Müsahibə, Təmas Xətti, ZZ-Manşet

Əjdər Həmidov: “Etmədiklərimə görə peşmanam”

“Qaçın, qaçın Qasım Gəlir !”

Yəqin ki, bu cümləni eşidənlərin gözündə Qasımı canlandırması o qədər də çətin olmaz.

Bu dəfə “Təmas xətti”ndə kino və teatr aktyoru  indiyə qədər 22 filmdə rol almış və müxtəlif tamaşalarda peşakarlığını sübut etmiş Əjdər Həmidov həmsöhbətimiz oldu. Söhbətimizə onun uşaqlıq illərindən başlayırıq:

-Uşaqlığım sakit keçib. Çox fağır uşaq olmuşam. Həmişə atam deyirdi ki, elə olma, bir az diribaş ol. Doğrudan sonralar xarakterim dəyişdi. Həyatda istədiklərimə nail ola bildim. Görünür, bu da mənim mübariz olmağımdan irəli gəlir.

foto1-001

Siz atanızın istəyi ilə aktyor olmusunuz. Öz arzunuz isə rəssam olmaq olub. Bəs necə düşünürsünüz Əjdər Həmidov aktyor yox rəssam olsaydı bugünki məhşurluğa sahib olardımı?

-Uşaqlıqda rəsmlər çəkirdim. İndi hərdən boş vaxtım olanda istəyirəm ki, rəsm çəkim, görürəm ki, artıq fırçayla işləyə bilmirəm. Gərək uşaqlıqdan bəri məşğul olub vərdiş edəsən. Bütün sənətlər belədir. Məsələn, bir-iki il aktyor kimi fəaliyyət göstərməsən, görəcəksən əlin ayağına dolaşır. Mənim iki rəsmi canlandırmaq arzum olub. Biri xarici əsərdəndir.  O,  “Ağaclar ayaqlar üstə ölürlər” adlanır. Fikir vermisinizsə, elə ağaclar var. Görürsən quruyub, yarpaqları tökülüb, artıq bar vermir. Amma yıxılmır. Mən  elə bir ağacın rəsmini yaratmaq istəyirdim. İkincisi isə Vaqif Səmədoğlunun pyesi olan “Bəxt üzüyü” əsərindəndir. Orada deyir: Get, Hüseyn, get! Arvadın səni elektrik stansiyasında ərsiz qadın heykəli kimi gözləyir”. Düşünürəm ki, görəsən ərsiz qadın heykəli  necə olur? Həmin heykəlin rəsmini yaratmaq istəyirdim, amma bacarmadım. İndi də bacara bilmirəm. Ona görə də bu istəyimə nail olmadım. O da özümdən irəli gəldi. Bəlkə də,  tarixdə ilk dəfə aktyor rəssam adlandırılardım. Necə deyərlər, indiki ağlım olsaydı, cavanlıqdan bəri rəssamlıqla məşğul olardım.

Aktyorluq sənətinə ilk addımlarınız necə başladı?

-İlk addımlarımı Sumqayıt Dram Teatrında atmışam. İlk dəfə “Tamahkar” pyesində Qulu rolunu ekspromt oynamışam. O rolu əvvəllər Kamil Məhərrəmov oynayırdı, sonradan oynamadı. İlk rəsmi rolum isə Mərahim Fərzəlibəyovun quruluş verdiyi  Nəriman Həsənzadənin  “Bütün şər bilsin” pyesində Sərsəri obrazı olub. Sonralar 90-cı ildən mərhum aktyorumuz Həsənağa Turabovun  dəvəti ilə Akademik Milli Dram Teatrına işləməyə gəldim. Bu günə qədər də bu teatrda  fəaliyyətimi davam etdirirəm.

“Əgər sevməsən rol alınmayacaq”

Müsahibələrinizdə nakam sevginizdən çox bəhs etmisiniz və bildirmisiniz ki,  əgər o sevgini yaşamasaydım Qasım rolunu uğurlu oyanaya bilməzdim. Necə düşünürsünüz aktyor oynadığını mütləq yaşamalıdırmı?

