Reportaj, Z-Manset

“Erkən nikah azyaşlı uşaqlara qarşı cinsi təcavüzdür” - Reportaj

erken_nikah_azyasli_usaqlara_qarsi_cinsi_tecavuzdurMehriban Zeynalova : “Erkən nikah azyaşlı uşaqlara qarşı cinsi təcavüzdür”

Onun 18 yaşı var. Amma həyata yaşıdlarından bir addım daha tez başlayıb. O ailə həyatı qurarkən 15 yaşı var idi və hər bir yaşıdı kimi o da təhsil arzuları ilə yaşayırdı. Lakin erkən nikah onun bütün xəyallarını geridə qoydu. 16 yaşında ana olan qəhrəmanımız indi sadəcə öz övladının gələcəyi barədə düşünür və gələcəkdə övladının erkən yaşda ailə həyatı qurmasına razı olmadığını bildirir: “Qətiyyən. Çox istəyərdim ki, övladım təhsil alsın, bəlli bir yaşa gəldikdən sonra ailə həyatı qursun”.

O, erkən nikahdan sonra həyatında elə də böyük dəyişikliklərin baş vermədiyini bildirsə də, həyatında onun üçün daha vacib olan təhsilindən qaldığını deyir.

Statistik rəqəmlər göstərir ki,18 yaşadək erkən nikaha girənlərin sayı 2011-ci ildə 5138, 2012-ci ildə 295, 2013-cü ildə isə 229 olub. 15-17 yaşlı qadınların dünyaya gətirdiyi uşaqların statistikasına nəzər salsaq, görərik ki, 2011-ci ildə doğulan uşaqların sayı 4392,2012-ci ildə 3236, 2013-cü ildə isə bu rəqəm 2855-ə enib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə,  erkən nikah azyaşlı uşaqlara qarşı cinsi təcavüzdür və formalaşmamış bir gənc qızın sağlamlığına, düşüncəsinə və onun gələcək həyatına travmadır:  “Əgər uzun müddət ailə həyatında yaşayacaqsa, bu travma ilə istəsə də, istəməsə də şüuraltı yaşamalı olacaq və bu travma onun həyatında zaman-zaman özünü göstərəcək. Erkən yaşda ailə həyatı quran gənc qız özünün, öz ailəsinin, eləcə də böyüdəcəyi uşaqların şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücə malik olmur. Bəzi hallarda isə onun uşaq böyütməsi qeyri-ixtiyari olur, yəni o sadəcə uşaq böyüdür, vətəndaş böyütmür”.

Müsahibimiz problemin kökünü müxtəlif səbəblərlə bağlayır. Birinci amil kimi ciddi streotiplərin olduğunu qeyd edir. Həmçinin o əsas problemlərdən biri kimi qız uşaqlarına yük kimi baxılmasını və ona kapital qoyuluşundan imtinanı göstərdi. M.Zeynalova problemin aradan qaldırılma yollarından danışarkən qeyd etdi ki, bu məsələnin qarşısı qanun çərçivəsində alınmalıdır: “Hesab edirəm ki,müəyyən adətlərin aradan qaldırılması üçün kifayət qədər radikal addımların atılmasına ehtiyyac duyulur. Hər hansı streotipləri aradan qaldırmaq üçün qanunlara söykənilməlidir və qanunlar çərçivəsində cəzaları tətbiq etmək lazımdır”.

Peşəkar Psixoterapiya Liqasının üzvü, psixoloq Dəyanət Rzayev deyir ki, qızların nikaha hazır olması bəzi hallarda milli xüsusiyyətlərdən asılı olur: ”Sovet dövründə belə bir qanun var idi ki, Ukrayna və Azərbaycan qızları 17 yaşında,digər ölkələrdə isə qızlar 18 yaşında nigaha girə bilər”. Psixoloq həmçinin qeyd etdi ki, erkən nigah cinayətdən başqa formalaşmamış cəmiyyətin göstəricisidir:” Bu cür hallarda məsuliyyət valideynlərin üzərinə düşür. Ümumiyyətlə bəzi valideynlər qızlarını daha tez ərə verməyə çalışır. Bu da cəmiyyət üçün çox acınacaqlı vəziyyətdir”.

Mövzu ilə bağlı “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə”sinin fikirlərini öyrənməyə çalışsaq da, məzuniyyətdə olduqları üçün cəhdlərimiz baş tutmadı.

Hazırladı:  Pakizə Rüstəmli

                   Bakı Dövlət Universitetinin I kurs tələbəsi

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.