Podkastlar

“Elə yaşa ki, öləndən sonra da ölməyəsən!”

Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?! Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyirik.
O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.- Bu felyeton görkəmli yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadəyə məxsusdur.

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. Özünün də dediyi kimi o qaranlıq dünyaya göz açıb. O elə bir dövrdə doğulub yaşayıb ki, cəhalət və xurafatdan başqa insanların bildikləri və gördükləri heçnə yox idi. Onun əsas məqsədi xalqını mövcud cəhalətin təsirindən qurtarmaq idi. Elə bu məqsədlə də müəllim kimi fəaliyyətə başlayıb. 1903-cü ildən isə Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında çalışıb. Şəxsi həyatında bir sıra uğursuzluqlarla üzləşən yazıçı 1896-cı ildə ailə həyatı qurub. Bir il sonra qızı Münəvvər anadan olub, lakin həyat yoldaşı Həlimə xanım vəfat edib.

Öz təşəbbüsləri ilə bir çox ilklərə imza atan Cəlil Məmmədquluzadə 7 aprel 1906-cı ildə Azərbaycan mətbuatı tarixində dərin izlər buraxmış “Molla Nəsrəddin” jurnalını çap etdirir. Jurnal müxtəlif fasilələrlə əvvəlcə Təbrizdə, sonra isə Tiflisdə nəşr olunur. Nəhayət 1922-ci ildə “Molla Nəsrəddin” jurnalı Bakıya gəlib çıxır və 1931-ci ilə qədər Bakıda nəşr olunur. “Molla Nəsrəddin” jurnalı ilə o, Yaxın Şərqdə və Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub. Elə həmin vaxtdan ədibi “Molla Nəsrəddin” adı ilə tanıyırlar.

Cəlil Məmmədquluzadə novator və demoktarik şəxsiyyət olub. Kiçik hekayə janrının ustası olan yazıçı Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, forma cəhətdən də zənginləşdirib. Onun ən məşhur və ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam şəkildə məharətlə əks etdirir. Cəlil Məmmədquluzadə 1907-ci il 15 iyunda Həmidə xanımla ailə həyatı qurub və iki oğlu Midhət və Ənvər dünyaya gəlib. Yazıçı ömrünün son illərində xəstəliklər, maddi sıxıntılar və ailə çətinliklərindən çox əziyyət çəkib.

“1930-cu ildə dekabrın sonlarında Mirzə Cəlil Məmmədquluzadə Kislovodskdan evə qayıdarkən onu müalicə edən həkim yazıçıya bağlı bir zərf verib və Bakıdakı həkiminə yetirməsini xahiş edib. Sonralar Mirzə Cəlil etiraf edib ki, Bakıyacan dözməyib, zərfı açıb, məktubu oxuyub. Orada yazılıbmış ki, xəstənin işi bitib, iki aydan çox yaşamaz. Beləliklə, 1932-ci il yanvarın dördü Cəlil  Məmmədquluzadə dünyaya gözünü əbədi yumur. Yazıçının qəbri “Fəxri Xiyabanda”dır.

1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” povestini də həmin dövrdə yazıb. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hüriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” Komediyası Azərbaycan realizmi və satirası tarixində mühüm yer tutur. “Anamın kitabı” milli şüur, “Danabaş kəndinin məktəbi” məktəb tərbiyəsi və ümumxalq maarifi problemlərinə geniş yer verilmiş əsərləridir. “Dəli yığıncağı” pyesində isə feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid olunub.

Ədib həyatını və bütün yaradıcılığını  bir məram üzərində qurub. Özünün də dediyi kimi elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.