-Baş rolunu oynayan aktyor üçün mütləqdir ki, oynadığı obrazı yaşasın. Məsələn, sevməyi bacarmaq lazımdır. Mən “Kişi  sözü” filminə çəkiləndə rejissor Cahangir Mehdiyev mənə dedi ki, sən Solmazı sevməlisən. Əgər sevməsən rol alınmayacaq. Dedim Cahangir müəllim sevmək bəyəm sifarişlədi?! İndi mən durduğum yerdə necə sevim? Dedi mən rejissor kimi görməliyəm ki, sən Solmazı sevirsən. Olmasa, film süni olacaq. Mən də çalışdım ki,  sevim.

Bəs filmdən sonra necə oldu? Sevginiz davam etdi?

-Sevgim bitdi. Filmin sonu… (gülür)

foto2-001

Bu günün gənc aktyorları haqqında nə düşünürsünüz. Sizin zamanınızdakı aktyorlarla bu günkü gənc aktyorlar arasında fərq nə qədərdir?

-Düşünürəm ki, elə bir fərq yoxdur. Sadəcə olaraq fərq ondadır ki, biz o zamanın aktyorları idik, bunlar bu zamanın aktyorlarıdır. Zaman da öz sözünü deyir. Aktyorun yetişməsinə dövrün böyük  təsiri var. İndinin özündə də ayrı-ayrılıqda götürdükdə çox istedadlı gənc aktyorlar var. O demək deyil ki, bizdən sonra istedadlı aktyor gəlməyəcək. Nə qədər sənət var, nə qədər teatr var aktyor da, rejissor da olacaq.  Sadəcə olaraq bu dövrün rejissoru, aktyoru  başqa cürdür. Bu zaman üçün aktyor yetişməlidir. Amma onları bir yerə yığmaq, filmlərdə və ya tamaşalarda  məşhur etmək lazımdır.Heç bir sənətkar aktyor özbaşına böyüyə bilməz. Rəssam işi ilə aktyor işinin fərqi  bundadır ki, rəssam fərdi işləyir. Amma aktyor işi kollektiv işdir. Aktyor tək heç nə edə bilməz. Hazırda gənclər üçün texniki baxımdan hər şərait yaradılıb. Məsələn, bizim öz teatrımızda hər bir şərait var. Bu yaxınlarda Şəkiyə teatr festivalına getmişdik, çox gözəl teatrları var, yüksək səviyyədə təmir olunub. Bu, işin texniki tərəfidir. Yaradıcı tərəfinə gəldikdə isə o yaradıcı adamlardan- rejissorlardan, müəlliflərdən  asılıdır. Onlar aktyoru işlətməyi, məhşurlaşdırmağı bacarmalıdırlar.

Aktyor olmaq üçün  olmazsa olmazlar nələrdir?  Yəni onlarsız aktyor olmaq mümkünsüzdür?

-Aktyor olmağı arzulamaq aktyor olacaqsan demək deyil. Aktyor olmursan, aktyor doğulursan. Sonradan heç kim aktyor olmur. Ana bətnində artıq onlara Allah vergisi verilir.

“Aktyoru aktyor edən rejissordur”

Bəs sizə bu sənətdə kömək edən, təkan verənlər kimlər oldu?

-Sözsüz ki, rejissorlarım oldu. Mən teatr rejissorum Mərahim Fərzəlibəyova minnətdaram. Həm Sumqayıt teatrında,  həm də Milli Dram teatrında işləyəndə yaradıcılığımda onun böyük rolu var. Həmçinin kino rejissorları olan Cahangir Mehdiyev, Vaqif Mustafayevin koniya gəlməyimdə, yetişməyimdə və məşhurlaşmağımda böyük əməyi olub. Aktyoru aktyor edən rejissordur.

Efirlərin birində çəkiliş meydançasında  yaşadığınız xatirəni bölüşmüşdünüz. Deyirdiniz ki, o vaxt hər kəs öz işinə məsuliyyətlə yanaşırdı. Bir yaşlı kişi məhz sizi gündən qorumaq üçün  çətir tuturdu. İndi də kinoya  belə həssaslıqla yanaşılırmı?

