ Marina” idi.

Balaca Müslümün qeyri-adi istedadı Azərbaycanın musiqi ictimaiyyətinin də diqqətindən   yayınmır. Məşhur dirijor və bəstəkar Niyazi onun sənətdəki hər addımına göz qoyur. Sənətkar, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edir. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatırının solisti olur.

Müslümün ən böyük arzusu isə İtaliyada təhsil almaq idi. Və bu arzusu tezliklə çin olur. O, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçir.

İlk rəsmi uğuruna isə Helsinkidə keçirilən VIII Ümumdünya Festivalında çatır. Bakıya medalla qayıdır. Onun bu uğuru “ Oqonyok” jurnalında “ Bakılı gənc dünyanı fəth edir”  başlıqlı məqaləylə yer alır. 19 yaşında gənclər festivalındakı uğurlu çıxışı onun şöhrət qazanmasına sanki bir qapı açır. Daha sonra 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindəki çıxışı onu sənət zirvəsinə bir addım da yaxınlaşdırır. Sənətkar, 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verir və bundan 3 il sonra, 1969 – cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır. 1975 –ci ildə M. Maqomayev, “Azərbaycan Dövlət Estrada –Simfonik orkestri” nin bədii rəhbəri təyin edilir. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Müslüm yadarıcılığında populyar mahnılarla yanaşı, dünya hitlərinə, ona şöhrət gətirən klassik əsərlərə, kinolara yazılmış mahnılara da yer ayrılır. O, “Toska” operasından Skarpianın, Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun ariyalarını ifa edib.

Sənətkar həm də bəstəkar kimi şöhrət qazanır. O, Eldar Quliyevin filmlərinə, həmçinin rejissor Qleb Drozdovun “ İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyir. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edir. 1971 – ci ildə onun haqqında

” Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilir. İllərlə dinləyici ürəyində yuva quran sənətkar 1971-ci ildə Azərbaycan Respublikasının xalq artisti, SSRİ Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib və 1973-cü ildə SSRİ-nin xalq artisti adını alır. 1980 –ci ildə Xalqlar Dostluğu Ordeni, 1997 –ci ildə isə “Şöhrət” ordeni alır. 2002-ci il sentyabrın 6-da, Sənətkar, “ İstiqlal” Ordeninə layiq görülür.

Moskva şəhərində yaşasa da, sənətkarın yaradıcılığında Azərbaycan mövzusu əsas yer tutur. Üzeyir Hacıbəyovun  “Sənsiz”, “ Sevgili canan” romansı, “Şah İsmayıl ” operasından Şah İsmayılın ariyası, “ Koroğlu” operasından yaratdığı Koroğlu obrazı sırf Azərbaycanla bağlı idi. Onun Azərbaycana olan sevgisi, bağlılığı bəsdələdiyi “ Ey əziz anam, Azərbaycan”  mahnısında öz əksini tapır. Sənətkarın  xatirələrində “Azərbaycan mənim atam, Rusiya isə anamdır, mən həyatımı Azərbaycansız təsəvvür etmirəm” kəlmələri xüsusi yer alır.

Müslüm Maqomayev 80-ci illərdə özünü kino sahəsində də sınayır. O, “Nizami”, “Oxuyur Müslüm Maqomayev”, “Moskva notlarda” filmlərində çəkilir.  Ölməz  Nizami roluna çəkilməklə öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirir.

Sənətkar həm də özünü qələm sahibi, publisist kimi də dinləyicisinə tanıdır. Qələmə aldığı “Dahi Lansa” kitabını İtaliyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr edir. O, Mario Lansanın simasında özünü görürdü. O da Müslüm kimi opera teatrında, estrada səhnəsində, həm də kinofilmlərdə çıxışlar edib.  «Mənim məhəbbətim melodiya» adlı kitabında isə özü barədə düşüncələrini, uşaqlıq dövründən başlayaraq yaşadığı mühiti, onu əhatə edən adamları təsvir edir.

Müslüm, siyasətdən də yan keçmir. O, Azərbaycan Ali Sovetinin deputatı olur, həmçinin bir sıra orden və medallarla təltif edilir.

Qeyd edək ki, böyük sənətkar iki dəfə ailə həyatı qurub. Birinci ailə həyatını hələ 18 yaşı olanda tələbə yoldaşı Ofeliya ilə qurur. Ondan Marina adlı bir qız övladı dünyaya gəlir. Sonradan isə o, 1974-cü ildə Tamara İliniça Sinyavskaya ilə ailə həyatı qurur. Azərbaycana tez-tez gələn böyük sənətkar Tamara xanımla da Bakıda tanış olur. 2008 –ci il oktyabrın 25-də isə bəstəkar, müğənni, bir çox rolların müəllifi olan Müslüm Maqomayev Moskva şəhərində dünyasını dəyişir. 4 gün sonra isə Bakıya gətirilərək 1-ci Fəxri Xiyabanda dəfn olunur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.