Aktual

Evimiz nə vaxt isti olacaq?!

Bakının Cavadxan küçəsi 64-də yaşayan yataqxana sakinləri evlərindəki istilik sisteminin işləməməsindən şikayətlənirlər. Sakinlərdən Zeynəb Camalova deyir ki, evimizdə istilik sistemi var, ancaq 20 ildən çoxdur ki, heç bir  işə yaramır. Evləri qızdırmaq üçün elektrik peçlərindən istifadə etməyə məcbur oluruq.

Zeynəb Camalova:

–  Bir dənə otaqda yığılıb otururuq, o biriləri heç qızdıra da bilmirik. Tokladır (cərəyan- red.) . Toku da  bir az taxırıq, sonra canımızın dərdindən çıxardırıq ki, pulu verə bilmirik. Hər il də qış vaxtı bizim işıqlar sönməlidir. İndi uşaqlarım qırılır soyuqdan. Neyləməliyik biz?

Paytaxtın Yasamal rayonu Şərifzadə küçəsindəki binalardan birində yaşayan Sevinc Kərimova isə illər əvvəl verilən istiliyin nə vaxtsa bərpa ediləcəyinə inanmadığı üçün evindəki istilik sistemini kəsib atdırdığını deyir.

Sevinc Kərimova:

– Otopleniya (istilik sistemi – red.) özü var idi. Prosda (sadəcə-red.) istilik gəlmirdi deyə biz də kəsdik tulladıq. Bir adam gəlib demir ki, nədir probleminiz? İstilik sisteminiz varmı yoxmu? Donursuz soyuqdan, donmursuz? Heç kəs bu barədə heç nə soruşmur.

Sakinlər, həmçinin uzun müddət baxılmadığından bəzi binalarda boruların çürüdüyünü, su sızmalarının olduğunu və binadaxili istilik xətlərinin tədricən sıradan çıxdığını bildirirlər. Onlar bu kimi problemlərin həlli üçün “Azəristiliktəchizat”a və Mənzil Kommunal İstismar Sahəsinə müraciət etdiklərini, lakin adı çəkilən qurumların onların şikayətlərinə laqeyd yanaşdıqlarını deyirlər.

Biz də istilik sistemi olmayan binaların nə vaxt istiliklə təmin olunacağını öyrənmək üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Cəmiyyətin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirir ki, sovet dövründə- istilik təchizatının diqqətdən kənarda qaldığı bir vaxtda bəzi binalarda sakinlər mənzildaxili istilik sistemi borularını kəsib atıblar. Elə bu səbəbdən də Rafiq Əliyev, indi həmin binaları istiliklə təmin edə bilmədiklərini nəzərə çatdırır.

Rafiq Əliyev:

–  Mənzillərdə bir çoxları evlərini təmir edərkən istilik xətlərini  kəsib atmışdılar, yaşayış binalarının aşağı paylama istilik xətləri sıradan çıxmışdır. İstilik sistemi də belədir ki, bir blokda bir mənzil kəsdisə həmin girişdə sirkulyasiya sistemi pozulur, bütün mənzillər istilikdən məhrum olunur.

Yasamal rayon sakini Sevinc Kərimovanın şikayətinə münasibətini bildirən Rafiq Əliyev adı çəkilən ərazidə vəziyyətin yaxşı  olduğunu və digər rayonlarla müqayisədə burada istiliklə təmin olunan binaların sayca çox olduğunu bildirir.

Rafiq Əliyev:

– Yasamal rayonunda niyə şikayət olsun ki? Ümumiyyətlə, “Azəristiliktəchizat” mənbələrinə qoşulmuş yaşayış binalarının demək olar ki, 70%-i istiliklə təmin olunur. Yasamal rayonunda bu gün bizim 331 yaşayış binası istiliklə təmin olunur. Yəni Yasamal rayonu digər rayonlarla nisbətdə ən yaxşı göstəricilərdən biridir.

Kommunal məsələlər üzrə ekspert Ələkbər Ağasıyevin fikrincə isə yaxın gələcəkdə istilik təchizatla bağlı problem həll olunmayacaq. Çünki məsuliyyət daşımalı olan təchizatçı qurumlar vəzifələrini lazımınca yerinə yetirmirlər.

Ələkbər Ağasıyev:

– İstilik təchizatla əlaqədər yaranmış çoxillik problemlər dərinə kök salıb və şəxsən mən özüm deyirəm ki, bu yaxın bir neçə illər ərzində onların hər il xüsusəndə qış mövsümüdən əvvəl verdiyi vədlər ki, var ha “Bu il hər şey yaxşı olacaq” həmişə özlərinə də demişəm yalan deyirlər. Bu il də belə oldu. Bu problem indi də həll olunmayıb. Yaxın illərdə, yenə deyirəm, mən gözləmirəm. 

Sonda onu da qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanunun  8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan təchizatçı qurumlar öz fəaliyyətlərini elə qurmalıdırlar ki, istehlakçıları fasiləsiz və lazımi səviyyədə  kommunal xidmətlərlə təmin edə bilsinlər. Əgər istehlakçılara yararlı xidmət göstərilməzsə, bu halda təchizatçı qurumlar istehlakçıya dəyən zərərə görə təzminat ödəməlidirlər.


Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: ciprofloxacin 500 mg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.