-Mən sizə deyim ki, indi kino sənətinə  elə həssaslıqla yanaşmırlar. Çünki aktyor yaradıcı heyətdir. Bununla yanaşı texniki heyət də var. O vaxtlar texniki heyət 30-40 ilin peşəkarları idi. O kişi mənə çətir tutanda deyirdim ki, siz ağsaqqalsınız mən utanıram, əziyyət çəkməyin. Kişi də dedi: “Yox oğlum sən bilmirsən, bu, mənim işimdir. Mən bu işə görə dövlətdən pul alıram. Rejissor da mənə tapşırıb ki, aktyorun üzünə çətir tut, gün üzünü yandırmasın”. Mən çəkiliş meydanında hara gedirdimsə, o da yanımda olurdu. O kinonu sevdiyi üçün onu edirdi, mənə görə etmirdi. Amma indi texniki işçilər  peşəkar deyil. Həvəsləri olmur. Heç bilmir kino nədir? Düzdür, sənətə cavanlar gəlirlər. Mən də “Kişi sözü”nə çəkiləndə cavan idim, peşəkar deyildim. Amma mən peşəkarlarla ( -Leyla Bədirbəyli, Əfrasiyab Məmmədov, Muxtar Afşarov)  çəkilirdim. Onlar özləri elə  ayrı məktəb idi.

foto3-001

Siz o aktyorlardansınız ki, həm teatrda, həm də filmlərdə uğurlu obrazlar oynamısınız. Belə bir seçim qarşısında qalsanız “Teatr səhnəsi yoxsa çəkiliş meydançası” hansını seçərdiniz?

– Baxmayaraq ki, mən kino ilə məşğul olmuşam. Amma teatr mənim üçün doğmadır. Ona görə ki, mən teatr aktyoruyam,  kino aktyoru deyiləm. Kinoya teatrdan gəlmişəm. Bilmirəm buna şans , ya da istedad deyim, amma hər ikisində də uğurlarım var. Əlbəttə ki, seçim qarşısında qalsam, teatrı seçərəm.

“Kinoda gözdür, səhnədə sözdür”

Bəs hansı daha çətindir?

-Hər ikisində çətinliklər var. Bəzən teatr aktyorları deyir ki, teatr çətindir. Kino aktyorları deyir, kino çətindir. Bunlar bir-birinə oxşayırlar. Hər ikisində rol, obraz, aktyor var. Amma başqa-başqa sənətlərdir. Mən teatr səhnəsində oynadıqlarımı kinoya gətirə bilmirəm. Kinoda oynadığımı teatra gətirə bilmirəm. Mənim bir sözüm var: Kinoda gözdür, səhnədə sözdür. Çünki kinoda sözə ehtiyac yoxdur, sözləri göz deyir. Kamera gözləri götürə bilir. Kinoda söz nə qədər az olsa, bir o qədər yaxşıdır. Səhnədə isə tamaşaçı aktyorun gözünü görmür. Səsini, danışığını, sözlərini eşidir. Ona görədə səhnədə sözə önəm verilir.

Bir çox aktyorları hazırda çəkilən seriallarda görsək də sizi cəmi bir dəfə görmüşəm. Səbəb nədir?

-İndi mən sizə bir söz deyim. Çox maraqlı olacaq. Mən cəmi bir serialda (“Aramızda qalsın”) çəkilmişəm. Sonralar çəkilmədim. İndi mən yenidən seriala çəkilirəm, çəkilişlərimiz başlayıb. Bu serial ATV  kanalının istehsalıdır. Maraqlı bilirsiniz nədir? Serialın adı “Kişi sözü”dür. Orada da əsas rollardan birini oynayıram.

Hazırda işləriniz necə gedir? Yeni nələrsə üzərində işləyirsinizmi?

