boş bölmə, Müsahibə, Siyasət, ZZ-Manşet

“Ərdoğanın Obama ilə görüşməsi vacib idi”

azer-hesret

ABŞ prezidenti Barak Obama  Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  görüşüb. Görüşdə müzakirə oluna biləcək  məsələlər  haqqında  siyasi şərhçi Azər Həsrət GSR.fm-ə müsahibə verib. Azər Həsrət bildirib ki, Ərdoğanın məhz dünyanın super dövlətinin lideri ilə bir araya gəlməsi onun üçün çox vacib idi və bu baş tutdu:

“Bu görüş Türkiyənin içində və ətrafında baş verən hadisələr və onların fonunda Ərdoğanın özü üçün çox vacib bir görüşdür. Bu baxımdan, mən düşünürəm ki, Ərdoğan bu görüşün ilk mərhələsindən uğurlu çıxmış sayıla bilər. Digər tərəfdən də Amerika Birləşmiş Ştatlarının prezidentinin o qədər ölkə rəhbərləri arasında məhz Ərdoğanla görüşü seçməsi də ondan xəbər verir ki, Türkiyə öz bölgəsində, doğurdan da, ən aparıcı, hadisələrin önündə gedən, qərarverici, icraedici və bütün mövqelərdə söz sahibi olan dövlətdir. Yəni ABŞ prezidenti Ərdoğanla da görüşməklə dünyaya bir mesaj verdi ki, bölgə ilə bağlı məsələlərdə mütləq şəkildə Türkiyənin mövqeyi nəzərə alınır. Bu həm də Rusiyaya bir mesaj oldu. Türkiyə ilə Rusiya arasında gərginləşən münasibətlər fonunda da Ərdoğanın məhz Barak Obama ilə görüşməsi vacib idi”.

Həmçinin, siyasi şərhçi bildirib ki, ola bilsin, görüşdə Dağlıq Qarabağ məsələsi  və terrorizmə qarşı mübarizəyə dair məsələlər  də müzakirə edilib:

“Nəzərə alaq ki, bu görüş 50 dəqiqə davam edib. Bu, iki dövlət başçısının kifayət qədər uzunmüddətli təkbətək görüşü hesab edilə bilər. Yəqin ki, orada həm miqrantlar məsələsi, həmçinin Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Çünki Türkiyə regionun açar dövləti olmaqla bərabər, eyni zamanda, Azərbaycanın çox yaxın strateji tərəfdaşıdır. Azərbaycan Türkiyənin problemlərinə dünya miqyasında sahibləndiyi kimi Türkiyə də Azərbaycanın problemlərinə eyni qaydada sahiblənir. Təbii ki, bu məsələlər kompleks şəkildə müzakirə olunub. Əlbəttə ki, burada terrorla mübarizə mütləq şəkildə müzakirə olunmalıdır.  Çünki Amerika Birləşmiş Ştatları bütün dünyada terrora qarşı mübarizənin önündə gedir.  Bu mübarizədə mümkün qədər çox dövlətləri  öz ətrafında səfərbər etməyə çalışır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.