-Axırıncı dəfə biz Milli Dram Teatrında çox uğurlu tamaşa təhvil verdik. Görkəmli rejissorumuz Azərpaşa Nemətovun quruluşunda olan “Ölülər” tamaşasını yay mövsümündən əvvəl işlədik. O əsərdə Hacı Kazım obrazını oynayıram. Bu tamaşa Dram Teatrında üç dəfə qurulub. Mən bunlardan cəmi ikisində rol almışam. Sentyabrın 15-də  Şəki şəhərində teatr festivalında olduq. Orada da “Ölülər” tamaşasını oynadıq. Həmin festivala başqa ölkələrin də teatrları gəlmişdi. Sonra ayın 17-də Bakıya qayıtdıq. Bakıda teatr mövsümünü İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə açdıq.

foto4-001

Son illərdə çəkilən Azərbaycan  filmləri  haqqında nə düşünürsünüz?

-Hər bir iş zəhmət deməkdir. İndi də filmlər çəkilir. Deyərdim ki, yaradıcılıqda pis iş yoxdur. Sadəcə olaraq onu ortalığa çıxarmaq lazımdır. Amma bizdə də elə bil təbliğat maşını dayanıb. Kinostudiyada filmlər çəkilir, heç bir yerdə filmin təbliğatı getmir. Mən özüm bu saat çəkilən  filmlərin adlarını sadalaya bilmərəm. Tamaşaçılar da mənim kimi bundan məlumatsızdırlar.  Amma əslində filmlər çəkilir, kino festivallara göndərilir, uğur da qazanırlar.

Siz daha çox “Kişi sözü”ndəki Qasım obrazı ilə tanıyırlar. Bəs sizə görə ən uğurlu obrazınız hansıdır? 

-Baxmayaraq ki, 30 ilə yaxındır mən Qasım obrazını oynamışam. İndi də məni hara getsəm Qasım deyə çağırırlar. İndiyə qədər 22 filmə çəkilmişəm. Qasım obrazı ilə kinoya gəlsəm də, amma bütün bu obrazlar arasında “Yoxlama” filmindəki Habil Dadaşov obrazını aktyorluğumun zirvəsi hesab edirəm. Cahangir Mehdiyev məni kinoya gətirib, Vaqif Mustafayev məni kino yaradıcılığımın zirvəsinə qaldırıb.

Belə bir fikir var ki, aktyorun sənətdə olması onun yaşaması deməkdir. Bəs aktyor üçün hər hansı sərhəd varmı ki, filan yaşdan sonra artıq əlini bu sahədən üzüb təqaüdə çıxsın?

-Elə aktyor tanımıram. Heç bir aktyor öz xoşu ilə bu sənətdən ayrılmır. Onlar ölənə qədər sənətdə qalmaq istəyirlər. Öləndə də səhnədə ölmək istəyirlər. Bəzən də aktyorlar var ki,  istəmədən, ağlaya-ağlaya səhnəni tərk edirlər. Gözləri, ürəkləri səhnədə qalır. Fikir versəniz görərsiniz ki, bizim müqtədir aktyorlarımız çox cavan yaşlarında dünyadan köçürlər. Ortalama yaş bizim aktyorlar üçün 60 yaşdır.

“Biz əlimizlə yox, ürəyimizlə işləyirik”

– Bu sənət kənardan nə qədər gözəl görünsə də, əslində bu sənətin özündə böyük bir ağrı var. Ağrı bilirsiniz nədir? Biz əlimizlə yox, ürəyimizlə işləyirik. Bilirsiniz də ürək nə deməkdir… Ürəyi azca  gücə salsan, ürək dözməyəcək. Biz də hər bir obraz yaradanda ürəyimizi gücə salırıq. Hər bir tamaşa bizim üçün gərginlik deməkdir. Tutaq ki, çəkməçi işə gəlir, o heç bir həyəcan keçirmir. Hər gün eyni işlərdir : yamayacaq, yapışdıracaq, tikəcək. Amma biz səhnəyə çıxanda hiss edəndə ki, pərdə açılacaq və yüzlərlə göz sənə baxacaq, onda adamı vahimə bürüyür. İlk günki həyəcan hələ də qalır. Bəlkə də aktyorların cavan yaşlarda  dünyadan getməsinin əsas səbəbi budur. Aktyor olmaq şir ürəyi istəyir. Biz milyonların qarşısında cavab veririk.

foto5-001

Çəkilmək istəyib də çəkilə bilmədiyiniz Azərbaycan filmi varmı ?

-Yox elə bir istəyim olmayıb. Ümumiyyətlə, elə bir xarakterim də yoxdur ki, filan rolda, filan kinoda oynamağı arzulayım. Mən sadəcə gözləmə mövqeyində olmuşam.

“Kişi sözü”ndə dediyiniz kimi  “gərək kişinin sözü bir olsun, nə vəd verirsə, onu da yerinə yetirsin”. Bəs sizin bir sözünüzü iki edən olub mu?

-Bu həyatdır. Desəm ki, olmayıb səmimi çıxmaz. Bir də əgər desəm ki, mən də nə söz vermişəmsə, yerinə yetirmişəm o da alınmaz. Hər sözü yerinə yetirmək olsaydı nə vardı ki… Amma çalışmışam ki, yerinə yetirim. Ən əsası da ona çalışmışam ki, yalandan vəd verməyim.

“Etmədiklərimə görə peşmanam”

İndiyə qədər hansısa arzunuz olub mu ki, o arzunu reallaşdırmaq üçün əlinizdən gələni etsəniz də alınmayıb? Yaxud bu sualı belə də başa düşə bilərsiniz həyatınız boyunca  mütləq bunu etməliyəm dediyiniz hər hansı bir istəyiniz varmı?

-Bir söz var ki, etdiklərimə görə yox, etmədiklərimə görə peşmanam. Etmədiyim də  o olub ki, bayaq da dediyim kimi, kaş rəssamlıqla məşğul olardım. Mən məktəbdə oxuyanda elə gözəl portretlər çəkirdim ki, dəhlizlərdə asırdılar. Cavan yaşlarımda həddindən artıq məşğul idim. O vaxtlar rəssamlıq heç mənim yadıma düşmürdü. Ümumilikdə,  Allahımdan razıyam. Bütün arzularıma çatmışam. İnsan həyatında nə qlobal arzular varsa, hamısına nail olmuşam. Məktəbi bitirəndən sonra birinci arzu ali təhsil almaq, sənət sahibi olmaq olur. Həmin arzuma çatmışam. Evlənmişəm, övladlarım var. Övladlarımın toyunu görmüşəm. Qızlarımın ikisi də ailə sahibi və müəllimədir. Nəvələrim var. Sənətdə istədiklərimi əldə etmişəm. Elə bir arzum qalmayıb.

foto6-001

“Bu sənət əzabdır”

Çoxları bu sənətin çətin olduğunu görə övladlarının bu sahədə olmağını arzulamırlar. Bildiyim qədərilə ailənizdə sizin sənətinizi davam etdirən yoxdu. Bəs sənətinizin davam etdirilməsini istərdinizmi?

-Adətən, valideynlər  onların keçdiyi əzablı yolu övladlarının keçməsini istəmirlər. Bu sənət əzabdır. Həm də ki, nə olsun o mənim övladımdır. Mütləq deyil ki, o da aktyor olsun. Bəlkə onun istedadı yoxdur? Mən şəxsən övladlarımda o istedadı görməmişəm. Amma istər-istəməz qanda incəsənətə maraq var. Məsələn, bir qızım musiqi müəllimidir. İncəsənət Universitetini qurtarıb. Heç vaxt övladlarıma sənət seçimində təzyiq göstərməmişəm.

Gələcək planlarınızdan danışmağınızı istərdim

-Heç bir gələcək planım yoxdur. Mənim gələcək planlarım rejissorlardan asılıdır. Mənə rol veriləcəksə, mən də oyanayacağam.

Artıq müsahibəmizin sonuna yaxınlaşdıq. Son olaraq oxucularımıza nə demək istərdiniz?

-Oxuculara onu deyə bilərəm ki, teatra gəlsinlər, teatrları sevsinlər. Teatra gəlmək istirahətdir.

Foto : Xatirə İsmayılova

Söhbətləşdi : Kəmalə Rövşən

Öncəki xəbərNövbəti xəbər